Bakı. Trend:
Azərbaycan İsveçrənin ATƏT-ə sədrliyi çərçivəsində müəyyən etdiyi prioritetləri dəstəkləyir və təşkilatın potensialından səmərəli istifadənin vacibliyini hesab edir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə bu gün Bakıda keçirilən birgə brifinqdə deyib.
Nazir bildirib ki, cari ilin yanvar ayından İsveçrə ATƏT-ə sədrlik edir və təşkilatın gündəliyində elm diplomatiyası, innovativ texnologiyalar, su ehtiyatlarının idarə olunması, enerji təhlükəsizliyi və rəqəmsal təhlükəsizlik kimi mühüm istiqamətlər yer alır.
“Biz bu prioritetləri alqışlayırıq. Hesab edirik ki, bu sahələr üzrə ATƏT məkanında əməkdaşlığın genişləndirilməsi iqtisadi artım və insanların rifahının yüksəldilməsi baxımından olduqca vacibdir”, – deyə C.Bayramov bildirib.
Nazir vurğulayıb ki, hazırda ATƏT məkanında mürəkkəb və qeyri-sabit təhlükəsizlik mühiti mövcuddur.
Onun sözlərinə görə, belə şəraitdə təşkilatın öz əhəmiyyətini qoruyub saxlaması üçün üzv dövlətlərin konsensus əsasında fəal əməkdaşlığı və ATƏT-in bütün mövcud imkanlarından istifadə olunması zəruridir.
“Azərbaycan bu prinsiplərə sadiqdir və bu istiqamətdə fəal fəaliyyətini davam etdirmək niyyətindədir”, – deyə C.Bayramov əlavə edib.
