Bakı. Trend:
Hər il yay mövsümünün başlaması ilə insanların üz tutduğu çimərliklərdə boğulma halları yenidən gündəmdədir.
Bəs insanlar ən çox hansı səbəblərdən boğulur, risk faktorları nələrdir və faciələrin qarşısını almaq üçün nələrə diqqət edilməlidir?
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı il çimərlik mövsümü başlayandan bu günədək FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə ölüm faktı qeydə alınmayıb.
“Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində suda boğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib.
Bununla yanaşı, nazirliyin dalğıc-xilasediciləri tərəfindən nəzarətsiz, çimərlik kimi nəzərdə tutulmayan su hövzələrində batan 40 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”,- deyə nazirlikdən əlavə edilib.
Bəs ümumilikdə ölkədəki pulsuz ictimai çimərliklərdə vəziyyət necədir?
Dövlət Turizm Agentliyindən bildirilib ki, agentlik tərəfindən 2026-cı ildə 10 yeni ictimai çimərlikdə abadlıq işləri aparılıb. Yeni çimərliklərin 4-ü Novxanı və Coratda, 3-ü Şüvəlanda, 2-si Türkanda, 1-i isə Şıx ərazisində yerləşir. Bu çimərliklərin hər biri 3 hektar olmaqla, ümumilikdə 30 hektar ərazini əhatə edir.
“Yeni yaradılan ictimai çimərliklərdə vətəndaşların rahat istirahəti üçün zəruri infrastruktur formalaşdırılıb. Vətəndaşlar yalnız stol-stul və şezlonqların kirayəsinə görə ödəniş edirlər”,-deyə agentlikdən bildirilib.
Dövlət Turizm Agentliyindən əlavə edilib ki, Azərbaycanda 200-dən çox çimərlik fəaliyyət göstərir. Onlar əsasən Bakı, Sumqayıt, Xaçmaz, Lənkəran, Astara və Mingəçevir şəhərlərində yerləşir. Ümumilikdə ölkədəki çimərliklərin təxminən 80 faizi Bakı və Abşeron ərazisində yerləşir.
Nəzarət olunan çimərliklərə üstünlük verilməlidir
Təhlükəsizlik eksperti Elmar Nurəliyev mövzu ilə bağlı bildirib ki, vətəndaşlar ilk növbədə çimərlik seçiminə diqqət yetirməli, yalnız fəaliyyətinə rəsmi icazə verilən və xilasedicilərin növbə çəkdiyi çimərliklərdən istifadə etməlidirlər.
Onun sözlərinə görə, dənizin, çayların, göllərin, su anbarlarının, kanalların və digər su hövzələrinin çimmək üçün nəzərdə tutulmayan hissələrinə daxil olmaq insan həyatı üçün ciddi risk yaradır.
“Xəzərin 825 kilometrlik sahil xəttinin hər yeri çimmək üçün nəzərdə tutulmayıb. Yalnız fəaliyyətinə icazə verilən, çimərlik kimi təşkil edilən və xilasetmə xidməti fəaliyyət göstərən ərazilərdə çimmək təhlükəsizlik baxımından daha məqsədəuyğundur”.
Ekspert qeyd edib ki, çimərlikdə istirahət zamanı bir sıra həyati əhəmiyyət daşıyan təhlükəsizlik qaydalarına əməl edilməlidir.
“Əlverişsiz havada, xüsusilə küləyin sürəti saniyədə 10-12 metri keçdiyi zaman dənizə girmək olmaz. Üzmə sərhədlərini keçməmək, sahilə paralel üzmək, dərinliklərə doğru hərəkət etməmək və suda təhlükəli davranışlardan çəkinmək lazımdır”.
Elmar Nurəliyev spirtli içki qəbul etdikdən sonra suya girməyin də boğulma riskini əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb.
“Spirtli içkinin təsiri altında suya girmək olmaz. Həmçinin uşaqları istər dənizdə, istər hovuzlarda, istərsə də digər su hövzələrində bir an belə nəzarətsiz buraxmaq yolverilməzdir. Uşaqlar mütləq böyüklərin nəzarəti altında olmalıdır”.
Ekspertin sözlərinə görə, dünya statistikası da nəzarət olunan çimərliklərin daha təhlükəsiz olduğunu göstərir.
“Hər il dünyada 400 minə yaxın insan suda boğularaq həyatını itirir. Bu halların 95 faizdən çoxu nəzarətsiz çimərliklərin və çimmək üçün nəzərdə tutulmayan ərazilərin payına düşür. Azərbaycanda da Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti fəaliyyət göstərən çimərliklərində boğulma faktının qeydə alınmaması bir daha göstərir ki, rəsmi fəaliyyət göstərən çimərliklər daha təhlükəsizdir”.
Onun fikrincə, sadə təhlükəsizlik qaydalarına riayət etməklə çimərlikdə baş verən faciələrin böyük hissəsinin qarşısını almaq mümkündür.
