Bakı. Trend:
2028-ci ilin iyun ayında inflyasiyanın 4,4 faiz olacağı gözlənilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
"2026 ci ilin sonuna inflayisyanın 6,1 faiz , 2027-ci ildə isə 5,8 faiz olacağı proqnozlaşdırılır", - sədr vurğulayıb.
Onun sözlərinə görə, 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5,8% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1%, ödənişli xidmətlər üzrə 5,6%, qeyri-qida məhsulları üzrə isə 3,8% olub. İllik baza inflyasiya 5,5% səviyyəsində formalaşıb.
"Ötən illərdə olduğu kimi, bu il də inflyasiya əsasən xarici və xərc təklifi amillərinin təsiri altında olub. Xarici təklif amillərinə baxdıqda, ilk növbədə ticarət tərəfdaşlarının orta çəkili inflyasiyasını qeyd edə bilərik. Mart ayının sonuna bu göstərici 7,7% təşkil edib ki, bu da ölkədə inflyasiyaya 2,84 faiz bəndi artırıcı təsir göstərib.
Xərc təklifi amillərinə gəldikdə isə burada əsasən kənd təsərrüfatı istehsalçı qiymətləri indeksini vurğulamaq istərdim. 2026-cı ilin ilk nəticələrinə əsasən həmin indeks 3,8% artıb. Bu isə inflyasiyaya 1,6 faiz bəndi həcmində artırıcı təsir göstərib.
Tələb amillərinə baxdıqda, burada dövlət və ev təsərrüfatlarının istehlakını qeyd etmək istərdim. Mart ayının nəticələrinə əsasən bu göstəricilər illik müqayisədə müvafiq olaraq 10,3% və 7,4% artıb. Bu isə birlikdə inflyasiyaya təxminən 2 faiz bəndi artırıcı təsir göstərib", - T.Kazımov bildirib.
AMB sədri vurğulayıb ki, illik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.
Qeyd edilib ki, 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5.8% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 3.8% olub. İllik baza inflyasiya 5.5% təşkil edib.
Daha əvvəl açıqlanan məlumatda Mərkəzi Bank ortamüddətli dövrdə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırıb.
“Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə illik inflyasiyanın 2026-cı ilin sonunda 6.1%, 12 ay sonra (yəni 2027-ci ilin iyun ayında) 6%, 2027-ci ilin sonunda isə 5.8% olacağı gözlənilir. Beləliklə, illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından hədəfə qayıdacağı gözlənilir. Qeyd edilməlidir ki, 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması proqnoz xətası səviyyəsindədir. İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin fəallaşmasından irəli gəlir ki, bu da ortamüddətli dövrdə qalıcı xarakter daşımır", - məlumatda qeyd edilib.
