Bakı. Trend:
Yeni təmayül tədris modeli tətbiq olunan məktəblərdə işləmək istəyən müəllimlərin müsahibəsi başlayır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, yeni təmayül tədris modeli tətbiq olunan ümumtəhsil müəssisələrinə işə qəbul üzrə müəllimlərin müsahibəsinə 3 avqustdan etibarən start verilir.
Məlumata görə, ilkin olaraq, buraxılış fənləri - Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil üzrə fənn müəllimlərinin müsahibəsi nəzərdə tutulub.
Müsahibədə uğur qazanan müəllimlərə SMS vasitəsilə bildiriş göndəriləcək. Elektron qəbul mərkəzləşmiş formada həyata keçirilir. Qeydiyyatdan keçmiş şagirdlərin siyahısı, buraxılış imtahanının nəticələri və digər zəruri məlumatlar hazırlanaraq məktəblərə göndərilir. Məktəblər isə valideyn və şagirdləri məktəbə dəvət edir. Valideynlərin ərizəsi əsasında şagirdlərin məktəbə qəbulu rəsmiləşdirilir. Məktəblərdə bütün təmayül istiqamətləri üzrə şagirdlərin qəbulu yekunlaşdıqdan sonra nəticələr açıqlanacaq", - BŞTİ-nin məlumatında bildirilib.
Qeyd edək ki, yeni təmayül tədris modeli tətbiq olunan məktəblərə şagird qəbulu isə 1 sentyabr tarixinədək uzadılıb.
Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Məlumata görə, yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq. Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunurlar. Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınır.
