Bakı.Trend:
Son illər Azərbaycan və Qırğızıstan ikitərəfli əməkdaşlığı əhəmiyyətli dərəcədə fəallaşdırıb. Nəqliyyat dəhlizlərinin, investisiya layihələrinin və ticarət-iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, ölkələr qarşılıqlı fəaliyyətin yeni istiqamətini – energetika sahəsini formalaşdırmağa başlayırlar. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində neft məhsulları sahəsində əməkdaşlığa dair imzalanmış memorandum siyasi razılaşmalardan konkret iqtisadi layihələrin həyata keçirilməsi mərhələsinə keçidin göstəricisidir.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilən 15 sənədin mübadiləsi mərasimində Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın Energetika naziri Altınbek Rısbekov Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğızıstan Respublikasının Energetika Nazirliyi arasında neft məhsullarının tədarükü sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, həmçinin Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında energetika sahəsində 2026–2028-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsini mübadilə ediblər.
İlk baxışdan söhbət çərçivə xarakterli sənədlərdən gedir. Lakin əslində onların əhəmiyyəti daha genişdir. Bu sənədlər regionun enerji xəritəsində baş verən dəyişiklikləri əks etdirir. Belə ki, yanacaq tədarükünün şaxələndirilməsi məsələləri artıq nəqliyyat marşrutlarının və ticarət əlaqələrinin inkişafı qədər mühüm əhəmiyyət kəsb edir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, imzalanma mərasimindən sonra Qırğızıstanın energetika naziri Altınbek Rısbekov Trend-in xüsusi müxbirinin suallarını cavablandırarkən artıq ümumi perspektivlərdən deyil, əldə olunmuş razılaşmaların praktik icrasından danışıb. Onun sözlərinə görə, tərəflər yaxın vaxtlarda əməkdaşlığın konkret mexanizmlərini, tədarük həcmlərini müəyyənləşdirəcək və memorandumun icrasına dair yol xəritəsini hazırlayacaqlar.
"Bugünkü memorandum bizə yaxşı, sıx tərəfdaşlıq münasibətləri qurmaq imkanı verəcək. Söhbət məhz neft məhsullarının tədarükü sahəsində əməkdaşlıqdan gedir. Artıq ilkin razılaşmalarımız var. İndi isə həyata keçirmə mexanizmlərini - tədarüklərin necə həyata keçiriləcəyi və bundan sonra hansı istiqamətdə irəliləyəcəyini işləyib hazırlamalıyıq", – deyə o bildirib.
Nazir əlavə edib ki, oxşar işlər elektroenergetika sahəsində də aparılır. Bu istiqamətdə tərəflər yol xəritəsi də imzalayıblar. Onun sözlərinə görə, Qırğızıstan bu sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
"Düşünürəm ki, gələcəkdə ölkələrimiz arasında həm neft məhsulları, həm də energetika sahəsində yaxşı və dostluq münasibətləri formalaşacaq", – deyə o vurğulayıb.
Altınbek Rısbekov qeyd edib ki, hazırda neft məhsullarının tədarük həcmləri ilə bağlı ilkin danışıqlar aparılır. Tərəflər artıq qarşılıqlı niyyətlərini ifadə ediblər və yaxın vaxtlarda konkret tədarük həcmləri, eləcə də onların həyata keçirilməsi mexanizmləri müəyyənləşdiriləcək.
"Müddətlərə gəlincə, bu gün ikitərəfli görüşlər zamanı müvafiq tapşırıqlar verilib. Yaxın günlərdə mexanizmlər dəqiq şəkildə müəyyənləşdiriləcək. Düşünürəm ki, təxminən bir həftə ərzində konkret yol xəritəsi hazırlanacaq və əməkdaşlığın dəqiq mexanizmi məlum olacaq. Söhbət neft məhsulları, neft, eləcə də energetika sahəsində əməkdaşlıqdan gedir", – deyə nazir bildirib.
Belə yanaşma onu göstərir ki, Bakı və Bişkek siyasi razılaşmaları mümkün qədər qısa müddətdə praktik əməkdaşlığa çevirmək niyyətindədir.
Qırğızıstan niyə yeni tərəfdaşlar axtarır?
Sənədin imzalanması Qırğızıstan üçün kifayət qədər mürəkkəb dövrə təsadüf edib.
Uzun illər ərzində respublika demək olar ki, tamamilə Rusiyadan yanacaq idxalından asılı olub. Hazırda ölkədə illik yanacaq-sürtkü materiallarına tələbat təxminən 1,6 milyon ton təşkil edir və tədarükün 90–95 faizi ənənəvi olaraq məhz Rusiya bazarının payına düşür. Bu model uzun müddət effektiv sayılsa da, son hadisələr onun zəif tərəflərini üzə çıxarıb.
Rusiyada neft emalının həcminin azalması, yanacaq ixracına tətbiq edilən müvəqqəti məhdudiyyətlər və daxili bazarda gərginliyin artması Mərkəzi Asiya ölkələrinə də təsirsiz ötüşməyib. Alternativ tədarük mənbələrinin kifayət qədər olmaması səbəbindən Qırğızıstan bu dəyişikliklərə ən həssas ölkələrdən birinə çevrilib.
Hakimiyyətin cavabı bir neçə istiqamətdə olub. Hökumət daxili bazarın təminatını qorumaq məqsədilə neftin və əksər neft məhsullarının ixracına müvəqqəti qadağa tətbiq edib. Bununla yanaşı, dövlət yanacaq ehtiyatları artırılıb, iri neft treyderləri ilə sosial əhəmiyyətli yanacaq növlərinin qiymətlərinin sabit saxlanılması barədə razılıq əldə olunub, həmçinin potensial tədarükçülərin coğrafiyası genişləndirilib. Hazırda Qırğızıstan Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus və Çinlə danışıqlar aparır.
Beləliklə, Azərbaycanla imzalanan memorandum ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş daha geniş strategiyanın tərkib hissəsinə çevrilib.
Niyə məhz Azərbaycan seçildi?
Son illər Azərbaycan Avrasiya məkanında ən etibarlı enerji resursları təchizatçılarından biri kimi mövqeyini daha da gücləndirib.
Əvvəllər Bakının enerji əməkdaşlığı əsasən Avropa istiqamətində cəmləşsə də, hazırda respublika Mərkəzi Asiya məkanında da iştirakını mərhələli şəkildə genişləndirir. Buna bir sıra amillər şərait yaradır.
İlk növbədə, Azərbaycanın kifayət qədər zəngin resurs bazası mövcuddur.
2026-cı ilin birinci yarısının yekunlarına əsasən, ölkədən ümumi dəyəri 6,2 milyard ABŞ dollarından çox olan 10,1 milyon tondan artıq xam neft və neft məhsulları ixrac edilib. Eyni dövrdə neft və qaz kondensatı hasilatı 13,27 milyon ton təşkil edib, neft emalı məhsullarının istehsal dəyəri isə 2,9 milyard manatı ötüb.
İkincisi, Azərbaycan bu gün təkcə iri enerji istehsalçısı deyil, həm də Avropa ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat-logistika qovşağıdır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı, dəmir yolu infrastrukturunun modernləşdirilməsi və Orta Dəhlizin fəal şəkildə inkişaf etdirilməsi Xəzər dənizi vasitəsilə yükdaşımalar üçün əlavə imkanlar yaradır. Region ölkələrinin ticarət və enerji marşrutlarını şaxələndirməyə çalışdığı bir dövrdə məhz bu infrastruktur Azərbaycanın əsas üstünlüklərindən birinə çevrilir.
Son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi və iqtisadi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə genişlənib. Əvvəllər bu əməkdaşlığın əsas hərəkətverici qüvvəsi nəqliyyat layihələri və Orta Dəhlizin inkişafı idisə, bu gün qarşılıqlı fəaliyyət tədricən yeni ölçü qazanır – enerji əməkdaşlığı.
Qırğızıstan üçün Azərbaycanla tərəfdaşlıq bir tədarükçüdən asılılığın azaldılması və yanacaq təminatı sisteminin daha dayanıqlı hala gətirilməsi deməkdir. Azərbaycan üçün isə bu əməkdaşlıq Mərkəzi Asiyada enerji mövcudluğunu genişləndirmək, ölkənin təkcə neft və qaz ixracatçısı deyil, həm də regional enerji arxitekturasının mühüm iştirakçısı statusunu möhkəmləndirmək baxımından yeni perspektivlər açır.
Əsas məsələ - Logistika
Memorandumun imzalanmasından sonra yaranan əsas sual Azərbaycan neft məhsullarının Qırğızıstan bazarına hansı marşrutla çatdırılacağıdır.
Azərbaycanın ənənəvi ixrac istiqamətlərindən fərqli olaraq, burada əsas rol boru kəmərlərinə deyil, dəniz və dəmir yolu nəqliyyatından istifadə edilən multimodal daşımalar modelinə verilə bilər.
Ən real marşrut Xəzər dənizi üzərindən keçən istiqamət hesab olunur. Neft məhsulları Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə dəniz yolu ilə Azərbaycandan Qazaxıstana çatdırıla, daha sonra isə dəmir yolu ilə Qırğızıstana göndərilə bilər. Faktiki olaraq söhbət son illərdə təkcə ticarət deyil, həm də Qafqazla Mərkəzi Asiya arasında strateji nəqliyyat marşrutu kimi inkişaf etdirilən Orta Dəhliz infrastrukturundan istifadə edilməsindən gedir.
Bu variant bir sıra üstünlüklərə malikdir.
Birincisi, Qırğızıstan əlavə yanacaq tədarük mənbəyi əldə edərək bir tədarükçüdən asılılığını azaldır. Neft məhsulları bazarının 95 faizədək hissəsinin ənənəvi olaraq Rusiya idxalı hesabına təmin olunduğu ölkə üçün bu, bütövlükdə enerji təminatı sisteminin dayanıqlığının artması deməkdir. İkincisi, Azərbaycan neft məhsulları ixracının coğrafiyasını genişləndirmək imkanı qazanır.
Nəhayət, belə tədarüklər Orta Dəhlizə yeni məzmun qazandıra bilər. İndiyədək bu marşrut əsasən konteyner daşımaları ilə assosiasiya olunurdu. Neft məhsullarının daşınmasının inkişafı isə nəqliyyat infrastrukturunun iqtisadi yüklənməsini əhəmiyyətli dərəcədə artırmağa və daşınan yüklərin çeşidini genişləndirməyə imkan verə bilər.
Şübhəsiz ki, tərəflər qarşıda duran bir sıra praktik məsələləri – kommersiya şərtlərinin müəyyənləşdirilməsi, daşınma tariflərinin razılaşdırılması, fasiləsiz logistikanın təmin edilməsi və marşrutun iqtisadi səmərəliliyinin qiymətləndirilməsi kimi məsələləri həll etməlidirlər. Məhz buna görə də Qırğızıstanın energetika naziri Altınbek Rısbekov memorandumun imzalanmasından sonra yaxın vaxtlarda əməkdaşlığın konkret mexanizmlərinin, tədarük həcmlərinin müəyyənləşdiriləcəyini və sazişin icrasına dair yol xəritəsinin hazırlanacağını xüsusi vurğulayıb.
Böyük enerji layihələrinin tarixi ilk tanker və ya yanacaq daşıyan ilk qatarla deyil, uzunmüddətli əməkdaşlıq barədə qəbul olunan siyasi qərarla başlayır. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan sənədlər də məhz belə bir siyasi qərarın ifadəsidir.
