Bakı.Trend:
Azərbaycanda "MasterCard" kartları ilə aparılmış əməliyyatların həcmi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, cari ilin iyun ayının sonuna Azərbaycanda rezident maliyyə institutları tərəfindən emissiya edilmiş "MasterCard" kartları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) vasitəsilə ümumilikdə 88,587 milyon əməliyyat həyata keçirilib. Bu əməliyyatların ümumi həcmi 4,845 milyard manat təşkil edib.
Bundan əlavə, AMB-nin məlumatına əsasən, ötən ilin iyun ayı ilə müqayisədə əməliyyatların sayı 9,832 milyon (12,5 faiz) artıb, əməliyyatların həcmi isə 295 milyon manat (5,7 faiz) azalıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, iyunun sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,798 milyon ədədə çatıb.
AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artıb.
Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən özəl müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.
"Növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi ola bilər. Bunun üçün Azərbaycan Ani Ödəniş Sistemi ilə digər ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu sahədə beynəlxalq təcrübəni öyrənir. Prioritet istiqamətlər gündəlik pərakəndə hesablaşmalarda QR ödənişlərinin istifadəsinin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin edilməsidir", - deyə Mərkəzi Bank qeyd edib.
