Bakı-Bişkek xəttində yeni mərhələ: Strateji tərəfdaşlıq müttəfiqliyə yüksəlir - Şərh

Siyasət Materials 31 İyul 2026 18:49 (UTC +04:00)
Bakı-Bişkek xəttində yeni mərhələ: Strateji tərəfdaşlıq müttəfiqliyə yüksəlir - Şərh
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar iki qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, siyasi dialoqun genişləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və Türk dünyasında inteqrasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı dövlət başçısının yüksək səviyyədə qarşılanması iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirib. Onun sözlərinə görə, səfər çərçivəsində Prezident İlham Əliyevlə Qırğızıstan Prezidenti Sadır Japarov arasında həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirilib və bu görüşlərdə Azərbaycan-Qırğızıstan münasibətlərinin hazırkı vəziyyəti, eləcə də gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunub.

Sevinc Hüseynova qeyd edib ki, danışıqlar zamanı tərəflər siyasi əlaqələrin dinamik inkişafından məmnunluqlarını ifadə etməklə yanaşı, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıblar. O bildirib ki, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, elm, mədəniyyət, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzuları sırasında olub. Bununla yanaşı, Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunması, regional nəqliyyat dəhlizlərinin inkişafı və beynəlxalq yükdaşımalarının səmərəliliyinin artırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Deputatın sözlərinə görə, görüşlərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı da prioritet istiqamətlərdən biri kimi dəyərləndirilib. Prezident İlham Əliyev Türk dünyasının birliyinin möhkəmləndirilməsinin, ortaq dəyərlərin qorunmasının və üzv dövlətlər arasında iqtisadi, siyasi və humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, regional və qlobal məsələlərdə mövqelərin yaxın olduğu, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycan və Qırğızıstanın suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqelərinin qarşılıqlı şəkildə dəstəkləndiyi bir daha ifadə edilib.

Sevinc Hüseynova bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illər dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Onun sözlərinə görə, tarixi, mədəni və mənəvi bağlara söykənən əlaqələr bu gün qarşılıqlı etimad, siyasi iradə və ortaq strateji maraqlar əsasında formalaşan müttəfiqlik münasibətlərinə çevrilib. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri isə bu inkişafın məntiqi davamı olmaqla yanaşı, iki qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur.

Deputat xatırladıb ki, Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli əlaqələrin möhkəm təməli isə Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə Qırğızıstana səfəri zamanı qoyulub. Sonrakı illərdə hər iki ölkədə səfirliklərin fəaliyyətə başlaması, qarşılıqlı səfərlərin intensivləşməsi və hüquqi bazanın genişlənməsi münasibətlərin davamlı inkişafını təmin edib.

Sevinc Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətdə Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu siyasət nəticəsində Qırğızıstanla münasibətlər son illərdə xüsusilə sürətlə inkişaf edib. Prezident İlham Əliyevlə Prezident Sadır Japarov arasında formalaşan yüksək etimada əsaslanan münasibətlər siyasi dialoqun intensivləşməsində həlledici rol oynayıb. Son illərdə həyata keçirilən çoxsaylı dövlət və rəsmi səfərlər də iki ölkənin strateji tərəfdaşlığa verdiyi önəmi nümayiş etdirir.

Onun sözlərinə görə, bu günə qədər Azərbaycan ilə Qırğızıstan arasında 100-dən artıq ikitərəfli sənəd imzalanıb. Həmin sənədlər arasında "Strateji tərəfdaşlıq haqqında Bəyannamə" xüsusi əhəmiyyət daşıyır. Hazırda isə tərəflər münasibətləri daha yüksək mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəltmək istiqamətində ardıcıl addımlar atırlar. Deputat bildirib ki, müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması iki ölkənin siyasi münasibətlərində yeni tarixi mərhələnin başlanğıcı hesab olunur.

Sevinc Hüseynovanın fikrincə, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının genişlənməsi ölkənin artan beynəlxalq nüfuzunun mühüm göstəricilərindən biridir. O qeyd edib ki, İkinci Qarabağ müharibəsində əldə olunan Zəfərdən sonra Azərbaycanın geosiyasi mövqeyi daha da güclənib və ölkə regionlararası əməkdaşlığın əsas iştirakçılarından birinə çevrilib. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində iştirakı və Azərbaycanın həmin platformada fəal rolu da bunu təsdiqləyir.

Sevinc Hüseynova bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında humanitar əməkdaşlıq da münasibətlərin əsas sütunlarından birini təşkil edir. Onun sözlərinə görə, hər iki ölkədə keçirilən Mədəniyyət Günləri, qarşılıqlı mədəni layihələr və ortaq tarixi irsin təbliği xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin ucaldılması, Bişkekdə isə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan təhsil müəssisəsinin fəaliyyət göstərməsi bu əməkdaşlığın rəmzi nümunələri kimi qiymətləndirilə bilər.

Deputat qeyd edib ki, Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstanın maliyyə dəstəyi ilə inşa edilən Ayköl Manas adına tam orta məktəb iki ölkə arasında dostluq və qardaşlığın rəmzinə çevrilib. Bu layihə yalnız təhsil sahəsinə deyil, eyni zamanda xalqlar arasında mənəvi yaxınlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Sevinc Hüseynovanın sözlərinə görə, Türk Dövlətləri Təşkilatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi də strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfə verir. O vurğulayıb ki, siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat-logistika əməkdaşlığı, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı dəstək iki qardaş ölkənin münasibətlərinin uzunmüddətli və davamlı xarakter daşıdığını təsdiqləyir.

Milli Məclisin deputatı Pərvin Kərimzadə isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan və qırğız xalqlarını tarixi dostluq əlaqələri birləşdirir və böyük tarixə malik olan bu münasibətlər zaman keçdikcə inkişaf edərək müasir mərhələyə yüksəlib. Onun sözlərinə görə, bu gün Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır və bu səfərlər hər iki tərəfin münasibətlərin dinamik inkişafına böyük önəm verdiyini göstərir.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, Prezident İlham Əliyevin səfərinin gündəliyi kifayət qədər zəngin olub və keçirilən görüşlərdə prezidentlər dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq istiqamətlərinin intensivləşdirilməsinə hazır olduqlarını ifadə ediblər.

Pərvin Kərimzadə xatırladıb ki, Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli əlaqələrin bünövrəsi isə Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə Qırğızıstana səfəri zamanı qoyulub. Sonrakı illərdə Bakıda və Bişkekdə səfirliklərin fəaliyyətə başlaması münasibətlərin inkişafına yeni təkan verib. Onun sözlərinə görə, Azərbaycan qarşılıqlı hörmət və etimada əsaslanan xarici siyasət yürüdərək Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstanla əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırıb. Hazırda iki ölkə arasında münasibətlər tarixinin ən yüksək səviyyəsinə çatıb və əvvəllər əsasən ortaq tarix, mədəniyyət və türk kimliyinə söykənən əlaqələr son illərdə strukturlaşdırılmış, praqmatik və dinamik inkişaf edən strateji tərəfdaşlığa çevrilib.

Deputat bildirib ki, "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması münasibətləri tamamilə yeni mərhələyə yüksəldir. Onun fikrincə, bu sənəd Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə çatdırılması baxımından mühüm siyasi hadisə olmaqla yanaşı, siyasi etimadı, qarşılıqlı hörməti və uzunmüddətli əməkdaşlıq iradəsini hüquqi müstəvidə daha da möhkəmləndirir. Deputat qeyd edib ki, bu müqavilə Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcını ifadə edir.

Pərvin Kərimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin səfəri çərçivəsində III Dövlətlərarası Şuranın iclası keçirilib və burada iqtisadi-ticari, humanitar və mədəni əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. O bildirib ki, Azərbaycanın Qırğızıstanda, xüsusilə İssık-Kul bölgəsində infrastruktur və turizm layihələrində iştirakı münasibətlərin praktik nəticələrindən biridir. Beşulduzlu "Bakı" hotelinin istifadəyə verilməsi həm dostluq münasibətlərinin təzahürü, həm də Azərbaycanın həmin bölgənin turizm potensialının inkişafına verdiyi töhfənin göstəricisi kimi qiymətləndirilib.

Deputat əlavə edib ki, qarşılıqlı maliyyə dəstəyi ilə həyata keçirilən layihələr xalqlar arasında mənəvi birliyi daha da möhkəmləndirir. Bişkekdə Azərbaycanın dəstəyi ilə Dostluq parkının, Nizami Gəncəvi adına məktəbin və Heydər Əliyev adına Məktəb-Gimnaziya Kompleksinin istifadəyə verildiyini xatırladan Pərvin Kərimzadə qeyd edib ki, Qırğızıstan da Qarabağın bərpasına fəal dəstək göstərir. Ağdamın Xıdırlı kəndində inşa olunan Ayköl Manas adına tam orta məktəb bunun ən bariz nümunələrindən biridir.

Onun sözlərinə görə, iki ölkə arasında mədəni-humanitar əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Azərbaycanda və Qırğızıstanda qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, Bakıda Çingiz Aytmatovun abidəsinin açılması, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə layihələr Türk dünyasında mədəni inteqrasiyanın dərinləşməsinə xidmət edir. Deputat bildirib ki, bu təşkilat çərçivəsində əməkdaşlıq gələcəkdə daha liberal ticarət rejimlərinin formalaşmasına və Türk dünyasında iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan yaradacaq.

Pərvin Kərimzadə vurğulayıb ki, bütün bu proseslər Azərbaycan-Qırğızıstan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini göstərir. Onun sözlərinə görə, iki qardaş ölkə strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru irəliləyərək ortaq tarixə, mədəniyyətə və qarşılıqlı etimada əsaslanan münasibətlərini daha da möhkəmləndirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti