Bakı. Trend:
“Milli dövlətçilik tariximizin müxtəlif dövrlərində Azərbaycan dili
rəsmi olaraq dövlət dili elan olunsa da, həmin vaxtlar dilimizin bu
statusu uzun müddət davam etməmişdir".
Bu fikir Milli Məclisin deputatı Kamaləddin Qafarovun 1 avqust
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə mətbuata
açıqlamasında yer alıb.
Millət vəkili xatırladıb ki, yalnız Ümummilli lider Heydər Əliyev
1969-cu ildə respublikada hakimiyyətə gəldikdən sonra Azərbaycan
dili sözün həqiqi mənasında dövlət dilinə çevrildi və özünün
dinamik inkişaf tarixi mərhələsinə qədəm qoydu.“1977-ci ildə
SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra milli dillərin
sıxışdırılması prosesi xüsusilə geniş vüsət aldı. Yaranmış şəraitdə
hətta İttifaq respublikalarının rəhbərləri də ana dili məsələsini
gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt
Azərbaycan Respublikasının rəhbəri olan Ulu öndər Heydər Əliyev dil
məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə ortaya qoydu.
1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetinin VII
sessiyasında etdiyi tarixi çıxışında Heydər Əliyev Azərbaycan
SSR-in yeni Konstitusiyasında 73-cü maddəni belə bir redaksiyada
vermək təklifini irəli sürmüşdü: “Azərbaycan Sovet Sosialist
Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ümummilli liderin
bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan
SSR Konstitusiyasında öz əksini tapdı".
K.Qafarov Azərbaycan dilinə dövlət dili statusunun verilməsini
gələcək müstəqil dövlətimizin ideoloji əsaslarının qurulması
istiqamətində atılmış ən mühüm addımlardan biri olduğunu
vurğulayaraq deyib: “Bu gün biz birmənalı olaraq deyə bilərik ki,
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider
Heydər Əliyevin öz xalqı qarşısında olan ən böyük tarixi
xidmətlərindən biridir. Məhz bu nailiyyətlə Ulu öndər gələcək
müstəqil dövlətçiliyimizin milli rəmzlərindən birini məharətlə
qoruyub saxlamış oldu. Qeyd etmək lazımdır ki, Ümummilli liderimiz
Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib. Hələ
sovet dönəmində Heydər Əliyevin respublikamızda fəaliyyət göstərən
rus məktəblərində Azərbaycan dilində dərsliklərin daha çox
istifadəsinə dair göstərişlər verməsi də məhz bu diqqətin
təzahürlərindən biri idi. Çünki ana dili hər bir xalqın varlığını
təsdiq edən başlıca amil olmaqla, bu xalqın milli sərvətidir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonrakı illərdə də
Ümummilli lider Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə
yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində
saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata
keçirilməsinə dair vacib qərarlara imza atıb. Məhz Ulu öndərin
ciddi səyləri nəticəsində 1995-ci ildə qəbul edilən Konstitusiyada
Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq
təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı
ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin
nüfuzunun artmasına müsbət təsir etmiş oldu”.