Bakı. Trend:
İllik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib.
Qeyd edilib ki, 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5.8% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 3.8% olub. İllik baza inflyasiya 5.5% təşkil edib.
"Mərkəzi Bank ortamüddətli dövrdə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır. Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə illik inflyasiyanın 2026-cı ilin sonunda 6.1%, 12 ay sonra (yəni 2027-ci ilin iyun ayında) 6%, 2027-ci ilin sonunda isə 5.8% olacağı gözlənilir. Beləliklə, illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından hədəfə qayıdacağı gözlənilir. Qeyd edilməlidir ki, 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması proqnoz xətası səviyyəsindədir. İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin fəallaşmasından irəli gəlir ki, bu da ortamüddətli dövrdə qalıcı xarakter daşımır", - məlumatda qeyd edilib.
