Bakı BCG-nin qlobal reytinqində: şəhərlərarası rəqabətin yeni qanunları (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 3 Avqust 2026 10:40 (UTC +04:00)
Bakı BCG-nin qlobal reytinqində: şəhərlərarası rəqabətin yeni qanunları (ÖZƏL MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində beynəlxalq konsaltinq şirkəti "Boston Consulting Group" (BCG) insan kapitalı və investisiyalar uğrunda müasir şəhərlərin necə rəqabət aparmasını araşdıran flaqman tədqiqatının dördüncü buraxılışı olan "Built to Change: Cities of Choice 4.0" hesabatını təqdim edib.

Tədqiqat şəhər mühitinə dair ən geniş müqayisəli icmallardan biri hesab olunur. Araşdırmaya dünyanın 80 şəhəri daxil edilib, təhlil 5 milyondan çox müşahidə və 200-dən artıq göstərici əsasında aparılıb. Qiymətləndirmənin 80 faizi obyektiv statistik məlumatlara, qalan 20 faizi isə 24 min şəhər sakini arasında keçirilmiş sorğunun nəticələrinə əsaslanıb. Həmçinin, adambaşına düşən ÜDM və əhali sayı nəzərə alınmaqla bütün 80 şəhər beş qlobal sosial-iqtisadi qrupa bölünüb: "Established Powerhouses", "Emerging Megacities", "Established Global Hubs", "Prosperous Middleweights" və "Emerging Middleweights".

Bakı ilk dəfə olaraq "Cities of Choice" reytinqinə daxil edilib. Azərbaycanın paytaxtı Daşkənd, Almatı və Astana ilə birlikdə "Emerging Middleweights" qrupunda yer alaraq, xüsusilə dəyişikliklərin sürəti göstəricisi üzrə yüksək nəticələr nümayiş etdirib. Bununla yanaşı, Bakının öz qrupunda lider mövqeyini yüksək həyat keyfiyyəti və rahat şəhər mühiti təmin edib. Şəhər ilk növbədə səhiyyə, təhsil, mənzil təminatı, mobillik, ictimai məkanlar və təmizlik sahələrində qazandığı yüksək qiymətlər sayəsində reytinqə başçılıq edib.

Trend tədqiqatın əsas nəticələri, Bakının qlobal reytinqdə tutduğu mövqe və yaxın illərdə şəhər mühitinin inkişafını müəyyən edəcək tendensiyalar barədə BCG-nin baş tərəfdaşı və idarəedici direktoru, şirkətin "Şəhərlər və regionlar" üzrə qlobal istiqamətinin rəhbəri Vladislav Butenko, BCG-nin baş tərəfdaşı və idarəedici direktoru Qriqori Rubin, həmçinin BCG-nin tərəfdaşı və direktoru Yekaterina Şapoçka ilə həmsöhbət olub.

Bakının BCG reytinqində debütü

Vladislav Butenkonun sözlərinə görə, reytinqə daxil edilən 80 şəhər sırasında yer almaq özlüyündə mühüm nailiyyətdir.

"Bu, əslində, dünyanın ən yaxşı şəhərlərinin "TOP-80"liyidir. Biz dünya üzrə yarım milyon əhalisi olan şəhərlərdən tutmuş ən iri meqapolislərədək yaşayış keyfiyyətini müəyyən edən bütün amilləri təhlil edərək şəhərləri qiymətləndiririk. Buna görə də Bakının bu siyahıya daxil edilməsi şəhərin əsas meyarların məcmusu üzrə yaşamaq üçün dünyanın ən yaxşı məkanlarından biri kimi tanınması deməkdir", – deyə o bildirib.

Onun sözlərinə görə, "Cities of Choice" konsepsiyası digər beynəlxalq reytinqlərdən prinsipial şəkildə fərqlənir.

"Tədqiqata insan üçün vacib olan meyarların məcmusuna əsasən yaşamaq üçün ən əlverişli hesab edilən şəhərlər daxil edilib. Şəhər mühitinin keyfiyyəti, əmək bazarı və ya dövlət xidmətlərinin rəqəmsallaşması kimi ayrı-ayrı aspektləri qiymətləndirən əksər beynəlxalq reytinqlərdən fərqli olaraq, biz şəhərə kompleks yanaşırıq. Reytinqin metodologiyası BCG-nin 2019-cu ildə apardığı genişmiqyaslı tədqiqata əsaslanır. Həmin araşdırma çərçivəsində şəhər sakinləri üçün ən mühüm hesab edilən əsas parametrlər müəyyənləşdirilib", – deyə Butenko bildirib.

Yekaterina Şapoçkanın sözlərinə görə, reytinq şəhərlərin inkişafının aktual mənzərəsini əks etdirmək məqsədilə hər üç ildən bir yenilənir. 2023-cü ildə dərc olunan tədqiqata Mərkəzi Asiya və Xəzər regionundan üç şəhər daxil edilmişdi. Həmin vaxt pilot təhlil çərçivəsində Bakının da ilkin qiymətləndirilməsi aparılmış, bu isə sonradan şəhərin inkişafında aydın müsbət dinamikanı qeydə almağa imkan vermişdi.

"Bu dəfə Bakını reytinqə daxil etdik, belə ki, şəhər sürətlə inkişaf edir. Qiymətləndirmə zamanı yalnız şəhərin miqyasını və əhəmiyyətini deyil, həm də dəyişikliklərin sürətini, onun dünyaya və yeni tendensiyalara açıqlığını nəzərə alırıq", – deyə o vurğulayıb.

Bakı - sürətlə dəyişən şəhər

Butenkonun fikrincə, Bakının nəticələrindən danışmazdan əvvəl dəyişikliklərin sürəti göstəricisinin mahiyyətini izah etmək vacibdir.

"2019-cu ildən bəri şəhərin nə qədər sürətlə dəyişdiyini və bunun şəhərin həyat qabiliyyətinə birbaşa təsir göstərdiyini görürük. Bu, insanların həmin şəhərə köçüb-köçməyəcəyini, orada qalacağını, yoxsa əksinə, şəhəri tərk edəcəyini müəyyən edən əsas amillərdən biridir", – deyə o bildirib.

Onun sözlərinə görə, bu göstəricinin qiymətləndirilməsi metodologiyası elmi yanaşma və böyük həcmli məlumatların təhlilinə əsaslanır.

"Biz insanların həm obyektiv, həm də subyektiv qiymətləndirmələrinin bütün müxtəlifliyini, yəni insan üçün həqiqətən vacib olan amilləri nəzərdən keçirdik və bu üstünlüklərin şəhərlə bağlı rəqəmlərlə nə dərəcədə izah olunduğunu araşdırdıq. Məlum oldu ki, bütün qiymətləndirmələr şəhərin mövcud vəziyyəti ilə bağlı deyil. Yalnız dəyişikliklərin sürətini, yəni şəhərin statik vəziyyətini deyil, inkişaf dinamikasını da nəzərə aldıqdan sonra qiymətləndirmələrdəki fərqlərin demək olar ki, hamısını izah edə bildik", – deyə Butenko izah edib.

"Dəyişikliklərin sürəti niyə bu qədər vacibdir? Birincisi, dünya çox sürətlə dəyişir. Texnologiyalar, geosiyasi proseslər, miqrasiya axınları və sakinlərin gözləntiləri daim yenilənir. Bu gün şəhərin sadəcə yaxşı olması kifayət deyil, o, davamlı şəkildə dəyişikliklərə uyğunlaşmalıdır", – deyə o əlavə edib.

"İkincisi, insanlar şəhərlərinin gələcəyinin bu günündən daha yaxşı olacağına inanmaq istəyirlər. Əgər onlar müsbət dinamika görmürlərsə, hətta yaxşı şəhərlərdə belə tərəddüdlər yaranır. Bunu ABŞ və Avropanın bəzi şəhərlərinin timsalında görmək mümkündür. Həmin şəhərlər obyektiv baxımdan güclüdür, lakin insanlar son beş ilin inkişaf dinamikasına baxaraq tərəddüd etməyə başlayırlar", – deyə Butenko vurğulayıb.

Öz növbəsində Yekaterina Şapoçka bildirib ki, Bakıda qeydə alınan müsbət dəyişikliklərin əhəmiyyətli hissəsi yaşayış keyfiyyəti (livability) göstəricisi ilə bağlıdır.

"Bu, əlbəttə ki, subyektiv qiymətləndirmədir. Lakin məhz yaşayış keyfiyyəti sahəsində Bakı ən nəzərəçarpan irəliləyişə nail olub. Bu blok üzrə göstəricilərin təxminən 80 faizində yaxşılaşma qeydə almışıq", – deyə o bildirib.

Onun sözlərinə görə, söhbət son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşan şəhər xidmətləri və yaşayış şəraitinin geniş spektrindən gedir.

"Buraya mənzil şəraiti, nəqliyyat əlçatanlığı, mobillik, təhsil sahəsinin inkişafı, əyləncə və istirahət imkanları daxildir. Bütün bu parametrlər üzrə Bakı bu gün 2023-cü ildə apardığımız ilkin qiymətləndirmə ilə müqayisədə xeyli üstün görünür", – deyə Şapoçka qeyd edib.

"Bundan əlavə, bu il bir daha aydın oldu ki, şəhər sakinləri üçün ictimai məkanların əlçatanlığı, keyfiyyəti, ilin istənilən fəslində həmin məkanlarda vaxt keçirmək imkanı, yaşıllıq sahələrinin mövcudluğu və ümumilikdə rahat şəhər mühiti son dərəcə böyük əhəmiyyət daşıyır", – deyə o əlavə edib.

Qriqori Rubin isə bildirib ki, Bakıda baş verən dəyişikliklər ən çox sakinlərin gündəlik həyat təcrübəsini formalaşdıran şəhər mühiti elementlərində özünü göstərir.

"Aydındır ki, şəhərdə genişmiqyaslı işlər görülür. Məsələn, yaşıllaşdırma işləri aparılır, ictimai nəqliyyat sistemi inkişaf etdirilir, piyada zonaları genişləndirilir. Bütün bunlar artıq şəhər mühitini əhəmiyyətli dərəcədə dəyişir", – deyə o bildirib.

Şəhərlər arasında bugünkü rəqabət

Vladislav Butenko bildirib ki, bu gün şəhərlərin qavranılmasında diqqət tədricən yalnız infrastrukturdan insan amilinə və onun gündəlik həyat təcrübəsinə yönəlir.

"Bir çoxları şəhərlər haqqında düşünəndə ilk növbədə göydələnləri, körpüləri və möhtəşəm memarlıq tikililərini təsəvvürə gətirir. Bütün bunlar vacibdir, lakin hər şeydən əvvəl şəhər onun sakinləridir. Hətta məsələyə sırf iqtisadi baxımdan yanaşsaq belə, insanlar olmadan, xüsusən də narazı insanların yaşadığı bir şəhərdə iqtisadiyyatın davamlı inkişafı mümkün deyil", – deyə o bildirib.

Onun sözlərinə görə, BCG-nin yanaşması infrastruktur obyektlərinin özünü deyil, onların insanlar üçün yaratdığı dəyəri qiymətləndirməyə əsaslanır.

"İnfrastrukturu qiymətləndirərkən biz həmişə belə bir sual veririk: bu, insana nə qazandırır? Əgər söhbət körpüdən gedirsə, o, təkcə təsirli mühəndislik qurğusu olmamalı, həm də A nöqtəsindən B nöqtəsinə gedən yolu qısaltmalıdır. Əgər bu piyada körpüsüdürsə, o zaman gəzintidən zövq almaq imkanı da yaratmalıdır. Məhz bütün bunlar sonda insanda belə bir hiss formalaşdırır: "Mən bu şəhərdə yaşamağı sevirəm", – deyə Butenko vurğulayıb.

Öz növbəsində Qriqori Rubin qeyd edib ki, bu gün şəhərlər arasında rəqabət getdikcə daha çox "mobil" peşəkarların cəlb olunması uğrunda aparılır.

"Elə insanlar var ki, onlar üçün haradan işləmələrinin prinsipial əhəmiyyəti yoxdur – dünyanın istənilən nöqtəsindən fəaliyyət göstərə bilərlər. Məsələn, İT mütəxəssislərini götürək. Bu gün böyük şəhərlər məhz belə insanlar uğrunda rəqabət aparırlar", – deyə o bildirib.

Rubin vurğulayıb ki, şəhər mühitinin keyfiyyəti və nəqliyyat əlçatanlığı ilə yanaşı, şəhərin inzibati, maliyyə və imic göstəriciləri də böyük əhəmiyyət kəsb edir. "İnsan harada yaşayıb işləyəcəyinə qərar verərkən çox geniş amillər toplusunu nəzərə alır. Buraya miqrasiya sənədlərinin asan əldə olunması, kapitalın hərəkəti ilə bağlı məsələlər və şəhərin özünü necə təqdim etməsi daxildir. Yəni söhbət təkcə infrastrukturdan getmir, bundan qat-qat geniş parametrlər toplusundan gedir. Bəzi istiqamətlər üzrə Bakı artıq çox güclü mövqedədir, bəzi sahələrdə isə inkişaf üçün imkanlar mövcuddur. Ümumilikdə isə rəqabət məhz bu kateqoriyadan olan insanlar – haradan işləmələrinin onlar üçün fərq etmədiyi şərti "rəqəmsal köçərilər" uğrunda gedir", – deyə o izah edib.

Şəhər ilk növbədə sakinlər üçündür

Vladislav Butenkonun sözlərinə görə, "Cities of Choice" tədqiqatında əsas diqqət yalnız turistlərin şəhər barədə təsəvvürünə deyil, ilk növbədə daimi və müvəqqəti sakinlərin həyat keyfiyyətinə yönəldilir.

"2019-cu ildən bəri görürük ki, bir çox şəhərlər əsasən turist təcrübəsi prizmasından qiymətləndirilir. Bəli, turistlər iqtisadiyyatın vacib hissəsidir. Məsələn, Paris həqiqətən də zəngin mədəniyyəti və qastronomiyası ilə seçilən gözəl şəhərdir. Lakin bizim yanaşmamız şəhərə yalnız turistlər üçün deyil, ilk növbədə şəhər sakinləri və rezidentlər üçün nəzərdə tutulmuş məkan kimi baxmaqdır. Bir çox şəhərlərdə, məsələn, Dubay və ya Əbu-Dabidə vətəndaşların payı təxminən 10 faiz ola bilər, lakin rezidentlər əhalinin demək olar ki, hamısını təşkil edir. Bundan başqa, müvəqqəti rezidentlər də var", – deyə Butenko bildirib.

O vurğulayıb ki, müasir şəhər mühiti müxtəlif sakin qruplarının, o cümlədən "rəqəmsal köçərilər"in ehtiyaclarını nəzərə almalıdır.

""Rəqəmsal köçərilər" mütləq hər ay yeni ölkəyə köçən insanlar deyil. Onlardan bəziləri bir neçə il eyni yerdə yaşayır, bəziləri isə "günəşin ardınca" prinsipi ilə hərəkət edir: qışı bir yerdə, yayı isə başqa yerdə keçirirlər. Onlar üçün sabit və sürətli internet həyati əhəmiyyət daşıyır – istər kafedə, istər bankda, istərsə də digər məkanlarda. Çünki onlar məsafədən işləyirlər. Eyni zamanda, onlara rahat rəqəmsal dövlət xidmətləri də lazımdır – icazələri və zəruri sənədləri növbədə gözləmədən onlayn əldə etmək imkanı. Onlar buna öyrəşiblər. Əgər şəhər bunu yüksək səviyyədə təmin edirsə, insanlar ora gəlir və qalırlar. Əks halda isə başqa məkanı seçirlər", – deyə Butenko bildirib.

Mövzunu davam etdirən Yekaterina Şapoçka qeyd edib ki, müasir şəhərlərin inkişafında gündəlik həyatın rəqəmsallaşma səviyyəsi getdikcə daha mühüm amilə çevrilir.

"Qlobal miqyasda məqsədimiz reytinqə daxil olan hər bir şəhərdə gündəlik həyatında rəqəmsal xidmətlərdən ən fəal istifadə edən, yəni aktiv rəqəmsal istifadəçilərin (online adepts) sayını müəyyən etmək idi. Araşdırmamıza daxil edilən 80 şəhər üzrə orta hesabla sakinlərin təxminən 19 faizi gündəlik işlərini maksimum dərəcədə onlayn mühitə keçirib. Onların rahat yaşaması, işləməsi və şəhərə bağlı qalması üçün sürətli internet, rahat çatdırılma xidmətləri, eləcə də onlayn mühitin mümkün qədər sadə və rahat təşkili vacibdir", – deyə Yekaterina Şapoçka bildirib.

O, həmçinin sakinlərin rəqəmsal uyğunlaşma səviyyəsi ilə onların şəhərə bağlılığı arasında aşkar edilmiş əlaqəyə diqqət çəkib.

"Maraqlıdır ki, "online adepts" adətən onlayn xidmətlərdən daha az istifadə edənlərlə müqayisədə yaşadıqları şəhərə daha sadiq olurlar. Bunun səbəbi nədir? Ola bilsin ki, şəhər belə həyat tərzinə o qədər yaxşı uyğunlaşıb ki, insanlar məhz rahatlıq və komfortu yüksək qiymətləndirirlər. Bu baxımdan Bakı həmin göstərici üzrə lider şəhərlərdən biridir", – deyə Şapoçka qeyd edib.

Butenko isə sakinlərin şəhərə bağlılığını əks etdirən "advocacy" göstəricisinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu indeks insanların şəhərlə uzunmüddətli münasibətini əks etdirən bir sıra suallara verdikləri cavablar əsasında formalaşdırılır.

"Bunlar belə suallardır: Mən özümü 20 ildən sonra bu şəhərdə görürəmmi? Onun inkişaf hekayəsinə inanırammı? Övladlarımın gələcəyini burada təsəvvür edirəmmi? Şəhərin məni dəstəklədiyini hiss edirəmmi? və sair. Biz bu cavabları ümumiləşdirərək hər şəhər üzrə yekun göstərici əldə edirik. Bakıda bu göstərici çox yüksəkdir – 86 bal. Üstəlik, 2022–2025-ci illər ərzində bu göstərici 58 baldan 86 bala yüksəlib ki, bu da çox ciddi nailiyyətdir. Bu tamamilə subyektiv qiymətləndirmədir. Reytinqin əsas hissəsində obyektiv məlumatlardan istifadə olunsa da, burada söhbət insanların xoşbəxtlik və həyatdan məmnunluq hissindən gedir", – deyə Butenko vurğulayıb.

Mənzil məsələsinə toxunan Yekaterina Şapoçka bildirib ki, Bakı bu sahədə güclü mövqeyə malik olsa da, bəzi istiqamətlərdə inkişafın davam etdirilməsinə ehtiyac var.

"Bakı mənzil təminatı sahəsində kifayət qədər yaxşı nəticələr göstərir. Lakin inkişaf etdirilə biləcək istiqamətlərdən biri inklüzivlikdir. Buraya, ilk növbədə, əlilliyi olan şəxslərin məşğulluq səviyyəsinin artırılması və hərəkət imkanları məhdud insanlar üçün uyğunlaşdırılmış ictimai nəqliyyatın əlçatanlığının genişləndirilməsi daxildir", – deyə o bildirib.

Şapoçkanın sözlərinə görə, mənzil qiymətlərinin artması hazırda dünyanın əksər şəhərləri üçün xarakterik tendensiyadır.

"Ümumilikdə mənzillər bahalaşır, onların əlçatanlığı isə azalır. Bu, ipoteka kreditlərinin bahalaşması və digər makroiqtisadi amillərlə bağlı qlobal tendensiyadır. Bakı da bundan kənarda deyil. Bununla belə, kifayət qədər inkişaf etmiş kirayə mənzil bazarı şəhərin mənzil əlçatanlığı göstəricisi üzrə reytinqin yuxarı pillələrində qalmasına imkan verir", – deyə Şapoçka qeyd edib.

Bakının inkişaf prioritetləri

Vladislav Butenkonun fikrincə, qarşıdakı 5–10 il üçün Bakının inkişaf prioritetləri həm mövcud boşluqların aradan qaldırılmasını, həm də şəhərin güclü tərəflərinin daha da inkişaf etdirilməsini özündə birləşdirməlidir.

"Bir tərəfdən mövcud çatışmazlıqları aradan qaldırmaq vacibdir. Digər tərəfdən isə şəhərin üstün cəhətlərini qoruyub inkişaf etdirmək də az əhəmiyyət daşımır. İnsanların Bakını sevdikləri üçün burada qalması artıq özlüyündə çox mühüm göstəricidir", – deyə o bildirib.

"Artıq qeyd etmişdik ki, şəhər mühitinin keyfiyyəti sahəsində ciddi irəliləyiş müşahidə olunur. Məsələn, səhiyyə sahəsində Bakı çox güclü nəticələr nümayiş etdirir. Bu göstərici 2022-ci ildəki 83 baldan 2025-ci ildə 93 bala yüksəlib. Bu, qlobal seçimimiz üzrə ən yaxşı nəticələrdən biridir və müsbət dinamika davam edir. Əgər bu tendensiya qorunarsa, Bakı qiymət və keyfiyyət nisbətinə görə bu gün Türkiyə və Misirin seçildiyi kimi, regionun tibbi turizm mərkəzlərindən birinə çevrilə bilər", – deyə Butenko bildirib.

O, həmçinin Bakının təhsil və insan kapitalı sahəsində böyük potensiala malik olduğunu vurğulayıb.

"Təhsil sahəsində əhəmiyyətli irəliləyiş görürük. Gələcəkdə Bakı təkcə Azərbaycanın regionlarından deyil, digər ölkələrdən də insanların təhsil almaq üçün üz tutduğu şəhərə çevrilə bilər", – deyə o qeyd edib.

Şəhər mühitindən danışan Butenko ictimai məkanların rolunun getdikcə artdığına diqqət çəkib.

"Getdikcə daha çox insan "third place" modeli üzrə çalışır – yəni nə evdən, nə də ofisdən, şəhərin çevik ictimai məkanlarından işləyir. Bakının iqlimi buna əlverişlidir. Buna görə də belə formatlar daha da geniş yayılacaq və şəhər qlobal dünya ilə daha sıx inteqrasiya olunacaq", – deyə o bildirib.

Yekaterina Şapoçka isə təhlükəsizlik və iqtisadi imkanları Bakının gələcək inkişafı üçün əsas istiqamətlər kimi qiymətləndirib.

"Bu gün həm insanlar, həm də kapital üçün təhlükəsizlik son dərəcə vacibdir. Bakı bu baxımdan həm obyektiv göstəricilər, həm də sakinlərin subyektiv hissləri üzrə kifayət qədər güclü mövqedədir. Getdikcə daha çox hallarda təhlükəsizlik insanların yaşayış və biznes üçün şəhər seçərkən əsas meyarlardan birinə çevrilir", – deyə o bildirib.

Onun sözlərinə görə, Bakının iqtisadi imkanları baxımından potensialı hələ tam reallaşmayıb. Buraya şirkətlərin qeydiyyatının sürəti və dəyəri, maliyyə resurslarına çıxış, biznesə dəstək, insanların karyera yüksəlişi və özünüreallaşdırma imkanları daxildir.

"Biz, həmçinin, şəhərdə mövcud vakansiyaların sayını və onların sakinlərin peşə profilinə nə dərəcədə uyğun gəldiyini də təhlil edirik. Şəhər həm fəaliyyət göstərən, həm də yeni şirkətlərlə daha fəal əməkdaşlıq edərək əmək bazarı ilə insanların özünüreallaşdırma imkanları arasında daha yaxşı uyğunluq yarada bilər", – deyə Şapoçka bildirib.

O, innovasiya potensialını da perspektivli istiqamətlərdən biri kimi qiymətləndirib.

"İnnovasiya imkanları da az əhəmiyyət daşımır. Biz vençur kapitalının həcmini, startapların sayını, akselerasiya və inkubasiya infrastrukturlarının inkişaf səviyyəsini diqqətlə qiymətləndiririk. Getdikcə daha çox insan özünüməşğulluğa və şəxsi məhsulların yaradılmasına üstünlük verir. Bu baxımdan da Bakının əhəmiyyətli potensialı var", – deyə o bildirib.

Vladislav Butenko hesab edir ki, insan yönümlü iqtisadiyyatın inkişafına xüsusi diqqət ayrılmalıdır.

"Söhbət ilk növbədə biznes üçün imkanların genişləndirilməsindən və gəlir bərabərsizliyinin azaldılmasından gedir. Əslində bu, insanlar üçün iqtisadiyyat deməkdir. Məhz bu istiqamətdə Bakı mövqelərini daha da gücləndirərək qlobal reytinqimizin daha yüksək kateqoriyasına yüksələ bilər.

Eyni zamanda, şəhər mühiti baxımından Bakı artıq çox yüksək səviyyədədir. Burada "çox yaxşı" kateqoriyasından "ən yaxşı" kateqoriyasına keçmək potensialı mövcuddur. Yaxın gələcəkdə Bakının Xəzər və Mərkəzi Asiya regionunda şəhər mühitinin komfortu baxımından tanınmış liderə çevrilməyi məni heç də təəcübləndirməz. Bu, qarşıdakı beş il ərzində tamamilə real görünür, çünki belə layihələr kifayət qədər sürətlə həyata keçirilir", – deyə o vurğulayıb.

Qriqori Rubin isə qeyd edib ki, şəhərin inkişafında əsas amil onun strateji ambisiyası və qlobal şəhərlər sistemində öz rolunu necə müəyyənləşdirməsidir.

"Burada çox şey şəhərin ambisiyasından asılıdır. Məqsəd əsasən yerli sakinlər üçün rahat şəhər olmaqdır, yoxsa beynəlxalq hablardan birinə çevrilərək dünyanın hər yerindən insanları cəlb etmək? Şəhər mühitinə qoyulan tələblər də məhz bu seçimdən bilavasitə asılıdır", – deyə Rubin bildirib.

"Məsələn, ekspatlar üçün yeni şəhərə tez uyğunlaşmaq və gündəlik həyatlarını qısa müddətdə qurmaq çox vacibdir. Əgər şəhər ekspatları cəlb etmək istəyirsə, onların maneəsiz inteqrasiyası və rahat yaşayışı üçün şərait yaratmağı bacarmalıdır. Digər məsələlərlə yanaşı, ingilis dilində təhsil verən keyfiyyətli beynəlxalq məktəblərin mövcudluğu da mühüm əhəmiyyət kəsb edir. Əgər şəhər əsasən yerli sakinlərə yönəlibsə, bu tələblər o qədər də həlledici olmaya bilər", – deyə Qriqori Rubin bildirib.

Vladislav Butenko əlavə edib ki, şəhərin inkişafı sakinlərin, turistlərin və ya mobil mütəxəssislərin maraqları arasında seçim etməkdən ibarət deyil. Əksinə, bu məqsədlər bir-birini tamamlayır, lakin aydın strateji prioritetlər tələb edir.

"Şəhər sakinlər üçün rahat olduqda, bunu həm turistlər, həm də burada yaşamaq və işləmək üçün gələn "rəqəmsal köçərilər" də hiss edirlər. Onlar şəhərdə xoşbəxt insanları gördükdə, bu, onların öz təcrübəsinə də müsbət təsir göstərir", – deyə Butenko bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, şəhərin inkişafı öz axarı ilə baş verməyəcək.

"Sadəcə hər şeyi yaxşı edib nəticələrin öz-özünə əldə olunacağını gözləmək olmaz. Əksər hallarda şəhərlər strateji seçim edirlər: hara investisiya yatırmaq, hansı prioritet istiqamətləri inkişaf etdirmək. Məsələn, Dubay kriptoindustriya üzrə mütəxəssislərin cəlb olunmasını, Səudiyyə Ərəbistanı isə süni intellekt sahəsində mütəxəssislərin cəlb edilməsini strateji hədəf seçib. Bunlar çox konkret və məqsədyönlü qərarlardır. Şəhər üçün əsas məsələ strateji qərarlar qəbul etmək və onların icrasına fokuslanmaqdır. Çünki bütün ideyaları eyni vaxtda həyata keçirmək mümkün deyil – nə resurslar, nə də idarəetmə imkanları buna kifayət edər", – deyə Butenko bildirib.

Yekaterina Şapoçka qeyd edib ki, bir sıra istiqamətlər üzrə Bakı rəqəmsal həllər və artıq mövcud texnologiyalar sayəsində qısa müddətdə əhəmiyyətli irəliləyiş əldə edə bilər.

Onun sözlərinə görə, inkişaf üçün əsas ehtiyatlardan biri vətəndaşlarla idarəetmə sistemi arasında qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsidir.

"Süni intellektin inkişafı və rəqəmsallaşmanı nəzərə alsaq, bu, nisbətən qısa müddətdə yaxşılaşdırılması mümkün olan istiqamətlərdən biridir. Bunun sayəsində şəhər sakinlərinin məmnunluq səviyyəsini də əhəmiyyətli dərəcədə artırmaq olar", – deyə o bildirib.

Şapoçkanın sözlərinə görə, şəhərlərin demoqrafik dəyişikliklərə və ömür uzunluğunun artmasına uyğunlaşması da mühüm istiqamətlərdən birinə çevrilir.

"Biz həmçinin şəhərlərin uzunömürlülüyə (longevity) hazırlıq səviyyəsini də qiymətləndiririk. Burada uzunömürlülüklə sağlam ömür müddəti arasında fərqi ayırd etmək çox vacibdir. Bakı bu göstərici üzrə orta-yüksək mövqelərdə qərarlaşıb və bu istiqamət gələcəkdə daha da inkişaf edəcək", – deyə o vurğulayıb.

O, həmçinin şəhərin əlaqəliliyi və şəhərsalma planlaşdırmasının keyfiyyətinin vacibliyinə diqqət çəkib.

"Söhbət yalnız nəqliyyatdan getmir. Rahat piyada marşrutlarının mövcudluğu, məktəblərin, mağazaların və zəruri xidmətlərin insanların rahat çata biləcəyi məsafədə yerləşməsi də böyük əhəmiyyət daşıyır. Şəhərsalma baxımından bu da Bakının gələcəkdə inkişaf etdirməli olduğu istiqamətlərdən biridir", – deyə Şapoçka qeyd edib.

Gələcəyin şəhərləri

Vladislav Butenkonun sözlərinə görə, gələcəkdə şəhərlərin inkişafını üç əsas tendensiya müəyyən edəcək: qlobal qeyri-müəyyənliyin artması, mobillik modellərinin dəyişməsi və insanların ən dəyərli resurs olan vaxta qənaət etmək istəyi.

"Birincisi, dünyada qeyri-müəyyənlik yalnız artacaq. Buna görə də şəhərlər müxtəlif səbəblərdən yaşadıqları yeri tərk etmək qərarına gələn insanları qəbul etməyə hazır olmalıdır", – deyə o bildirib.

Onun fikrincə, artıq böhranlar və yaşamaq, işləmək üçün alternativ şəhərlərin axtarışı ilə bağlı yeni qlobal mobillik modeli formalaşır.

"Misal üçün Dubayı götürək. Xüsusilə məsafədən işləyən və ya tez-tez yerini dəyişə bilən insanlar getdikcə daha çox alternativ şəhərlər axtarmağa başlayırlar. Kimisi Sinqapura, kimisi Daşkəndə, Vyetnama, Honkonqa və ya Cənubi Avropanın kiçik şəhərlərinə üz tutur. Məsələ ondadır ki, Bakı belə şəhərlər sırasında necə yer ala bilər. Bu artıq nəzəri məsələ deyil, bugünkü günün çağırışıdır", – deyə Butenko bildirib.

O, fasiləsiz rəqəmsal bağlantının artıq yeni baza infrastrukturu olduğunu da xüsusi vurğulayıb.

"İkinci istiqamət ümumi rəqəmsal bağlantıdır. İnsan evdən ofisə, parkdan digər məkanlara keçərkən rabitədə heç bir fasilə hiss etməməlidir. Bu model artıq, məsələn, Yaponiyada tətbiq olunur. Bu gün insanlar deyirlər ki, infrastruktur normaldır, amma o, konkret məqsədə xidmət etməlidir. Əsas tələb həyat vaxtına qənaətdir. Şəhərin vəzifəsi insanların nəqliyyata, məişət işlərinə və təşkilati məsələlərə sərf etdiyi vaxtı azaltmaq, onların sərbəst vaxtını isə artırmaqdır", – deyə Butenko qeyd edib.

Onun sözlərinə görə, məhz bu "qazanılmış vaxt" müasir şəhər mühitinin yeni dəyərinə çevrilir.

"Şəhərlər istəyirlər ki, insanlar həmin vaxtı yeni təəssüratlara, emosiyalara və layfstayl-a sərf etsinlər. Məhz bunlar həyat keyfiyyətini və insanın şəhərə emosional bağlılığını formalaşdıran cəhətlərdir", – deyə Butenko fikrini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti