Azərbaycan banklarında manatla əmanətlər artıb

İqtisadiyyat Materials 3 Avqust 2026 10:11 (UTC +04:00)
Azərbaycan banklarında manatla əmanətlər artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 17,824 milyard manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.

Məlumata görə, əmanətlərin həcmi bir ay əvvələ nisbətən 23,8 milyon manat və ya 0,13%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,9 milyard manat və ya 15,5% artıb.

Bu ilin iyulun 1-nə fiziki şəxslərin milli valyuta (manat) ilə əmanətlərinin həcmi 12,845 milyard manat, xarici valyuta ilə isə 4,979 milyard manat təşkil edib.

Milli valyuta ilə əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 234,7 milyon manat və ya 1,9%, illik müqayisədə isə 2,4 milyard manat və ya 23% artıb.

Xarici valyutada isə əmanətlər bu ilin iyunun 1-i ilə müqayisədə 210,9 milyon manat və ya 4,1%, ötən ilin eyni dövrünə nisbətən isə 14,4 milyon manat və ya 0,3% azalıb.

Beləliklə, iyulun 1-nə fiziki şəxslərin milli valyutada saxladıqları əmanətlər xarici valyutadakı əmanətləri 7,9 milyard manat və ya 2,6 dəfə üstələyib.

AMB sədri Taleh Kazımovun sözlərinə görə, bank sektorunda müşahidə olunan bu dinamika əmanətçilərin manat aktivlərinə marağının artdığını göstərir.

"2021-ci ildə Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi 40 %-dən çox olsa da, hazırda 25,6 %-ə düşüb. Digər tərəfdən, görürük ki, əmanətlər, xüsusilə də manat əmanətləri artır. Təkcə manat əmanətləri deyil, unikal əmanətçilərin sayı da artır. Əgər 2024-cü ilin əvvəlində unikal əmanətçilərin sayı 113,9 min nəfər idisə, bu ilin iyun ayının sonuna həmin göstərici 220 minə çatıb. Beləliklə, təxminən iki il yarımda bu rəqəm demək olar ki, iki dəfə artıb", - deyə o bildirib.

AMB sədri qeyd edib ki, nağd valyuta bazarında dolları əsasən fiziki şəxslər satırlar.

"Bəzi ekspertlər bunu əhalinin real gəlirlərinin azalması ilə əlaqələndirirlər və hesab edirlər ki, insanlar bu səbəbdən yastıq altında saxladıqları valyutanı satırlar. Bu, mümkün izahlardan biri ola bilər. Ancaq biz başqa tendensiyanı da müşahidə edirik: həm nağd bazarda əhali valyuta satır, həm də əvvəlki illərlə müqayisədə manat əmanətlərində kəskin artım qeydə alınır", - deyə T.Kazımov vurğulayıb.

O əlavə edib ki, valyuta bazarında idxalın azalması da xarici valyutaya tələbi zəiflədən əsas amillərdəndir.

"Valyuta bazarına gəldikdə, bildiyiniz kimi, idxalın həcmi azalıb. Bu da təbii olaraq valyuta bazarında tələbə azaldıcı təsir göstərir", - deyə AMB sədri bildirib.

Taleh Kazımovun sözlərinə görə, manatın ticarət tərəfdaşlarının valyutalarına qarşı möhkəmlənməsi də inflyasiya təzyiqlərinin azalmasına müsbət təsir göstərir.

"İnflyasiyanın idarə olunmasında qiymətlərin artmasına təsir edən əsas amillər ticarət tərəfdaşlarımızdakı inflyasiya prosesləri və xərc amilləridir. İnflyasiyanı azaldan əsas amil isə nominal effektiv məzənnədir", - deyə o qeyd edib.

AMB sədri bildirib ki, enerji daşıyıcılarının bahalaşması fonunda dollar indeksinin möhkəmlənməsi manatın digər valyutalara nisbətən dəyərinin artmasına səbəb olur.

"Çox sadə dillə desək, dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri artdıqda dollar indeksi də möhkəmlənir. Dollar indeksinin möhkəmlənməsi isə o deməkdir ki, manat digər valyutalara nisbətən də möhkəmlənir. Nəticədə idxal etdiyimiz ticarət tərəfdaşlarının valyutalarına qarşı manatın məzənnəsi güclənir və bu da ölkəyə daha az inflyasiya idxal etməyimizə səbəb olur. Nəzərə almalıyıq ki, qeyri-neft-qaz idxalımızın 80 %-i enerji daşıyıcıları ixrac edən ticarət tərəfdaşlarının payına düşür", - deyə o əlavə edib.

AMB sədri həmçinin bildirib ki, valyuta bazarında təklifin yüksək olması Mərkəzi Bankın bu il alışyönlü müdaxilə həyata keçirməsinə imkan yaradıb və ilin sonuna qədər də bu tendensiyanın davam edəcəyi gözlənilir.

"Bu ilin sonunda da Mərkəzi Bankın valyuta bazarına müdaxilə edəcəyini proqnozlaşdırırıq", - deyə T.Kazımov bildirib.

Qeyd edək ki, cari ilin ilk altı ayında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunub. Yanvar–iyun aylarında mübadilə şöbələri tərəfindən müştərilərdən alınan nağd xarici valyuta satışı 482 milyon ABŞ dolları üstələyib. Eyni zamanda, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,8 faiz bəndi azalaraq 2026-cı ilin iyununda 25,6%-ə enib.

Valyuta bazarında tələbin azalması və təklifin artması fonunda Mərkəzi Bank alışyönlü müdaxilələr həyata keçirib. Nəticədə AMB-nin valyuta ehtiyatları ilin ilk yarısında 2,2 milyard ABŞ dolları və ya 19,5% artaraq 13,8 milyard ABŞ dollarına çatıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozları da bank sektorunda milli valyutanın mövqeyinin daha da güclənəcəyini göstərir.

Fondun son icmalına əsasən, Azərbaycanda milli valyutada depozitlərin həcmi 2026-cı ildəki 24,7 milyard manatdan 2031-ci ildə 41,2 milyard manata yüksələcək. Bu, beş il ərzində təxminən 84 faizlik artım deməkdir. Eyni dövrdə xarici valyutada depozitlərin isə daha mülayim templə artaraq 9,9 milyard manatdan 10,8 milyard manata yüksələcəyi proqnozlaşdırılır.

BVF həmçinin hesab edir ki, ölkədə geniş pul kütləsi də artımını davam etdirəcək və 2026-cı ildəki 53,4 milyard manatdan 2031-ci ildə 75,7 milyard manata çatacaq. Milli valyutada pul kütləsinin isə həmin dövrdə 43,5 milyard manatdan 64,9 milyard manata yüksəlməsi gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti