Professor İsfəndiyar Ağayevin “Cinayət hüququ. Ümumi hissə” kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 31 İyul 2026 14:12 (UTC +04:00)
Professor İsfəndiyar Ağayevin “Cinayət hüququ. Ümumi hissə” kitabının təqdimatı keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində hüquq üzrə elmlər doktoru, professor İsfəndiyar Ağayevin müəllifi olduğu “Cinayət hüququ. Ümumi hissə” kitabının təqdimat mərasimi keçirilib.

Trend-in təqdimatda iştirak edən müxbirinin xəbərinə görə, tədbirdə DTX-nin Heydər Əliyev adına Akademiyasının rəhbərliyi, hüquq ictimaiyyətinin nümayəndələri, elm adamları, hüquqşünaslar, ali təhsil müəssisələrinin müəllimləri, tələbələr və digər qonaqlar iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən professor İsfəndiyar Ağayev bildirib ki, təqdim olunan nəşr sadəcə yeni bir dərslik deyil, Azərbaycan hüquq elminin inkişafına xidmət edən yeni elmi yanaşmanın ifadəsidir.

Onun sözlərinə görə, uzun illər Azərbaycan hüquq elmi sovet hüquq məktəbinin təsiri altında formalaşsa da, müasir dövrdə milli hüquq elmi dünyanın qabaqcıl hüquq məktəblərinin nailiyyətləri ilə zənginləşdirilməlidir.

“Bu kitabı sadəcə bir kitab təqdimatı kimi qiymətləndirmək olmaz. Burada Azərbaycan hüququnun gələcəyinə hesablanmış ideyalar var. Mən bunu Azərbaycanın hüquqi düşüncəsində mühüm dönüşün başlanğıcı hesab edirəm”, – deyə professor vurğulayıb.

İ.Ağayev qeyd edib ki, Almaniyada elmi fəaliyyəti dövründə Avropa, xüsusilə Almaniya hüquq doktrinasını dərindən öyrənməsi onun hüquqa baxışını dəyişib və bu təcrübə dərsliyin hazırlanmasında mühüm rol oynayıb.

Professor bildirib ki, məqsəd mövcud hüquq məktəbini inkar etmək deyil, klassik elmi irsi qorumaqla Azərbaycan hüququnu yeni anlayışlar, terminlər və konsepsiyalar hesabına zənginləşdirməkdir.

DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi, general-mayor Elşad Nəsirov çıxışında bildirib ki, Azərbaycanda hüquq elminin tarixi nisbətən gənc olsa da, müstəqillik illərində milli hüquq məktəbinin formalaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Onun sözlərinə görə, hüquq yalnız qanunlardan ibarət deyil.

“Hüquq təkcə qanunlardan və normativ hüquqi aktlardan ibarət deyil. Hüquq həm də düşüncədir, hüquq həm də fəlsəfədir", – deyə E.Nəsirov vurğulayıb.

General-mayor qeyd edib ki, sanballı dərsliyin hazırlanması uzun illərin elmi fəaliyyəti, müəllimlik təcrübəsi və hüquq fəlsəfəsinin dərindən mənimsənilməsini tələb edir. O, İsfəndiyar Ağayevin uzun illər ardıcıl elmi fəaliyyət göstərdiyini, yaradıcı və prinsipial alim kimi tanındığını bildirib.

Tədbirdə həmçinin Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, əməkdar elm xadimi Vaqif Şadlinski, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Firuzə Abbasova, Vəkillər Kollegiyasının sədr müavini - Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev, Milli Məclisin VI çağırış deputatı Etibar Əliyev və ehtiyatda olan polkovnik Sucəddin Abdullayev çıxış edərək professor İsfəndiyar Ağayevi yeni nəşrin işıq üzü görməsi münasibətilə təbrik edib, kitabın Azərbaycan hüquq elminin və hüquq təhsilinin inkişafına mühüm töhfə verəcəyini bildiriblər.

Çıxışlarda vurğulanıb ki, “Cinayət hüququ. Ümumi hissə” dərsliyi növbəti akademik nəşr olmaqla yanaşı, Azərbaycan cinayət hüququ nəzəriyyəsinin beynəlxalq elmi mühitlə inteqrasiyasına xidmət edən mühüm elmi əsərdir. Bildirilib ki, müəllif klassik hüquq məktəbinin ənənələrini müasir hüquqi yanaşmalarla uzlaşdıraraq cinayət hüququnun ümumi hissəsinə dair nəzəri məsələləri sistemli şəkildə təqdim edib.

Qeyd olunub ki, əsərdə hüquq normalarının izahı ilə kifayətlənilməyib, onların hüquq fəlsəfəsi, beynəlxalq hüquq doktrinası və müasir elmi yanaşmalar fonunda təhlili aparılıb. Bu baxımdan kitabın yalnız ali məktəb tələbələri üçün deyil, həm də hakimlər, prokurorlar, vəkillər, hüquq-mühafizə orqanlarının əməkdaşları və elmi tədqiqatçılar üçün etibarlı mənbə olduğu vurğulanıb.

Çıxış edənlər bildiriblər ki, müasir dövrdə transmilli cinayətkarlıq, beynəlxalq terrorizm və digər qlobal təhdidlər cinayət hüququnun daim yenilənməsini zəruri edir. Bu baxımdan təqdim olunan dərsliyin müasir hüquqi çağırışları nəzərə alaraq hazırlanması, beynəlxalq təcrübəyə və qabaqcıl hüquq doktrinalarına geniş istinad etməsi onun elmi və praktik əhəmiyyətini daha da artırır.

Vurğulanıb ki, nəşr milli hüquq təhsilinin inkişafına, hüquqi düşüncənin formalaşmasına və gələcək hüquqşünasların peşəkar hazırlığına mühüm töhfə verəcək sanballı elmi əsərlərdən biridir.

Məlumat üçün bildirək ki, kitab Elm və Təhsil Nazirliyinin 25 dekabr 2025-ci il tarixli əmri ilə ali təhsil müəssisələrinin tələbələri üçün dərslik kimi təsdiq edilib.

Nəşrdə cinayət hüququnun ümumi hissəsinə aid nəzəri və praktiki məsələlər müasir hüquqi yanaşmalar əsasında şərh olunub. Müəllif kitabda milli qanunvericiliklə yanaşı beynəlxalq hüquq təcrübəsinə də geniş yer verib.

Qeyd edək ki, İsfəndiyar Ağayev hüquq üzrə elmlər doktoru, professordur. O, cinayət hüququ, beynəlxalq cinayət hüququ və cəza-icra hüququ sahələrində 20-dən artıq kitabın və 200-dən çox elmi məqalənin müəllifidir. Müəllifin elmi əsərləri Azərbaycandan kənarda da nəşr olunub və beynəlxalq elmi dairələrdə istinad mənbələri kimi istifadə edilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti