Bakı. Trend:
İran region ölkələrinin bölgədə gərginliyin qarşısının alınması istiqamətində göstərilən səyləri alqışlayır.
Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai bu gün (3 avqust) Tehranda keçirilən mətbuat konfransında deyib.
“Bütün region ölkələri bölgənin gələcəyi vəziyyəti və baş verə biləcək hadisələr qarşısında paya sahib olduqlarını anlayırlar. Bu müsbət haldır. ABŞ-nin İran əleyhinə müharibəsi sırf bir ölkəyə qarşı deyil, bütün regiona və regionun bütün ölkələrinin təhlükəsizliyinə qarşıdır”, -deyə o bildirib.
Bəqai bildirib ki, ötən 5 ay ərzində ABŞ-nin regiondakı hərbi iştirakı və Fars körfəzi ətrafında yerləşən ölkələrin ərazi və imkanlarından istifadəsi regionun bütün ölkələri üçün destabilliyin artması ilə nəticələnib.
“İran üçün təcrübə sübut edib ki, qarşı tərəfin İran əleyhinə hücumlarının kəskinləşməsinin qarşısını sadəcə İranın iqtidar və önləyici gücündən başqa heç nə ala bilməz”, - deyə o bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.
