Bakı.Trend:
Avstraliya hökuməti ölkədə ilk dəfə H5 quş qripi virusu səbəbindən vəhşi quşların kütləvi tələfatının qeydə alındığını açıqlayıb.
Bu barədə "ABC" telekanalı məlumat yayıb.
Hazırkı məlumata görə, ölkənin müxtəlif ştatlarında quş qripinə 78 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Bunlardan 58-i Cənubi Avstraliyada, 10-u Qərbi Avstraliyada, 7-si Viktoriya ştatında, 2-si Yeni Cənubi Uelsdə, 1-i isə Kvinslenddə aşkarlanıb. Kənd təsərrüfatı naziri Culi Kollinz bildirib ki, quşların kütləvi tələfatı gözlənilən idi.
"Təəssüflər olsun ki, bizə artıq məlumdur ki, H5 virusu vəhşi heyvanlar arasında və təbiətdə yayıldıqda, ciddi itkilərin qarşısını almaq mümkün olmur. Hazırda da bunun ilk nəticələrini müşahidə etməyə başlayırıq", – deyə nazir əlavə edib.
Kollinz təsdiqləyib ki, ev quşları və ya kənd təsərrüfatı təsərrüfatlarında yoluxma halları qeydə alınmayıb, insanlar üçün sağlamlıq riski isə aşağı olaraq qalır.
