Bakı. Trend:
Təxminən 60 min nəfər ABŞ-nin Vaşinqton ştatının Spokan dairəsində baş verən meşə yanğınları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Alov artıq azı 600 tikilini məhv edib.
Bu barədə "Associated Press (AP)" agentliyi məlumat yayıb.
Məlumata əsasən, ştatın ikinci ən böyük şəhəri olan Spokan ətrafında yayılan yanğın həftəsonu ərzində 21 kvadratkilometr ərazini əhatə edib.
Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson bildirib ki, o, ABŞ Prezidenti Donald Trampla ştatdakı vəziyyəti müzakirə edib və təbii fəlakətlə mübarizədə federal hakimiyyətdən dəstək istəyib.
“Bir neçə dəqiqə əvvəl Prezident Tramp və daxili təhlükəsizlik naziri Markueyn Mallinlə danışdım. Spokan və ümumilikdə ştatda yaranmış ağır və dağıdıcı vəziyyəti ətraflı izah etdim. Prezident vəziyyət barədə məlumatlıdır və Vaşinqton ştatının sakinlərinin bu çətin dövrdə üzləşdiyi vəziyyətdən narahatlığını ifadə etdi. Federal yardımın artırılması ilə bağlı əlavə müraciətlər üzərində birgə işləyəcəyik”, – Ferqyuson X sosial şəbəkəsində yazıb.