Bakı.Trend:
Afrikanın şimal sahilində yerləşən Seuta muxtar şəhərinə miqrant axını nəticəsində həlak olanların sayı 88 nəfərə çatıb.
Bu barədə EFE agentliyi məlumat yayıb.
Bundan əvvəl, İspaniya hökumətinin Seutadakı nümayəndəliyi avqustun 2-də 72 nəfərin həlak olduğunu bildirmişdi. Mərakeş hakimiyyəti isə 11 nəfərin öldüyünü açıqlamışdı.
İyulun sonunda on minlərlə qanunsuz miqrant üzərək, eləcə də Seutanı Mərakeşdən ayıran dalğaqıranı piyada keçərək muxtar şəhərə daxil ola bilmişdi.
Yaranmış böhran fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin edilməsinə dəstək məqsədilə hərbçiləri səfərbər etmək qərarına gəlib.
Bildirilir ki, miqrantların böyük əksəriyyəti artıq Mərakeşə geri qayıdıb.
