Bakı. Trend:
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,29 ABŞ dolları və ya 3,34 faiz artaraq bir barel üçün 101,87 ABŞ dolları təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 3,39 dollar və ya 3,57 faiz bahalaşaraq 98,25 dollar olub.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,92 dollar və ya 4,71 faiz artaraq bir barel üçün 64,91 dollara çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 4,41 dollar və ya 4,78 faiz artaraq bir barel üçün 96,57 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
“Trading Economics”in məlumatına əsasən, xam neftin qiyməti cümə günü təxminən 1 faiz artaraq bir barel üçün 85 ABŞ dollarına yaxınlaşıb. Bildirilib ki, bununla da iyul ayı üzrə ümumi artım 20 faizi ötüb və bu, mart ayından bəri qeydə alınan ən güclü aylıq yüksəliş olub. Bahalaşmaya əsas səbəb geosiyasi gərginliyin dərinləşməsi və qlobal neft təchizatı ilə bağlı narahatlıqların artmasıdır.
"İran ABŞ hərbi qüvvələrinin müşayiəti ilə Hörmüz boğazından keçən iki neft tankerinə hücum etdiyini iddia etsə də, Qərbin dəniz təhlükəsizliyi qurumları bu məlumatı hələlik təsdiqləməyib.
ABŞ və İran arasında yenidən alovlanan qarşıdurma, husilərin Qırmızı dənizdə həyata keçirdiyi hücumlar və Səudiyyə Ərəbistanının İranın dəstəklədiyi qruplaşmalara qarşı zərbələri əsas dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyi ilə bağlı riskləri artırıb.
ABŞ-də xam neft ehtiyatlarının azalması da qiymətlərə əlavə dəstək verib.
Eyni zamanda, Rusiyanın Qara dənizdə yerləşən neft ixracı infrastrukturuna, o cümlədən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalı yaxınlığında baş verən hücumlar Qazaxıstan neftinin ixracında mümkün fasilələrlə bağlı narahatlıqları artırıb. Qazaxıstan nefti Avropa emal müəssisələri üçün mühüm xammal mənbələrindən biridir.
CPC fəaliyyətini davam etdirmək qərarı versə də, təchizatın təhlükəsizliyi ilə bağlı qeyri-müəyyənlik neft qiymətlərinin yüksək səviyyədə qalmasına dəstək verməkdə davam edir", - məlumatda qeyd edilib.
