Qarabağ Universiteti dünya səviyyəli ali məktəbə çevrilməlidir - Şahin Bayramov

Cəmiyyət Materials 2 Avqust 2026 13:26 (UTC +04:00)
Qarabağ Universiteti dünya səviyyəli ali məktəbə çevrilməlidir - Şahin Bayramov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Zəngilan. Trend:

Qarabağ Universitetinin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yüksək ixtisaslı kadrlar hazırlamaqla yanaşı, Azərbaycanı dünyada layiqincə təmsil edəcək və milli dəyərlərə bağlı vətəndaşlar yetişdirməkdir.

Trend-in Zəngilana ezam olunan müxbirinin xəbərinə görə, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində deyib.

O bildirib ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə təhsil quruculuğunu prioritet istiqamətlərdən biri elan edib.

“Bu gün bərpa olunan şəhər və kəndlərimizdə ilk yaradılan infrastruktur obyektlərindən biri məhz təhsil müəssisələridir. Bu, dövlətimizin gələcəyə hesablanmış siyasətinin göstəricisidir”, - deyə rektor vurğulayıb.

Ş.Bayramov xatırladıb ki, Qarabağ Universiteti 2023-cü il noyabrın 28-də, Xankəndi şəhərinin azad edilməsindən cəmi iki ay sonra yaradılıb və artıq bir il sonra - 2024-cü il sentyabrın 20-də ilk tələbələrini qəbul edib.

Onun sözlərinə görə, hazırda universitetdə 2100-dən çox tələbə təhsil alır, 400-dən artıq əməkdaş isə tədris və elmi fəaliyyətlə məşğul olur.

“Qarşımıza qoyulan əsas vəzifə Qarabağ Universitetini dünya səviyyəli ali təhsil müəssisəsinə çevirməkdir. Adında Qarabağ sözünü daşıyan universitet fərqli səviyyədə olmalıdır”, - deyə o bildirib.

Rektor qeyd edib ki, universitet bu il 49 ixtisas üzrə tələbə qəbulu həyata keçirəcək və müasir təhsil modelinə əsaslanan yeni dövr universiteti kimi inkişaf edir.

“Qarabağ Universiteti yalnız peşəkar mütəxəssislər hazırlamır. Bizim missiyamız həm də Azərbaycanı sevən, milli-mənəvi dəyərlərinə bağlı, dövlətinə sədaqətli layiqli vətəndaşlar yetişdirməkdir”, - deyə Ş.Bayramov vurğulayıb.

O əlavə edib ki, dövlət başçısı qısa müddət ərzində universitetə dörd dəfə səfər edib və bu, ali məktəbə göstərilən xüsusi diqqətin göstəricisidir.

Rektor diaspor gənclərinə düşərgənin proqramından maksimum yararlanmağı tövsiyə edib.

“Bu bir həftə həyatınızın ən yaddaqalan dövrlərindən biri olacaq. Burada əldə edəcəyiniz bilik və təcrübə gələcək fəaliyyətinizdə mühüm rol oynayacaq”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti