Google tənqidlərdən sonra Google Earth-də süni intellektlə yaradılan peyk təsvirləri alətini geri götürüb

Dünya xəbərləri Materials 1 Avqust 2026 05:50 (UTC +04:00)
Google tənqidlərdən sonra Google Earth-də süni intellektlə yaradılan peyk təsvirləri alətini geri götürüb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın texnologiya nəhəngi Google istifadəyə verilməsindən 24 saat keçməmiş Google Earth platformasında süni intellekt vasitəsilə peyk təsvirləri yaratmağa imkan verən yeni funksiyanı dayandırıb. Bundan əvvəl tədqiqatçılar alətin həqiqətə çox bənzəyən saxta vizual materialların yayılmasına şərait yarada biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Google cümə günü bildirib ki, dezinformasiya riskləri ilə bağlı geniş tənqidlərdən sonra bu funksiyanın istifadəsini müvəqqəti dayandırmaq qərarına gəlib.

"Biz gördük ki, geoinformasiya sahəsində çalışan mütəxəssislər bu funksiyadan müxtəlif faydalı məqsədlər üçün istifadə edirlər. Lakin eyni zamanda qaydalarımızı poza biləcək şəkildə yaradılmış şəkillərin ekran görüntülərinin paylaşılması halları ilə də qarşılaşdıq", – deyə şirkətin sözçüsü AFP agentliyinə bildirib.

Şirkətin sözlərinə görə, daha etibarlı təhlükəsizlik mexanizmləri hazırlanana qədər bu funksiya Google Earth platformasından çıxarılıb.

Bir gün əvvəl istifadəyə verilmiş "Şəkil yarat" (Create an Image) aləti istifadəçilərə Google Earth-in peyk, hava və üçölçülü xəritə məlumatları əsasında istənilən əraziyə yaxınlaşaraq bir neçə saniyə ərzində süni peyk təsvirləri yaratmağa imkan verirdi. Google bu funksiyanı "tarixi hadisələri vizuallaşdırmaq, daşınmaz əmlak layihələri hazırlamaq və digər məqsədlər" üçün nəzərdə tutulmuş alət kimi təqdim edirdi.

Lakin dezinformasiya üzrə mütəxəssislər xəbərdarlıq ediblər ki, bu funksiya faktların yoxlanılması üçün mühüm mənbə sayılan Google Earth-dən sui-istifadə edilərək həqiqətə son dərəcə yaxın saxta coğrafi materialların hazırlanmasına imkan yarada bilər.

Xəbər lenti

Xəbər lenti