Bakı. Trend:
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə
təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal mediada ədəbi
dil standartları: müasir yazı texnikası və praktik redaktə”
mövzusunda keçirilən təlimlər uğurla yekunlaşıb.
Trend-in
təlimdəki müxbiri xəbər verir ki, ikigünlük təlim çərçivəsində
rəqəmsal media mühitində ədəbi dil normalarının qorunması, müasir
yazı texnikası və praktik redaktənin əsas prinsipləri, sosial
şəbəkə alqoritmlərinin və süni intellekt əsaslı məzmunun ədəbi dilə
təsiri, medianın bu sahədə öhdəlikləri kimi aktual mövzular
müzakirə edilib. Qeyd olunub ki, rəqəmsal transformasiya şəraitində
ədəbi dil normalarına riayət olunması, peşəkar yazı və redaktə
bacarıqlarının təkmilləşdirilməsi media məzmununun keyfiyyətinin
yüksəldilməsi və milli dil dəyərlərinin qorunması baxımından mühüm
əhəmiyyət daşıyır.
30 və 31 iyul tarixlərində keçirilən təlim çərçivəsində media
nümayəndələri üçün “Müasir dövrdə ədəbi dilin praktik işlənmə
səviyyəsi: rəqəmsal təhdidlər və imkanlar”, “Süni intellekt əsaslı
məzmun və sosial şəbəkə alqoritimlərinin ədəbi dilə təsiri”, “Ədəbi
dilin qorunmasında medianın öhdəlikləri” mövzuları üzrə sessiyalar,
eləcə də nəzəri biliklərin möhkəmləndirilməsinə həsr olunan vörkşop
təşkil olunub.
