İsveçrədə legionellyoz xəstəliyinə 26 yoluxma halı qeydə alınıb, Bazeldə bir nəfər ölüb

Dünya xəbərləri Materials 3 Avqust 2026 21:48 (UTC +04:00)
İsveçrədə legionellyoz xəstəliyinə 26 yoluxma halı qeydə alınıb, Bazeldə bir nəfər ölüb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin Bazel şəhərində legionellyoz xəstəliyinə yoluxma hallarında artım müşahidə olunur.

Bu barədə avqustun 3-də Bazel kantonunun Səhiyyə Departamenti məlumat yayıb.

Məlumata görə, indiyədək 26 yoluxma halı qeydə alınıb, onlardan biri ölümlə nəticələnib. Səhiyyə orqanları infeksiyanın mənbəyi kimi ofis binasının damında quraşdırılmış soyutma qüllələrindən şübhələnirlər.

"Bir nəfər təəssüf ki, həyatını itirib, digər bir xəstə isə hələ də reanimasiya şöbəsindədir", - deyə məlumatda bildirilir. Hazırda doqquz nəfər xəstəxanada müalicə alır.

Legionellyoz (digər adı - legioner xəstəliyi - red.) "Legionella pneumophila" bakteriyasının törətdiyi ağciyər xəstəliyidir. Yoluxma bakteriya ilə çirklənmiş aerozolların tənəffüs edilməsi nəticəsində baş verir.

Yoluxmaların əksəriyyəti Bazelin eyni məhəlləsində qeydə alınsa da, Fransa və Almaniya ilə sərhəddə yerləşən bu şəhərin digər hissələrində də ayrı-ayrı hallara rast gəlinib.

Araşdırmalar əsasən su ilə işləyən soyutma qüllələri üzərində cəmləşib. Son günlər aparılan yoxlamalar zamanı yoluxma ocağına yaxın ərazidə analiz edilən 10 qurğudan 8-də icazə veriləndən yüksək miqdarda legionella səviyyəsinin aşkar edildiyi müəyyən olunub. Onlardan ikisi ofis binasının damında yerləşən soyutma qüllələridir və onların fəaliyyəti dayandırılıb.

Bazel hakimiyyəti nəfəs darlığı, yüksək hərarət və güclü öskürək kimi pnevmoniya əlamətləri müşahidə olunan şəxslərə dərhal həkimə müraciət etməyi tövsiyə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti