Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci ildə daxili kapital bazarları üçün emissiya etdiyi ikinci SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 3 avqust tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, 19-cu kupon ödənişi nəticəsində ikinci SOCAR İstiqrazlarının investorlarına qazandırdığı gəlir ümumilikdə 21 milyon 375 min ABŞ dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir $22.5 milyon təşkil edəcək.)
Qeyd edilib ki, SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında 132.2 milyon ABŞ dolları məbləğində ticarət aparılıb və 1784 əqd bağlanıb.
Ümumilikdə, SOCAR İstiqrazları buraxılandan (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 61 milyon 375 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.
İkinci SOCAR İstiqrazlarının növbəti və sonuncu kupon ödənişi tarixi 2 noyabr 2026-cı ildir.
"10 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edə bilərsiniz.
Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN Xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər", - məlumatda bildirilib.
SOCAR istiqrazları ölkənin korporativ istiqraz bazarında yüksək investor marağını qorumaqla yanaşı, kapital bazarının yeni alətlər hesabına genişlənməsinə də təkan verir. Bakı Fond Birjasında son illərdə "yaşıl istiqrazlar" seqmentinin formalaşması bu istiqamətdə yeni imkanlar açıb.
Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov da Trend-ə müsahibəsində bildirib ki, gələcəkdə Azərbaycanda "yaşıl istiqrazlar" üzrə əlavə emissiyaların həyata keçirilməsi gözlənilir.
Onun sözlərinə görə, ötən ilin mart ayında SOCAR-ın 200 milyon ABŞ dolları həcmində, 5 illik müddətə buraxılmış "yaşıl istiqrazları"nın Bakı Fond Birjasında tədavülünə başlanılıb.
"Biz Bakı Fond Birjası olaraq "yaşıl istiqrazlar"ı dəstəkləmək üçün ayrıca "Green Bond Segment" ("Yaşıl istiqrazlar" seqmenti) yaratmışıq. Həmin bazar seqmenti üçün bütün listinq komissiyalarını sıfırlamışıq. Yəni "yaşıl istiqraz" kimi listinqə çıxmaq istəyən və müvafiq meyarlara cavab verən şirkətlər listinq haqqından azad olunur", – deyə R.Xəlilov qeyd edib.
BFB sədri bildirib ki, enerji və logistika sektorlarında fəaliyyət göstərən bir sıra şirkətlər "yaşıl istiqraz" buraxılışında maraqlıdır. "Yəqin ki, zamanla "yaşıl istiqrazlar" üzrə əlavə buraxılışları görəcəyik", – deyə o əlavə edib.
