Bakı.Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəs üçün üç variant təklif edir – havada, enerji infrastrukturunda və cəbhə xəttində.
Bu barədə onun Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Strana.ua" nəşrinin Telegram kanalına açıqlamasında bildirib.
"Bir sıra müxtəlif formatlar tapmaq mümkündür. Bundan əlavə, sonradan çətin danışıqların aparılması üçün müharibənin cəbhə xətti boyunca dondurulması da təklif olunur", – deyə o qeyd edib.
Podolyak əlavə edib ki, Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.
Bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə mümkün "hava atəşkəsi" ilə bağlı hər hansı konkretliyin olmadığını bildirib.
"Hər hansı yeni formul və ya təkliflərlə bağlı konkret məlumat yoxdur", – deyə Peskov vurğulayıb.
