Avqustun 5-də SpaceX raketinin bir pilləsi saatda 8 700 km sürətlə Ay səthinə çırpılacaq

Dünya xəbərləri Materials 1 Avqust 2026 01:50 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn çərşənbə günü alimlər 2025-ci ildə iki özəl Ay aparatını kosmosa çıxarmaq üçün istifadə olunmuş, uzunluğu təxminən 12 metr, çəkisi isə 4,5 ton olan SpaceX raketinin yuxarı pilləsinin Ay səthinə düşməsini yaxından izləyəcəklər.

Kosmik obyektlərin hərəkətini izləyən mütəxəssis Bill Qreyin sözlərinə görə, raket mərhələsi Ayın Yerə görünən tərəfində yerləşən Eynşteyn krateri yaxınlığında təxminən 8 700 km/saat sürətlə – yəni səs sürətindən təxminən yeddi dəfə yüksək sürətlə – səthə çırpılacaq. Toqquşma nəticəsində təxminən 3 ton trotil partlayışına bərabər enerji ayrılacağı, diametri təxminən 27 metr, dərinliyi isə 5 metr olan krater yaranacağı gözlənilir.

Mütəxəssislərin fikrincə, toqquşma zamanı yaranacaq işıq parıltısı Yerdən müşahidə ediləcək qədər güclü olmayacaq. Lakin kosmosa qalxacaq toz və qaya parçaları teleskoplarla onlarla dəqiqə ərzində görünə bilər.

ABŞ-ın Los Alamos Milli Laboratoriyasının tədqiqatçısı Benjamin Fernando bildirib ki, Ayda cazibə qüvvəsinin zəif olması və küləyin olmaması səbəbindən toz uzun müddət havada qalacaq. Onun sözlərinə görə, bu hadisə gələcəkdə Ayda işləyəcək astronavtlar üçün bu cür toqquşmaların yarada biləcəyi riskləri qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

NASA-nın Lunar Reconnaissance Orbiter aparatı və Cənubi Koreyanın hazırladığı Danuri Ay zondu toqquşmadan əvvəl və sonra hadisə yerinin görüntülərini çəkərək onun nəticələrini müqayisə edəcək.

Bu, insan mənşəli obyektin Ay səthinə qeydə alınmış ikinci təsadüfi çırpılması olacaq. İlk belə hadisə 2022-ci ildə Çin raketinin bir hissəsinin Ayın görünməyən tərəfində iki krater yaratması ilə baş vermişdi.

Mütəxəssislər bildirirlər ki, bu hadisə ABŞ və Çinin Ay proqramlarını sürətləndirdiyi, eləcə də özəl kosmik missiyaların artdığı bir dövrdə kosmosda istifadəsiz qalan obyektlərin trayektoriyalarına nəzarətin daha da vacib olduğunu göstərir.

Astrofizik Conatan Makdauell hesab edir ki, bu konkret toqquşma heç bir təhlükə yaratmayacaq. Bununla belə, o xəbərdarlıq edib ki, gələcəkdə, xüsusilə Ayda daimi bazalar yaradılacağı təqdirdə, bu cür hadisələr daha ciddi problemə çevrilə bilər.

SpaceX-in yuxarı raket pilləsi 15 yanvar 2025-ci ildə iki özəl Ay eniş aparatını kosmosa çıxarmaq üçün istifadə olunmuşdu.

Onlardan biri – ABŞ-ın Firefly Aerospace şirkətinin hazırladığı Blue Ghost aparatı – Ay səthinə tam uğurlu eniş edən ilk özəl kosmik aparat kimi tarixə düşüb.

Digər aparat isə Yaponiyanın ispace şirkəti tərəfindən hazırlanmışdı və Ay səthinə eniş cəhdi zamanı qəzaya uğramışdı.

Xəbər lenti

Xəbər lenti