Bakı. Trend:
Həftəsonu ilə əlaqədar bölgələrə səfərlərin artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir.
Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və piyadalara müraciət edib.
Bildirilib ki, artan hərəkət intensivliyi bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb edir. Bu səbəbdən səfərə çıxmağı planlaşdıran sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırılıb.
Qeyd olunub ki, uzun məsafəli səfər yalnız nəqliyyat vasitəsinin texniki sazlığını deyil, həm də sürücünün fiziki və psixoloji hazırlığını tələb edir. Yorğun, yuxusuz və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına əyləşməyin yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırdığı vurğulanıb.
BDYPİ sürücülərə səfər zamanı yol və hava şəraitinə uyğun sürət həddinə riayət etməyi, ara məsafəsini qorumağı, təhlükəli ötmə və manevrlərdən çəkinməyi, həmçinin sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durmağı tövsiyə edib.
İdarə piyadalara müraciətində isə avtomobil yollarında yolun müəyyən edilməmiş hissəsindən keçməyin, nəqliyyat vasitələrinin sürətini düzgün qiymətləndirmədən hərəkət zolağına çıxmağın, eləcə də mobil telefondan və digər diqqəti yayındıran vasitələrdən istifadə etməyin ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola biləcəyini diqqətə çatdırıb.
Müraciətdə piyadalara yolun yalnız müəyyən olunmuş yerlərindən keçmək, yolu keçməzdən əvvəl sürücülərlə vizual təmas yaratmaq və hərəkətin təhlükəsiz olduğuna əmin olduqdan sonra yolu keçmək tövsiyə olunub.
Baş Dövlət Yol Polisi İdarəsi sonda bütün sürücüləri və piyadaları yollarda qarşılıqlı hörmət və anlayış nümayiş etdirməyə, tələskənlikdən və riskli davranışlardan çəkinməyə çağırıb.
