Bakı. Trend:
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli "Xırman" MMC-yə məxsus “Qaymaq” əmtəə nişanlı süd və süd məhsullarının istehsal olunduğu emal müəssisəsini ziyarət edib.
Ziyarət çərçivəsində şirkət rəhbərliyi tərəfindən müəssisənin fəaliyyəti, istehsal gücü və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat təqdim edilib.
AQTA sədri müəssisədə emal prosesinin müxtəlif mərhələləri, tətbiq olunan müasir texnologiyalar, sanitariya-gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə uyğunluğun təmin edilməsi istiqamətində görülən işlərlə tanış olub. O, həmçinin məhsulların laborator analizlərinin həyata keçirildiyi laboratoriyaya baxış keçirib.
Ziyarət zamanı Qoşqar Təhməzli müəssisədə qida təhlükəsizliyi idarəetmə sistemlərinin davamlı təkmilləşdirilməsinin, emal proseslərində yüksək keyfiyyət standartlarının qorunmasının və istehlakçıların təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin edilməsinin vacibliyini vurğulayıb.
“Qaymaq” markası 2016-cı ildən etibarən Azərbaycanın “Eco-Friendly” və “Premium” qida məhsulları seqmentində fəaliyyət göstərən yerli brenddir. Yarandığı gündən etibarən təbii məhsul istehsalı, yüksək keyfiyyət və qida təhlükəsizliyi prinsiplərinə sadiq qalan brend məhsullarını ölkənin müxtəlif pərakəndə satış şəbəkələri və özünə məxsus mağazalar vasitəsi ilə istehlakçılara təqdim edir.