Azərbaycan dili milli təhlükəsizliyin və dövlət müstəqilliyinin mühüm sütunlarından biridir - Şərh

Cəmiyyət Materials 1 Avqust 2026 16:00 (UTC +04:00)
Azərbaycan dili milli təhlükəsizliyin və dövlət müstəqilliyinin mühüm sütunlarından biridir - Şərh
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dili xalqın tarixini, mədəniyyətini və milli düşüncəsini gələcək nəsillərə daşıyan ən etibarlı körpüdür.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elnarə Akimova deyib.

Deputat bildirib ki, hər il 1 Avqust ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur və bu tarix ana dilinə ehtiramın ifadəsi olmaqla yanaşı, milli kimliyi, mənəvi yaddaşı və dövlətçilik ənənələrini yaşadan ən böyük sərvətlərdən birinin əhəmiyyətini bir daha xatırladır.

Onun sözlərinə görə, Azərbaycan dili əsrlər boyu xalqın varlığını qoruyan, zəngin ədəbi irsi və milli-mənəvi dəyərləri yaşadan əsas amillərdən biri olub.

“Bu dil sayəsində xalqımız ən çətin tarixi sınaqlardan üzüağ çıxaraq milli kimliyini və özünəməxsusluğunu qoruyub saxlayıb. Ana dilinə bağlılıq Vətənə, dövlətə və milli köklərə bağlılığın ayrılmaz hissəsidir”, - deyə deputat vurğulayıb.

E.Akimova qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti müstəqil Azərbaycanın mühüm dövlətçilik prinsiplərindən birinə çevrilib.

Onun sözlərinə görə, 1 Avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi də ana dilinin qorunmasına verilən yüksək dövlət qayğısının bariz ifadəsidir.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi fikirlər ana dilinin dövlətçilikdəki rolunu bir daha aydın şəkildə ortaya qoyub.

“Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan xalqı əsrlər boyu öz milli kimliyini məhz dili, ədəbiyyatı və mədəniyyəti vasitəsilə qoruyub. Bu yanaşma göstərir ki, ana dili təkcə ünsiyyət vasitəsi deyil, milli təhlükəsizliyin, ideoloji bütövlüyün və dövlət müstəqilliyinin mühüm sütunlarından biridir”, - deyə o əlavə edib.

E.Akimovanın fikrincə, qloballaşma və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan dilinin saflığını qorumaq, onun elmi, təhsil və informasiya məkanındakı mövqeyini gücləndirmək xüsusi əhəmiyyət daşıyır.

“Bu məsuliyyət yalnız dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşür. Dilə qayğı gələcəyə qayğıdır”, - deyə deputat bildirib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycan dilində çıxış etməsi dövlət dilinin nüfuzunun və Azərbaycanın siyasi müstəqilliyinin parlaq göstəricisidir.

“Dünyaya öz ana dilində müraciət edən lider əslində xalqının kimliyinə, mədəniyyətinə və dövlətçiliyinə verdiyi dəyəri nümayiş etdirir”, - deyə E.Akimova qeyd edib.

Deputat sonda bildirib ki, Azərbaycan dili xalqın ən böyük mənəvi sərvətidir və onu qorumaq, zənginləşdirmək, gələcək nəsillərə saf şəkildə ötürmək hər bir vətəndaşın borcudur.

“Ana dilimiz yaşadıqca milli kimliyimiz yaşayacaq, milli kimliyimiz yaşadıqca isə Azərbaycan dövlətçiliyi daha da möhkəmlənəcək. Məhz buna görə də 1 Avqust təkcə dil bayramı deyil, milli varlığımıza, dövlətçiliyimizə və gələcəyimizə sədaqətin təntənəsidir”, - deyə Elnarə Akimova əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti