Bakı.Trend:
Hər il avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü sadəcə təqvimdə yer alan əlamətdar tarix deyil. Bu gün xalqın tarixi yaddaşını, milli kimliyini və mədəni irsini gələcək nəsillərə daşıyan ən mühüm dəyərlərdən biri olan ana dilinin əhəmiyyətini bir daha xatırladır.
Dövlətin siyasi sərhədlərini xəritə müəyyənləşdirirsə, onun mənəvi sərhədlərini dil qoruyur. Məhz buna görə də ana dili təkcə ünsiyyət vasitəsi deyil, milli düşüncənin, tarixi yaddaşın və dövlətçilik ənənələrinin yaşamasını təmin edən əsas sütunlardan biridir.
Müstəqillik dövründə Azərbaycan dili hüquqi baxımdan ən yüksək təminatını Konstitusiyada alıb. Belə ki, dövlət dilinin qorunması və inkişafı dövlətin birbaşa vəzifəsi kimi müəyyənləşdirilib. Sonrakı mərhələdə isə dil siyasəti yalnız hüquqi çərçivələrlə kifayətlənməyib. Qloballaşmanın, rəqəmsal texnologiyaların, sosial medianın və informasiya axınının yaratdığı yeni reallıqlar fonunda ana dilinin qorunması məsələsi milli təhlükəsizlik, dövlətçilik və milli kimliyin ayrılmaz tərkib hissəsi kimi ön plana çıxıb.
Bu yanaşmanın əsas məğzi ondan ibarətdir ki, müasir dövrdə dilin qorunması artıq filoloqların və ya dilçilərin işi deyil. Bu, bütöv cəmiyyətin və dövlətin ortaq məsuliyyətidir.
Prezident İlham Əliyevin 2025-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı zamanı, eləcə də 2026-cı ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dili ilə bağlı çıxışlarında diqqət çəkən əsas xətt də məhz bu idi. Prezident İlham Əliyevin çıxışlarında ana dili yalnız mədəni irs kimi deyil, dövlətin dayanıqlığını təmin edən strateji amil kimi təqdim olunurdu. Eyni zamanda dil məsələsinə münasibətdə emosional yanaşmadan daha çox siyasi və tarixi təhlil üstünlük təşkil edirdi.
"Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə". Prezident İlham Əliyeyin bu fikir əslində, dilə münasibətin fəlsəfəsini ortaya qoyur. Dövlət atributları adətən bayraq, gerb və himnlə məhdudlaşdırılır. Halbuki həmin atributların yaşaması üçün onları daşıyan xalqın ortaq dili olmalıdır. Dil yalnız ünsiyyət vasitəsi deyil, ortaq yaddaşı, ortaq düşüncəni və ortaq kimliyi qoruyan sistemdir. Bu sistem zəiflədikcə milli həmrəylik də zəifləməyə başlayır.
Azərbaycan xalqının tarixində uzun əsrlər müxtəlif imperiyaların
tərkibində yaşaması milli kimliyin qorunmasını daha da
çətinləşdirən amillərdən olub. Tarixi təzyiqlər, müxtəlif siyasi
sistemlər və ideoloji təsirlər milli şüura müəyyən izlər buraxsa
da, xalqın öz dilini qoruyub saxlaması milli müqavimətin ən mühüm
göstəricilərindən biri hesab edilir.
Əsrlərlə davam edən müstəmləkəçilik şəraitində xalqın öz dilini
itirməməsi Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biridir.
Bu baxımdan bugünkü nəsillərin üzərinə düşən vəzifə əcdadların
qoruduğu dili eyni saflıqla gələcəyə ötürməkdir.
Bəzən kiçik xalqların dillərinin qlobal dillərin təsiri altında sıxışdırıldığı iddia olunur. Azərbaycan nümunəsində isə fərqli yanaşma ortaya qoyulur. Dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlının ortaq dili milli həmrəyliyin əsas bağlarından biri kimi qiymətləndirilir. Dil coğrafi sərhədləri aşaraq dünya azərbaycanlılarını bir-birinə bağlayan mənəvi körpü rolunu oynayır. Xaricdə yaşayan azərbaycanlıların ana dilini qoruması məsələsi də məhz bu səbəbdən dövlət siyasətinin mərkəzində dayanır.
Müasir dövrdə ana dilinin qarşılaşdığı əsas çağırışlardan biri qloballaşmadır. İnternet, sosial şəbəkələr və beynəlxalq informasiya məkanı dillər arasında sərhədləri xeyli zəiflədib. Xarici sözlərin gündəlik nitqə daxil olması artıq qaçılmaz prosesə çevrilib. Lakin Prezident İlham Əliyev bu prosesi dillərin qarşıdurması kimi yox, milli məsuliyyət məsələsi kimi qiymətləndirir:
"Xarici kəlmələr dilimizi zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş”.
Burada diqqət çəkən məqam təhlükənin birdən-birə deyil, tədricən baş verməsi ilə bağlıdır. Milli kimlik bir anda yox olmur. O, əvvəlcə dilin leksikasında, daha sonra düşüncə tərzində, nəticədə isə mədəni yaddaşda aşınmağa başlayır. Bu baxımdan dilin saflığı yalnız filoloji məsələ deyil, milli təhlükəsizlik məsələsinə çevrilir.
Bununla yanaşı, təbii ki, xarici dillərin öyrənilməsinə qarşı çıxılmır, əksinə, çox dil bilməyin vacibliyi vurğulanır. Lakin başqa dilləri öyrənmək heç vaxt ana dilinin hesabına baş verməməlidir. Xarici dillər bilik və ünsiyyət vasitəsidir, ana dili isə milli kimliyin daşıyıcısıdır.
Azərbaycan dilinin müasir elm, texnologiya, diplomatiya və informasiya cəmiyyətinin tələblərinə cavab vermək imkanına malik olduğunu göstərir.
Dilin qorunması məsələsində məsuliyyət yalnız dövlətin üzərinə düşmür. Alimlər, müəllimlər, yazıçı və şairlər, xüsusilə də media nümayəndələri bu prosesin fəal iştirakçısı olmalıdırlar. İnformasiya dövründə insanların gündəlik danışıq tərzinə ən çox təsir göstərən məhz media məkanıdır.
Dili qanunlarla qorumaq mümkündür, lakin onu yaşadan cəmiyyətin özüdür. İnsanlar ana dilinə nə qədər həssas yanaşarsa, dövlətin dil siyasəti də bir o qədər uğurlu nəticə verər.
Ana dilini qorumaq gələcəyi təmin etməkdir. Dil təkcə sözlərdən ibarət deyil. O, xalqın tarixi yaddaşı, mənəvi kodu və dövlətin görünməyən sərhədidir. Ana dilinə sahib çıxmaq isə milli kimliyi, dövlətçiliyi və gələcək nəsillərin mənəvi bütövlüyünü qorumaq deməkdir.
Ana dilinin saflığının və zənginliyinin qorunması, eləcə də rəqəmsal mühitdə güclü mövqeyə malik olması milli kimliyin möhkəmlənməsinə, dövlətçilik təfəkkürünün güclənməsinə və Azərbaycanın informasiya suverenliyinin daha da möhkəmlənməsinə xidmət edir.
