Bakı.Trend:
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi sabah, 2 avqust, səhər saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda saat 13:00-da dəfn ediləcək.
xxx
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şairlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Qeyd edək ki, Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitib və orada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxuyub.
Nəriman Həsənzadə 1962–1965-ci illərdə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) Azərbaycan ədəbiyyatı tarixi
kafedrasının aspirantı olub, “Azərbaycan–Ukrayna ədəbi əlaqələri”
(1941-1945) mövzusunda namizdəlik (fəlsəfə doktorluğu)
dissertasiyası müdafiə edib.
O, müxtəlif illərdə “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan”
jurnalında və Televiziya və Radio Verilişləri Komitəsində bir sıra
vəzifələrdə çalışıb. 1976–1990-cı illərdə isə “Ədəbiyyat və
incəsənət” qəzetinin baş redaktoru olub. Eyni zamanda bir neçə il
SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinə rəhbərlik edib.
1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub,
1991–2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci
müavini vəzifəsində işləyib. 2004-cü ildən Ədəbiyyat Fondu İdarə
heyətinin sədri kimi fəaliyyət göstərib. Xalq şairi uzun müddət
Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına
rəhbərlik edib.
Gənc yaşlarından ədəbi yaradıcılığa başlayan Nəriman Həsənzadənin
1960–1970-ci illərdə nəşr olunan “Könlüm şeir istəyir”, “Unudulmaz
günlər”, “Yadına düşəcəyəm”, “Nəriman”, “Niyə demədiniz”, “Zümrüd
quşu”, “Nabat xalanın çörəyi”, “Mənim gecəm-gündüzüm”, “Sən
bağışladın” və s. kitabları ədəbi-ictimai mühitdə ona böyük şöhrət
qazandırıb.
Sosial-siyasi, tarixi və milli ictimai təfəkkürü narahat edən
problemlər müəllifin yaradıcılığında xüsusi yer tutur. “Bir az
möhlət istəyirəm ömürdən”, “Fikir eləmə”, “Kimin sualı var?”,
“Seçilmiş əsərləri”, “Mənim nikahımı pozdu təbiət”, “Bütün
millətlərə”, “Taleyin töhfəsi”, “Nuru paşa”, “Gəlimli-gedimli
dünya” və s. kitablarında yer alan, ideya-bədii məziyyətləri ilə
seçilən, vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan şeir,
poema və mənzum dramları ədəbiyyat salnaməmizi zənginləşdirib.
Ədibin əsərləri ingilis, fransız, alman, fars, italyan, çex, hind,
ərəb, xorvat, rus və s. dillərə tərcümə olunub.
Nəriman Həsənzadənin əsərləri əsasında hazırlanan “Bütün Şərq
bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Nabat xalanın
çörəyi” və digər tamaşalar sənətsevərlər tərəfindən böyük rəğbətlə
qarşılanıb.
Şairin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm
xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O,
“Əməkdar incəsənət xadimi” (1981), “Xalq şairi” (2005) fəxri
adlarına, “Şöhrət” (2001), “Şərəf” (2011), “İstiqlal” (2021),
"Heydər Əliyev" (2026) ordenlərinə və Heydər Əliyev Mükafatına
(2017) layiq görülüb. Söz sənətkarı 2002-ci ildən Prezidentin fərdi
təqaüdçüsü idi.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq şairi Nəriman Həsənzadənin
vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və
yaxınlarına dərin hüznlə başsağlığı verir.
