Bakı.Trend:
Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) tapşırığı ilə dövlətə məxsus "Çestnıy znak" məhsul nişanlama sistemi Ermənistanda istehsal edilmiş 70 mindən çox butulka içməli su və alkoqolsuz içkinin satışını dayandırıb.
Rusiya KİV-in məlumatına görə, Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzindən (QTİM) bildirilib ki, qərar məhsulların məcburi tələblərə uyğunluğunda pozuntular aşkar edildikdən sonra istehlakçıların həyat və sağlamlığına mümkün zərərin qarşısını almaq məqsədilə qəbul edilib.
Məhdudiyyətlər BJNI markalı müalicəvi-süfrə mineral suyunun, o cümlədən uşaq suyu da daxil olmaqla "Prosto Azbuka" təbii içməli suyunun, həmçinin DARBAS "Moxito" qazlı içkisinin müəyyən partiyalarına şamil edilib. Bununla yanaşı, QTİM vurğulayıb ki, qadağa yalnız konkret tarixlərdə istehsal olunmuş məhsullara aiddir və həmin istehsalçıların digər məhsullarını əhatə etmir.
