Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb

İqtisadiyyat Materials 3 Avqust 2026 13:51 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Qarabağ iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 117,059 milyon manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə isə 18,5 milyon manat və ya 18,8% çoxdur.

Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,43%-ə bərabər olub.

Eyni zamanda, bu ilin iyulun 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 1,254 milyon manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən isə 535 min manat və ya 1,7 dəfə çoxdur.

Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,13% təşkil edib.

Qeyd edək ki, bu ilin iyulun 1-nə Azərbaycanın ümumi regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 17,824 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,4 milyard manat və ya 15,5% çoxdur.

Əmanət cəlbinin artımı azad edilmiş ərazilərdə davam edən genişmiqyaslı bərpa və iqtisadi canlanma prosesi fonunda baş verir. Son illərdə Qarabağ və Şərqi Zəngəzurda dövlət investisiyaları hesabına nəqliyyat, energetika, kommunal infrastruktur, sənaye və yaşayış məntəqələrinin bərpası istiqamətində iri layihələr həyata keçirilir ki, bu da biznes aktivliyinin və maliyyələşməyə tələbatın artmasına şərait yaradır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunan "Azərbaycan investisiya perspektivləri forumu 2026" tədbirində bildirib ki, azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və sosial-iqtisadi reinteqrasiyası Azərbaycanın əsas milli prioritetlərindən biridir.

Nazirin sözlərinə görə, azad edilmiş ərazilərdə investorlar üçün geniş vergi güzəştləri tətbiq olunur, müasir infrastruktur yaradılır və dövlət dəstəyi hesabına investisiya mühiti daha da cəlbedici hala gətirilir.

"Hazırda həmin ərazilərdə iki böyük sənaye parkı fəaliyyət göstərir. Azad edilmiş ərazilərdə tətbiq olunan güzəştlər və yaradılan müasir infrastruktur özəl investisiyaların cəlb edilməsinə və iqtisadi fəallığın artmasına xidmət edir", – deyə Mikayıl Cabbarov bildirib.

O əlavə edib ki, Azərbaycanın investisiya strategiyası nəqliyyat əlaqəliliyi, yaşıl enerji və rəqəmsal transformasiya kimi üç əsas istiqamət üzərində qurulub. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur regionları Orta Dəhliz və gələcək Zəngəzur dəhlizi ilə bağlı layihələr fonunda yeni iqtisadi inkişaf mərkəzlərinə çevrilir.

Bu istiqamətdə həyata keçirilən layihələrin miqyası barədə Trend-ə danışan Dünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, son beş ildə Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və mənzil layihələrinə təxminən 14,7 milyard ABŞ dolları investisiya yatırılıb və bu məbləğin 2028-ci ilədək 18 milyard ABŞ dollarına çatacağı gözlənilir.

"Layihələr çərçivəsində ağıllı infrastruktur, bərpa olunan enerji, dayanıqlı torpaq istifadəsi və rəqəmsal idarəetmə sistemləri tətbiq olunur. Yeni məkan planlaşdırılması sənədlərinə əsasən, region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən edilib", – deyə Anar Quliyev Trend-ə bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti