Qlobal LNG ticarəti iyunda azalıb

Energetika Materials 4 Avqust 2026 11:56 (UTC +04:00)
Qlobal LNG ticarəti iyunda azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin iyun ayında qlobal mayeləşdirilmiş təbii qaz (LNG) idxalı illik müqayisədə 2,9% və ya 0,99 milyon ton azalaraq 33,36 milyon tona düşüb.

Bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) aylıq hesabatında bildirilir.

Hesabata əsasən, qlobal LNG idxalındakı azalma əsasən Avropada idxal həcmlərinin aşağı düşməsi ilə bağlı olub. Asiya, eləcə də Yaxın Şərq və Afrika (MEA) regionunda idxalın artması isə bu azalmanı qismən kompensasiya edib. GECF qeyd edir ki, bazarda müşahidə olunan zəifləmə Yaxın Şərqdəki münaqişə fonunda Hörmüz boğazından LNG daşımalarına tətbiq olunan məhdudiyyətlərin qlobal təklifə mənfi təsiri ilə əlaqədardır.

Bununla belə, 2026-cı ilin yanvar–iyun aylarında qlobal LNG idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% və ya 2,39 milyon ton artaraq 215,64 milyon tona çatıb. Artım əsasən Yaxın Şərq və Afrika regionunda idxalın yüksəlməsi hesabına təmin olunub.

Qlobal LNG ixracı da iyun ayında illik ifadədə 0,5% və ya 0,17 milyon ton azalaraq 33,58 milyon ton təşkil edib. GECF bunun da əsas səbəbi kimi Hörmüz boğazında davam edən məhdudiyyətləri göstərir. Bununla yanaşı, GECF üzvü olmayan ölkələrin ixracındakı artım təşkilata üzv ölkələrdən ixracın azalmasını və təkrar ixracın zəifləməsini demək olar ki, tam kompensasiya edib.

İyun ayında ABŞ, Avstraliya və Rusiya dünyanın ən iri LNG ixracatçıları olub. Nəticədə, GECF-ə üzv olmayan ölkələrin qlobal LNG təklifində payı ötən ilin iyunundakı 52,9%-dən bu ilin eyni ayında 67,8%-ə yüksəlib. Eyni dövrdə GECF üzvlərinin bazar payı 32%-ə, təkrar ixracın payı isə cəmi 0,2%-ə enib.

İlin ilk altı ayında qlobal LNG ixracı da müsbət dinamika nümayiş etdirərək illik müqayisədə 1,3% və ya 2,8 milyon ton artaraq 214,37 milyon tona çatıb. Bu artım əsasən GECF-ə üzv olmayan ölkələrdən ixracın yüksəlməsi hesabına təmin edilib.

Hesabatda qeyd olunur ki, qlobal LNG-nin təkrar ixracı iyun ayında 68% azalaraq son illərin ən aşağı səviyyəsi olan 0,07 milyon tona düşüb. Buna əsas səbəb kimi Çili və İndoneziyada təkrar ixrac əməliyyatlarının kəskin azalması göstərilib. Bununla belə, yanvar–iyun aylarında təkrar ixrac ümumilikdə 4,5% artaraq 1,95 milyon tona yüksəlib. Bu artım əsasən Çindən həyata keçirilən təkrar ixrac hesabına mümkün olub.

Hesabatda eyni zamanda qeyd edilir ki, iyun ayında dünya üzrə LNG daşımalarının sayı əvvəlki ayla müqayisədə 13 reys artaraq 508 yük partiyasına çatıb ki, bu da illik müqayisədə 1% çoxdur. Yanvar–iyun aylarında ümumilikdə 3 192 LNG yükü daşınıb. Bu dövrdə GECF qlobal LNG daşımalarında 38%-lik bazar payını qoruyub. Təşkilat daxilində ən böyük ixracatçılar Malayziya, Rusiya və Qətər olub.

İlin əvvəlindən etibarən LNG yükdaşımalarının sayında ən böyük artım ABŞ (+166 yük) və Nigeriyada (+33 yük) qeydə alınıb. Faiz ifadəsində isə ən yüksək artım Konqo Respublikası və Misirdə müşahidə olunub. Hər iki ölkədə LNG yükdaşımalarının sayı 200% artıb.

GECF həmçinin bildirir ki, iyun ayında LNG tankerlərinin spot fraxt bazarı ümumilikdə sabit qalıb. TFDE tipli LNG daşıyıcıları üzrə orta gündəlik fraxt dərəcəsi əvvəlki ayla müqayisədə 1% artaraq 60,7 min ABŞ dollarına, iki taktlı mühərrikli gəmilər üzrə isə 3% artaraq 87,4 min ABŞ dollarına yüksəlib. Buxar turbinli LNG daşıyıcılarının orta gündəlik fraxt dərəcəsi isə aylıq müqayisədə 12% artaraq 28,1 min ABŞ dolları təşkil edib.

Hesabat müəlliflərinin qiymətləndirməsinə görə, iyun ayında bazarda müsbət əhval-ruhiyyə əsasən Yaxın Şərqdə əldə olunan çərçivə sülh razılaşması və Hörmüz boğazının yenidən açılacağına dair gözləntilərlə bağlı olub. Bu amillər Qətər və BƏƏ-dən Asiya bazarlarına LNG tədarükünün bərpası perspektivlərini gücləndirib. Bununla yanaşı, ayın sonuna doğru Yaxın Şərqdən daha qısa marşrutlu tədarüklərin gözlənilməsi ABŞ Körfəzindən uzaq məsafəli daşımaların iqtisadi cəlbediciliyini azaldıb və spot fraxt tariflərinin müəyyən qədər aşağı düşməsinə səbəb olub.

Hesabata əsasən, iyun ayında gəmi yanacağının orta qiyməti bir ton üçün 680 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 15% azdır. Bunun nəticəsində LNG daşımalarının spot nəqliyyat xərcləri bəzi marşrutlar üzrə 0,18 ABŞ dolları/MMBtu qədər azalsa da, illik müqayisədə yanacaq, fraxt və LNG qiymətlərinin yüksək qalması səbəbindən daşınma xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə bəzi istiqamətlərdə 0,95 ABŞ dolları/MMBtu daha yüksək olub.

Qeyd edək ki, Qaz İxrac edən Ölkələr Forumu (GECF) dünyanın aparıcı qaz ixracatçılarını birləşdirən hökumətlərarası təşkilatdır. Təşkilata 12 tamhüquqlu və 8 müşahidəçi olmaqla ümumilikdə 20 ölkə daxildir. Azərbaycan GECF-də müşahidəçi ölkə statusuna malikdir. Forumun aylıq qaz bazarı hesabatında qlobal iqtisadiyyat, qaz istehlakı və hasilatı, boru kəməri və LNG ticarəti, qaz anbarları, eləcə də enerji qiymətlərinə dair qısamüddətli bazar tendensiyaları təhlil edilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti