Bakı. Trend:
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə imzalanmış memorandumu ölkənin yaxın illərdə xarici siyasətini müəyyən edəcək əsas sənəd adlandırıb.
Bu barədə M.Pezeşkian "X" sosial şəbəkəsindəki səhifəsində yazıb
“İmzalanmış memorandum Milli Təhlükəsizlik üzrə Ali Şura üzvlərinin kollektiv müdrikliyinin nəticəsidir və Şuranın bütün üzvləri bu sənədi yekdilliklə dəstəkləyirlər”, – deyə İran prezidenti yazıb.
Onun sözlərinə görə, memorandum “gələcəkdə xarici siyasətimizin əsasını təşkil edəcək”.
Prezident həmçinin qeyd edib ki, İran “qarşı tərəfin imzaladığı sənəd üzrə üzərinə götürdüyü öhdəliklərə sadiq qalmasına nail olmalıdır”.
“Bu memorandum ölkənin, regionun və müttəfiqlərimizin təhlükəsizliyini gücləndirəcək”, – deyə Pezeşkian əlavə edib.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
