Bakı. Trend:
İran Omanla müzakirələr aparmaqla Hörmüz boğazından gəmilərin təhlükəsiz şəkildə keçidini təmin etmək istiqamətində anlaşma əldə etməyə çalışır.
Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai bu gün (3 avqust) Tehranda keçirilən mətbuat konfransında deyib.
“Ötən 7-8 gün ərzində Omanla müzakirələr davamlı şəkildə aparılıb. İran xarici işlər naziri regional və regiondan kənar apardığı müzakirələrdə İran və Oman arasında müzakirələrin aparılmasında məqsədin gərginliyin qarşısının alınması və İranın milli mənafeyinin təmin olunması olduğu qeyd olunub”, - deyə o bildirib.
Bəqai qeyd edib ki, İran tərəfi ilk mərhələdə Omanla məsləhətləşmə apararaq və bu ölkənin əməkdaşlığı ilə təyin olunacaq müvəqqəti istiqamətlə Hörmüz boğazında gəmiçiliyin təmin olunmasına çalışır.
XİN rəsmisi əlavə edib ki, İran və Oman arasında aparılan müzakirələr iki sahilyanı dövlət arasında aparılan müzakirələrdir. Başqa tərəflər bu prosesdə konstruktiv və ya təxribatçı rola sahib ola bilər. Lakin məsələ İran və Omana aiddir. Növbəti mərhələdə nə baş verəcəyi haqda qərar verilməlidir.
“Hörmüz boğazının açılmasının lazımi şərti bu boğazda gəmiçilyin təhlükəsizliyinin təmin olunması üzrə anlaşmanın əldə olunmasıdır. Lakin şərt yetərli deyil. Hörmüz boğazı İran və Oman arasında fikir ayrılığına görə deyil, ABŞ və İsrailin fevral ayının sonlarından İrana hücumu nəticəsində problemlə üzləşib. ABŞ-nin İran əleyhinə hücumları davam etdiyi halda, Hörmüz boğazının vəziyyətində hər hansı dəyişiklik olmayacaq”, -deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.
