Azərbaycan və Qırğızıstan strateji tərəfdaşlıqdan müttəfiqliyə keçir - Azər Qarayev

Siyasət Materials 1 Avqust 2026 20:16 (UTC +04:00)
Azərbaycan və Qırğızıstan strateji tərəfdaşlıqdan müttəfiqliyə keçir - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi tarixə düşdü. Çolpon-Atada keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan sənədlər paketi və qəbul olunan qərarlar göstərdi ki, Bakı ilə Bişkek artıq strateji tərəfdaşlıq çərçivəsini geridə qoyaraq münasibətlərini rəsmi müttəfiqlik səviyyəsinə yüksəldiblər. Bu isə təkcə siyasi bəyanat deyil, konkret iqtisadi, nəqliyyat, enerji, humanitar və təhlükəsizlik layihələri ilə müşayiət olunan uzunmüddətli əməkdaşlıq modelidir.

Bunu Trend-ə politoloq Azər Qarayev.

"Səfərin ən mühüm nəticəsi Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bununla yanaşı, Dövlətlərarası Şuranın üçüncü iclasının qərarı qəbul edildi və iki ölkə arasında müxtəlif sahələri əhatə edən geniş sənədlər paketi mübadilə olundu. Bu sənədlər iqtisadiyyat, beynəlxalq avtomobil daşımaları, logistika, gəmiçilik, energetika, kibertəhlükəsizlik, maliyyə bazarlarının tənzimlənməsi, statistika, şəhərlərin qardaşlaşması və mədən sənayesi kimi istiqamətləri əhatə edir", - o bildirib.

Onun sözlərinə görə, son illər Azərbaycan və Qırğızıstan arasında münasibətlərin inkişaf dinamikası təsadüfi deyil.

"Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimad və şəxsi münasibətlər ikitərəfli əməkdaşlığın sürətlənməsində mühüm rol oynayır. Son illərdə liderlərin qarşılıqlı səfərləri, müntəzəm görüşləri və beynəlxalq platformalarda təmasları münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaradıb. Çolpon-Atada keçirilən Dövlətlərarası Şuranın iclasında Prezident İlham Əliyev münasibətlərin mahiyyətini belə ifadə etdi: "Münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldirik. Bu, qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir. Bu, həm münasibətlərimizin xarakterini, həm də ruhunu əks etdirir". Bu fikir imzalanan sənədlərin siyasi mənasını tam şəkildə ifadə edir. Qırğızıstan Prezidenti Sadır Japarov da çıxışlarında dəfələrlə vurğuladı ki, iki ölkə arasında həll edilməmiş heç bir məsələ yoxdur və münasibətlər tam qarşılıqlı etimad üzərində qurulub. Onun sözlərinə görə, məhz bu mühit yeni təşəbbüslərin reallaşdırılmasına və əməkdaşlığın genişlənməsinə imkan yaradır", - A.Qarayev bildirib.

Politoloq qeyd edib ki, səfərin iqtisadi nəticələri də xüsusi diqqət çəkir.

"Prezident İlham Əliyevin açıqladığı kimi, Azərbaycan-Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılması barədə qərar qəbul olunub və fondun həcmi 200 milyon dollara çatdırılıb. Artıq fond çərçivəsində bir neçə layihə həyata keçirilib, yeni təşəbbüslərə isə start verilib. Bu qərar göstərir ki, tərəflər münasibətləri yalnız siyasi dialoq səviyyəsində deyil, real iqtisadi layihələr vasitəsilə də möhkəmləndirmək niyyətindədir.

Nəqliyyat və logistika əməkdaşlığı da yeni mərhələyə daxil olur. Orta Dəhlizin əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Avropa ilə birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilib. Çolpon-Atada aparılan danışıqlarda beynəlxalq avtomobil daşımaları, yükdaşımalar, logistika və nəqliyyat dəhlizlərinin inkişafı xüsusi yer tutdu. Bu istiqamətdə əməkdaşlığın genişlənməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə Türk dünyasının nəqliyyat inteqrasiyası baxımından da əhəmiyyət daşıyır", - o bildirib.

A.Qarayev vurğulayıb ki, energetika da prioritet istiqamətlər sırasındadır.

"Tərəflər neft məhsullarının tədarükü, energetika sahəsində əməkdaşlıq və 2026–2028-ci illəri əhatə edən Yol Xəritəsi üzrə razılığa gəliblər. Bununla yanaşı, kibertəhlükəsizlik, maliyyə bazarlarının tənzimlənməsi və rəqəmsal sahədə əməkdaşlıq da ikitərəfli gündəliyin vacib hissəsinə çevrilir.

Münasibətlərin inkişafında humanitar əməkdaşlıq xüsusi yer tutur. Qarabağın bərpasında Qırğızıstanın iştirakı bunun ən parlaq nümunələrindəndir. Ağdamda Qırğızıstanın dəstəyi ilə tikilmiş "Manas" məktəbi artıq fəaliyyət göstərir və iki xalqın dostluğunun simvollarından birinə çevrilib. Digər tərəfdən, İssık-Kul gölünün sahilində Azərbaycan tərəfindən inşa olunan beşulduzlu "Bakı" hoteli də bu əməkdaşlığın qarşılıqlı xarakter daşıdığını nümayiş etdirir.

Şəhərlərin qardaşlaşması barədə imzalanan memorandumlar – Şuşa ilə Çolpon-Ata, Qəbələ ilə Karakol, Gəncə ilə Oş arasında əlaqələrin qurulması – münasibətlərin yalnız dövlətlərarası deyil, regionlararası və bələdiyyələr səviyyəsində də inkişaf etdirilməsinə xidmət edəcək", - politoloq bildirib.

Onun sözlərinə görə, səfərin diqqətçəkən məqamlarından biri də prezidentlərin qarşılıqlı şəkildə ölkələrinin ali dövlət mükafatları ilə təltif olunması oldu.

"Prezident İlham Əliyevə Qırğızıstanın I dərəcəli "Manas" ordeni, Prezident Sadır Japarova isə Azərbaycanın "Heydər Əliyev" ordeni təqdim edildi. Bu addım iki lider arasında yüksək etimadın və ölkələr arasında formalaşmış qardaş münasibətlərinin siyasi rəmzi kimi qiymətləndirilir", - o bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin son illərdə ardıcıl şəkildə genişlənməsi fonunda Qırğızıstanla əməkdaşlıq da daha geniş regional kontekstdə əhəmiyyət qazanır.

"Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının görüş formatına qoşulması, Orta Dəhliz üzrə artan əməkdaşlıq, Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiya və birgə iqtisadi layihələr Bakı ilə Bişkekin əməkdaşlığını ikitərəfli münasibətlərdən daha geniş geosiyasi müstəviyə çıxarır. Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi, "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik". Çolpon-Atada əldə olunan nəticələr göstərir ki, Azərbaycan və Qırğızıstan münasibətləri artıq yeni hüquqi baza, geniş iqtisadi gündəlik və qarşılıqlı siyasi etimad üzərində qurulan uzunmüddətli müttəfiqlik mərhələsinə qədəm qoyub. Bu əməkdaşlığın yaxın illərdə həm iki ölkənin inkişafına, həm də Türk dünyasında inteqrasiyanın daha da güclənməsinə mühüm töhfə verəcəyi gözlənilir", - politoloq əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti