Qarabağ Zəfəri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının başını ucaldan tarixi hadisədir - Musa Qasımlı

Cəmiyyət Materials 2 Avqust 2026 13:01 (UTC +04:00)
Qarabağ Zəfəri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının başını ucaldan tarixi hadisədir - Musa Qasımlı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Zəngilan. Trend:

Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, həm də bütün türk dünyasının başını ucaldan, beynəlxalq miqyasda böyük siyasi əhəmiyyət daşıyan tarixi hadisədir.

Trend-in Zəngilana ezam olunan müxbirinin xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində deyib.

O bildirib ki, diaspor gəncləri Azərbaycanın keçdiyi tarixi yolu dərindən bilməli, ölkənin qazandığı nailiyyətləri yaşadıqları ölkələrdə düzgün təqdim etməlidirlər.

“Siz iki fərqli mənzərənin şahidi oldunuz. Bir tərəfdə işğalın törətdiyi dağıntılar, vandalizm və barbarlıq, digər tərəfdə isə quruculuq, inkişaf və Azərbaycan xalqının yaratdığı yeni reallıq var. Bu fərqi görmək və dünyaya çatdırmaq vacibdir”, - deyə o bildirib.

M.Qasımlı qeyd edib ki, Azərbaycanın yaxın tarixində 1920-ci il işğalı, Zəngəzurun Ermənistana verilməsi və Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması milli dövlətçiliyə qarşı yönəlmiş qərarlar idi.

“Zəngəzurun verilməsində əsas məqsəd Türkiyə ilə Türk dünyası arasında quru əlaqəsini kəsmək idi. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması isə uzunmüddətli geosiyasi planların tərkib hissəsi idi”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, 1990-cı ilin 20 Yanvar hadisələri və sonrakı dövrdə Ulu Öndər Heydər Əliyevin fəaliyyəti Azərbaycanın müstəqillik yolunda həlledici mərhələlərdən olub.

M.Qasımlı bildirib ki, 1993-cü ildə ölkədə dərin siyasi böhran yaşanarkən Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunmasını təmin etdi.

“Horadiz əməliyyatı, atəşkəsin əldə olunması və “Əsrin müqaviləsi” Azərbaycanın gələcək inkişaf strategiyasının əsasını təşkil etdi. Bu gün ölkədə gördüyümüz inkişafın təməlində həmin uzaqgörən siyasət dayanır”, - deyə o qeyd edib.

Milli Məclisin sədr müavini vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının tarixində mühüm hadisədir.

“Torpaqların işğaldan azad edilməsi sadəcə Qarabağın və Şərqi Zəngəzurun azad olunması demək deyil. Bu, bütün türk dünyasının başını ucaldan hadisədir, eyni zamanda dünyada ədalətin və beynəlxalq hüququn bərpasının nümunəsidir”, - deyə o bildirib.

Onun sözlərinə görə, qələbə yalnız güclü ordu hesabına deyil, həm də uğurlu siyasi və diplomatik strategiya nəticəsində əldə olunub.

“Bu qələbə həm hərbi, həm diplomatik, həm də ideoloji mübarizənin nəticəsi idi”, - deyə M.Qasımlı vurğulayıb.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin miqyası dünya təcrübəsində nadir nümunələrdəndir.

“Dünyada ikinci bir dövlət göstərmək çətindir ki, bir milyondan çox məcburi köçkünü öz imkanları hesabına dəstəkləsin, müharibəni xarici yardım olmadan qalibiyyətlə başa vursun və ardınca işğaldan azad edilmiş əraziləri dövlət büdcəsi hesabına yenidən qursun. Burada təkcə infrastruktur deyil, mədəniyyət, elm, təhsil və normal həyat bərpa olunur”, - deyə o bildirib.

Milli Məclisin sədr müavini diaspor gənclərini xaricdə Azərbaycanın milli maraqlarını fəal şəkildə müdafiə etməyə çağırıb.

“Harada yaşamağınızdan və fəaliyyət göstərməyinizdən asılı olmayaraq, Azərbaycanı, dövlətimizi və bayrağımızı layiqincə təmsil etməlisiniz. Azərbaycana qarşı əsassız iddialara və qarayaxma kampaniyalarına faktlarla cavab vermək hər bir azərbaycanlının, xüsusilə də gənclərin mühüm vəzifəsidir”, - deyə M.Qasımlı bildirib.

Xəbər lenti

Xəbər lenti