Azərbaycan manatının nominal və real effektiv məzənnəsi açıqlandı

İqtisadiyyat Materials 3 Avqust 2026 20:32 (UTC +04:00)
Azərbaycan manatının nominal və real effektiv məzənnəsi açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-i tarixinə Azərbaycan manatının xarici valyutalara nisbətdə ümumi nominal effektiv məzənnəsi 103,5 faiz bəndi təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamaya əsasən, bu göstərici aylıq ifadədə 1 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,9 faiz bəndi artıb.

Eyni zamanda, cari ilin 1 iyul tarixinə manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 173,8 faiz bəndi təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1,3 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,2 faiz bəndi artım deməkdir.

Bundan əlavə, 2026-cı ilin 1 iyul tarixinə manatın ümumi real effektiv məzənnəsi 115,2 faiz bəndi olub. Bu göstərici aylıq ifadədə 0,7 faiz bəndi artıb, illik ifadədə isə dəyişməyib.

Həmçinin hesabat dövründə qeyri-neft sektoru üzrə manatın real effektiv məzənnəsi 109,5 faiz bəndi təşkil edib ki, bu da aylıq ifadədə 0,2 faiz bəndi artım, illik ifadədə isə 1,8 faiz bəndi azalma deməkdir.

Manatın məzənnəsindəki dinamika pul dövriyyəsi göstəricilərində də öz əksini tapır. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin iyulun 1-nə milli valyutanın dövretmə sürəti 3,02 bənd təşkil edib. Bu göstərici iyunun 1-i ilə müqayisədə 0,06 bənd və ya 2,03 faiz artsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 0,35 bənd və ya 10,4 faiz azalıb.

Müqayisə üçün qeyd edək ki, bu ilin iyunun 1-nə manatın dövretmə sürəti 2,96 bənd, 2025-ci ilin iyulun 1-nə isə 3,37 bənd olub. AMB-nin statistikasına əsasən, son 17 ildə bu göstəricinin ən aşağı səviyyəsi 2015-ci ilin yanvarında 2,68 bənd, ən yüksək səviyyəsi isə 2005-ci ildə 15,72 bənd qeydə alınıb.

AMB sədri Taleh Kazımovun sözlərinə görə, manatın möhkəmlənməsi və valyuta bazarında müşahidə olunan proseslər bir neçə amillə bağlıdır: “Nağd valyuta bazarında dolları əsasən fiziki şəxslər satır, eyni zamanda manat əmanətlərinin həcmi və unikal əmanətçilərin sayı artmaqda davam edir. İdxalın azalması xarici valyutaya tələbi zəiflədir, manatın ticarət tərəfdaşlarının valyutalarına qarşı möhkəmlənməsi isə idxal olunan inflyasiyanın azalmasına şərait yaradır”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti