Mərkəzi Bank elektron pul təşkilatına icrası məcburi göstəriş verib

İqtisadiyyat Materials 3 Avqust 2026 14:05 (UTC +04:00)
Mərkəzi Bank elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) "Algoritma" MMC-yə icrası məcburi göstəriş verib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata əsasən, "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nın 4.3-cü bəndi ilə müəyyən edilmiş məcmu kapitalın minimum miqdarına dair tələbin pozuntusunun aradan qaldırılması, həmçinin daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Algoritma" MMC-yə icrası məcburi olan göstəriş verilib.

Elektron pul təşkilatları elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının həyata keçirilməsi ilə yanaşı, lisenziyalarında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini də göstərə bilərlər. Bu xidmətlərə ödəniş hesabına nağd vəsaitin mədaxili və məxarici, kredit köçürmələri, birbaşa debitləşmə, ödəniş kartları ilə əməliyyatlar, pul köçürmələri, ödəniş alətlərinin emissiyası və ekvayrinqi, ödəniş əməliyyatları üzrə vasitəçilik, eləcə də hesab üzrə məlumat xidmətləri daxildir.

Hazırda Azərbaycanda Mərkəzi Bankın reyestrinə əsasən 15 elektron pul təşkilatı fəaliyyət göstərir. Bunlar "A-Solutions Elektron Pul Təşkilatı" MMC, "United Payment" MMC, "PashaPay" MMC, "Mobile Payment Solutions" MMC, "Mpay" MMC, "PulPal" MMC, "Qoldenpey" MMC, "K GROUP" MMC, "Payriff" MMC, "Cüzdan" MMC, "Tiko Azərbaycan" MMC, "Baku Pay" MMC, "Algoritma" MMC, "CİBPAY" MMC və "Multi Solutions" MMC-dir.

Bundan əlavə, Mərkəzi Bankın məlumatına görə, "Greentek Group" MMC, "Guavapay" MMC, "Azvvallet" MMC və "Paysis" MMC elektron pul təşkilatlarının lisenziyaları ləğv edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti