Hesablama Palatası ARDNF-yə daşınmaz əmlak investisiyalarının gəlirliliyinin ayrıca qiymətləndirilməsini tövsiyə edib

İqtisadiyyat Materials 31 İyul 2026 16:10 (UTC +04:00)
Hesablama Palatası ARDNF-yə daşınmaz əmlak investisiyalarının gəlirliliyinin ayrıca qiymətləndirilməsini tövsiyə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) daşınmaz əmlak alt portfelinin gəlirliliyinin infrastruktur investisiyalarının yenidən təsnifləşdirilməsi hesabına formalaşdığını nəzərə alaraq, aktiv sinifləri üzrə gəlirlilik göstəricilərinin ayrıca izlənilməsini və investisiyaların faktiki iqtisadi səmərəliliyinin qiymətləndirilməsini tövsiyə edib.

Bu barədə Hesablama Palatasının ARDNF vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, Fondun investisiya portfelində qızıl aktivlərinin xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artması, borc öhdəlikləri və pul bazarları alt portfelində yüksək likvid və yüksək reytinqli aktivlərin payının azalması, həmçinin özəl səhmlər və daşınmaz əmlak alt portfellərinin gəlirliliyinin qəbul edilmiş risk səviyyəsi və investisiya məqsədlərinə uyğunluğunun qiymətləndirilməsi zəruridir.

Bu baxımdan Hesablama Palatası müvafiq alt portfellər üzrə fəaliyyətin qiymətləndirilməsi və inkişaf meyllərinin izlənilməsi üçün adekvat müqayisə meyarlarının (bençmarkların) tətbiqini, həmin meyarların portfelin real gəlirliliyinin obyektiv qiymətləndirilməsinə xidmət etməsini, dövlət büdcəsinə transfert öhdəlikləri ilə investisiya strategiyası arasında tarazlığın qorunmasını, eləcə də likvidliyin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsini məqsədəuyğun hesab edib.

Hesabata əsasən, 2025-ci il dekabrın 31-nə ARDNF-nin daşınmaz əmlak komplekslərinə yatırdığı investisiyaların ümumi dəyəri 4 milyard 752,8 milyon ABŞ dolları təşkil edib.

Fondun daşınmaz əmlak portfelinə Londonun Vest End rayonunda yerləşən St. James's Street 78 ünvanındakı ofis kompleksi, Moskvanın "Qalereya Aktyor" ofis-ticarət mərkəzi, Parisdəki Vendom meydanı 8 ünvanında yerləşən daşınmaz əmlak kompleksi və Tokiodakı ticarət mərkəzi daxildir.

Bundan başqa, portfelə PGIM, PAG, E-Shang Redwood, Gaw Capital, Blackstone, BlackRock, Walton Street, Ares, BentallGreenOak, Starwood, Angelo Gordon, Prologis, Brookfield, EQT, Global Infrastructure Partners (GIP) və digər beynəlxalq fondlar vasitəsilə investisiyalar, eləcə də "Azerbaijan Rigs" MMC-yə, Enfinity Global şirkətinin bərpa olunan enerji layihəsinə və bir sıra müştərək investisiya layihələrinə yatırımlar daxildir.

Audit zamanı müəyyən edilib ki, 2025-ci ildə aktivlərin yenidən təsnifləşdirilməsi nəticəsində əvvəllər səhmlər alt portfelində uçota alınan 571,1 milyon ABŞ dolları məbləğində investisiyalar daşınmaz əmlak alt portfelinə köçürülərək "İnfrastruktur investisiyaları" adı altında ayrıca qruplaşdırılıb.

Hesabat ilində bu investisiyalar üzrə 10,8 faiz gəlirlilik əldə olunub və bunun nəticəsində daşınmaz əmlak alt portfelinin ümumi gəlirliliyi müsbət formalaşıb.

Lakin Hesablama Palatası qeyd edib ki, infrastruktur investisiyalarının təsiri nəzərə alınmadıqda, daşınmaz əmlak alt portfelinin faktiki gəlirliliyi mənfi 0,02 faiz, müştərək investisiyalar üzrə gəlirlilik isə mənfi 9,1 faiz təşkil edib.

Auditin nəticələrinə görə, aktivlərin yenidən təsnifləşdirilməsi ümumi gəlirlilik göstəricilərini yaxşılaşdırsa da, portfelin əsas hissəsini təşkil edən mövcud daşınmaz əmlak və müştərək investisiya seqmentlərinin fəaliyyət göstəriciləri zəif olaraq qalır.

Hesabata əsasən, 2025-ci il dekabrın 31-nə daşınmaz əmlak alt portfelində birbaşa investisiyaların payı 15,3 faiz olub. Məzənnə fərqi nəzərə alınmadan həmin investisiyalar üzrə gəlirlilik isə 5,2 faiz təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti