Zəngilan. Trend:
Diaspor Gənclərinin VII Yay Düşərgəsinin əsas məqsədi xaricdə yaşayan azərbaycanlı gənclərin Azərbaycan reallıqları barədə biliklərini artırmaq və onların diaspor fəaliyyətində daha fəal iştirakını təmin etməkdir.
Trend-in Zəngilana ezam olunan müxbirinin xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən düşərgədə dünyanın 64 ölkəsindən 120-dən çox gənc iştirak edir.
“Bu il düşərgədə iştirak üçün 700-ə yaxın müraciət daxil olub. Xaricdə yaşayan gənclər üçün Azərbaycana səfər hər zaman xüsusi əhəmiyyət daşıyır. Qarabağa gəlmək isə onların həyatında unudulmaz xatirəyə çevriləcək”, - deyə F.Muradov bildirib.
Komitə sədri qeyd edib ki, bir həftə ərzində iştirakçılar Azərbaycanın daxili və xarici siyasəti, ölkədə gedən inkişaf prosesləri ilə yaxından tanış olacaqlar.
“Müxtəlif sahələri təmsil edən qonaqlar gənclərlə görüşəcək, həmçinin onlar şəhid ailələri və qazilərimizlə bir araya gələcəklər. Bu görüşlərdə Azərbaycanın tarixi Zəfərə necə nail olduğu və torpaqlarımızın hansı fədakarlıqlar hesabına azad edildiyi barədə məlumat veriləcək”, - deyə o vurğulayıb.
F.Muradovun sözlərinə görə, düşərgənin əsas hədəflərindən biri xaricdə yaşayan azərbaycanlı gənclərin gələcəkdə diaspor hərəkatının fəal üzvlərinə çevrilməsidir.
“Onlar Azərbaycan reallıqlarını dərindən bilməli, ölkəmizə qarşı aparılan qərəzli kampaniyalara faktlara əsaslanan cavab verməyi bacarmalıdırlar. Yaşadıqları ölkələrdə və beynəlxalq platformalarda Azərbaycanın maraqlarını layiqincə təmsil etmələri üçün lazımi bilik və bacarıqlara sahib olmalıdırlar”, - deyə Komitə sədri bildirib.
O əlavə edib ki, builki düşərgədə Avropada yaşayan azərbaycanlı gənclərin fəallığı xüsusilə diqqət çəkib.
“Elə ölkələr var ki, onların nümayəndələri indiyədək yay düşərgəsində iştirak etməmişdilər. Bu il həmin ölkələrdən də gənclər bizə qoşulublar. İştirakçıların həm coğrafi müxtəlifliyini, həm də hazırlıq səviyyəsini təmin etmək məqsədimizə nail olmuşuq”, - deyə o qeyd edib.
F.Muradov hesab edir ki, düşərgənin ən mühüm nəticələrindən biri burada iştirak edən gənclərin gələcəkdə Azərbaycan dövlətinin maraqlarının müdafiəsində daha fəal rol oynaması olacaq.
Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, xaricdə yaşayan intellektual diasporun potensialından istifadə olunmasına xüsusi diqqət yetirilir.
“İnanırıq ki, xaricdə təhsil alan və peşəkar təcrübə qazanan gənclərimiz gələcəkdə Azərbaycana qayıdaraq müxtəlif sahələrdə ölkəmizin inkişafına öz töhfələrini verəcəklər”, - deyə o bildirib.
F.Muradov qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi bu məqsədlə hər il həkimlərin, mühəndislərin, alimlərin və mədəniyyət xadimlərinin forumlarını təşkil edir.
“Məqsədimiz ixtisaslaşmış platformalar vasitəsilə diaspor nümayəndələrinin Azərbaycan üçün daha böyük fayda verməsinə şərait yaratmaqdır. İstəyirik ki, bu layihələrdə ilk dəfə iştirak edən gənclər gələcəkdə də bu proseslərə davamlı şəkildə qoşulsunlar və Azərbaycanla əlaqələrini daha da gücləndirsinlər”, - deyə o əlavə edib.
