Bakı. Trend:
Çolpon-Atada keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi görüşü regionda formalaşan yeni əməkdaşlıq modelinin növbəti təsdiqi oldu. Son illərdə qarşılıqlı siyasi etimadın möhkəmlənməsi, iqtisadi əlaqələrin genişlənməsi və nəqliyyat-logistika layihələrinin sürət qazanması göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq daha geniş geosiyasi və geoiqtisadi məzmun qazanır.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Prezident İlham Əliyevin Çolpon-Atadakı çıxışında səsləndirdiyi fikirlər də məhz bu reallığı əks etdirir: "Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir". Bu yanaşma təsadüfi deyil. Son bir neçə ildə Azərbaycan Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanla münasibətləri bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə genişləndirib. Qarşılıqlı dövlət səfərlərinin intensivliyi, hökumətlərarası komissiyaların fəaliyyəti, iqtisadi forumlar və biznes platformaları əməkdaşlığın sistemli xarakter aldığını göstərir.
Prezident İlham Əliyevin qeyd etdiyi statistika da bunu aydın nümayiş etdirir. Onun sözlərinə görə, 2023-cü ilin əvvəlindən etibarən Azərbaycanın dövlət başçısı Mərkəzi Asiya ölkələrinə ümumilikdə 16 səfər edib, region ölkələrinin liderləri isə Azərbaycana 26 dəfə gəliblər. Müasir diplomatiyada belə dinamika təkcə siyasi dialoqu deyil, həm də konkret iqtisadi layihələrin və uzunmüddətli tərəfdaşlığın göstəricisi hesab olunur", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya ölkələrini yaxınlaşdıran əsas amillərdən biri nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır.
"Son illərdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz Avropa ilə Asiya arasında ən perspektivli yük daşımaları marşrutlarından biri kimi ön plana çıxıb. Bu marşrutun səmərəli işləməsi üçün Azərbaycan Xəzər dənizində müasir gəmiçilik imkanlarını genişləndirib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarını artırıb, Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Avropaya çıxışı təmin edib. Mərkəzi Asiya ölkələri isə öz növbəsində yük axınlarının artırılması, liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində iri layihələr həyata keçirirlər. Nəticədə region dövlətləri təkcə tranzit tərəfdaşları deyil, həm də vahid logistika məkanının iştirakçılarına çevrilirlər", - politoloq bildirib.
A.Qarayev qeyd edib ki, əməkdaşlığın mühüm istiqamətlərindən biri investisiya və sənaye sahələridir. Azərbaycan artıq bir sıra Mərkəzi Asiya ölkələrində konkret layihələrin iştirakçısıdır.
"Çolpon-Atada Prezident İlham Əliyevin diqqət çəkdiyi məqamlardan biri də Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun fəaliyyətinin genişləndirilməsi oldu. Dövlət başçısı bildirdi ki, imzalanan sənədlərdən biri Fondun vəsaitinin 100 milyon dollardan 200 milyon dollara çatdırılmasını nəzərdə tutur. Bu qərar iki ölkə arasında investisiya əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərir. Fond vasitəsilə artıq müxtəlif istehsal və biznes layihələri maliyyələşdirilir, yeni müəssisələr fəaliyyətə başlayır. Bu model gələcəkdə digər istiqamətlər üzrə də birgə investisiya təşəbbüslərinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır", - o bildirib.
Politoloq vurğulayıb ki, Azərbaycanın Qırğızıstanda həyata keçirdiyi turizm layihələri də iqtisadi əməkdaşlığın praktik nəticələrindən biridir.
"İssık-Kul sahilində Azərbaycan tərəfindən inşa olunan beşulduzlu "Bakı" hoteli bunun bariz nümunəsidir. Bu layihə yalnız investisiya deyil, həm də ölkələr arasında biznes və turizm əlaqələrinin inkişafına xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən fikirlərdən biri belə oldu: "Bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib". Əslində bu fikir son illərdə baş verən proseslərin məntiqi nəticəsini ifadə edir. Enerji, nəqliyyat, rəqəmsal bağlantılar, ticarət, sənaye kooperasiyası və investisiya layihələri region ölkələrinin maraqlarını getdikcə daha sıx şəkildə birləşdirir. Qlobal ticarət marşrutlarının dəyişdiyi, alternativ logistika xətlərinə tələbatın artdığı bir dövrdə Azərbaycan və Mərkəzi Asiya dövlətləri qarşılıqlı fəaliyyətlərini məhz bu yeni reallıqlara uyğun qururlar. Bu əməkdaşlıq təkcə iqtisadi dividendlər gətirmir, eyni zamanda regionun beynəlxalq əhəmiyyətini də artırır", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın artıq Mərkəzi Asiya dövlət başçılarının məşvərət formatında tamhüquqlu iştirak etməsi də əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərən mühüm hadisədir.
"Bu status Bakının regionun gələcək inkişafı ilə bağlı qərarların qəbulunda birbaşa iştirakını təmin edir və tərəfdaşlığın uzunmüddətli xarakter aldığını nümayiş etdirir. Çolpon-Atada imzalanan Bəyannamə də əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən siyasi sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə nəqliyyat, ticarət, sənaye, yaşıl enerji, rəqəmsal texnologiyalar və investisiya sahələrində yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.
Bütün bunlar göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlər artıq ayrı-ayrı layihələrdən ibarət deyil. Formalaşan strateji tərəfdaşlıq modeli regionun iqtisadi inteqrasiyasını sürətləndirir, Avrasiya məkanında yeni əməkdaşlıq arxitekturasının yaranmasına töhfə verir və tərəflər üçün uzunmüddətli inkişaf imkanları açır", - politoloq əlavə edib.
