Bakı. Trend:
Mina təhlükəsi Azərbaycanın postmünaqişə dövründə üzləşdiyi ən ağır humanitar problemlərdən biri olaraq qalır. Torpaqların işğaldan azad edilməsindən sonra ölkənin qarşısında yalnız şəhər və kəndlərin yenidən qurulması deyil, həmin ərazilərin insan həyatı üçün təhlükəsiz hala gətirilməsi kimi mürəkkəb və uzunmüddətli vəzifə dayanır. Məhz buna görə son illərdə Azərbaycan beynəlxalq platformalarda minatəmizləmə məsələsini təkcə milli təhlükəsizlik problemi kimi deyil, həm də regional inkişaf, insan hüquqları və davamlı sülh məsələsi kimi təqdim edir.
Bu baxımdan İsveçrənin Federal Şurasının üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Bakıya səfəri diqqətçəkən məqamlarla yadda qaldı. Birgə brifinq zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-dən məhz humanitar minatəmizləmə sahəsində daha fəal iştirak və konkret layihələr gözlədiyini açıq şəkildə bəyan etməsi, İsveçrə tərəfinin isə bu istiqamətdə malik olduğu təcrübəni ön plana çıxarması göstərdi ki, mina təhlükəsi artıq ikitərəfli münasibətlərin deyil, daha geniş beynəlxalq əməkdaşlığın gündəmindədir.

Əslində məsələ yalnız minaların təmizlənməsindən ibarət deyil. Minatəmizləmə işlərinin sürətlənməsi Böyük Qayıdış proqramının uğuru, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yeni nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi, investisiya mühitinin genişlənməsi və regionun iqtisadi inteqrasiyası üçün əsas şərtlərdən hesab olunur. Bu səbəbdən Azərbaycanın ATƏT-dən gözləntiləri təkcə siyasi dəstək deyil, praktiki layihələr, texnologiya, maliyyə və ekspert potensialının səfərbər edilməsinə yönəlib.
Mina təhlükəsi beynəlxalq gündəmdə saxlanılır
Azərbaycanın bu istiqamətdə çağırışları təkcə diplomatik görüşlərlə məhdudlaşmır. Xarici İşlər Nazirliyi yaydığı açıqlamada Xocavənd rayonunda daha bir mina partlayışı nəticəsində iki Azərbaycan vətəndaşının ağır yaralandığını bildirərək beynəlxalq ictimaiyyətə növbəti dəfə çağırış edib.
Nazirlik vurğulayıb ki, 2020-ci il Vətən müharibəsindən indiyədək Ermənistanın mina çirklənməsi nəticəsində 433 nəfər zərər çəkib. Bu statistika mina təhlükəsinin münaqişə başa çatdıqdan sonra da insanların həyatına təsir göstərməkdə davam etdiyini göstərir.

XİN bəyan edib ki, minaların yaratdığı humanitar fəsadlar davamlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün ciddi maneədir.
Açıqlamada qeyd olunub ki, “minalardan azad gələcəyin təmin olunması davamlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün vacib şərtdir”.
Nazirlik hesab edir ki, bunun üçün beynəlxalq ictimaiyyət tərəfindən humanitar minatəmizləmə fəaliyyətinə daha geniş dəstəyin göstərilməsi zəruridir.
Minatəmizləmə insan həyatının xilasına xidmət edən təxirəsalınmaz humanitar məsələdir
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, Ermənistan işğal dövründə Azərbaycan ərazilərində təxminən bir milyondan artıq mina basdırıb, minə yaxın şəhər və kənd dağıdılıb.
Deputatın sözlərinə görə, ilkin hesablamalara əsasən, Azərbaycana dəymiş zərər 150 milyard ABŞ dollarından çoxdur.
O bildirib ki, bu səbəbdən yenidənqurma, bərpa və xüsusilə minatəmizləmə sahəsində beynəlxalq dəstək təkcə ədalətin bərpasına deyil, həm də regionda davamlı sülhün möhkəmlənməsinə xidmət edir.
“Tamamilə humanitar xarakter daşıyan, insan həyatını xilas etməyə xidmət edən minatəmizləmə məsələsi xüsusilə təxirəsalınmazdır”, - deyə deputat vurğulayıb.

Q.Məmmədov qeyd edib ki, Azərbaycan bu məsələni BMT də daxil olmaqla bütün beynəlxalq platformalarda, həmçinin ikitərəfli görüşlərdə müntəzəm şəkildə gündəmə gətirir.
Onun sözlərinə görə, son dövrdə bir sıra beynəlxalq təşkilatlar da bu istiqamətdə Azərbaycanın mövqeyini dəstəkləyən sənədlər qəbul ediblər.
Deputat xatırladıb ki, 2025-ci ildə ATƏT Parlament Assambleyası Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma, bərpa və humanitar minatəmizləmə işlərinə beynəlxalq dəstəyin artırılması ilə bağlı çağırış edən sənəd qəbul edib.
Q.Məmmədov hesab edir ki, artıq həmin çağırışların praktiki nəticələrə çevrilməsi vacibdir.
“ATƏT-in iştirakçısı olan dövlətlərin Azərbaycana göstərdikləri yardımı artırmaları vacibdir. ATƏT-in fəaliyyətdə olan sədri də Parlament Assambleyasının çağırışlarını rəhbər tutaraq bu yardımların təşviqinə öz töhfəsini verə bilər”, - deyə deputat bildirib.
Onun fikrincə, bu yanaşma yalnız Azərbaycanın deyil, bütövlükdə regionun təhlükəsizliyi və münaqişədən sonrakı bərpa prosesi baxımından da mühüm əhəmiyyət daşıyır.
Mina təhlükəsi insan hüquqlarının təmin olunmasına maneə olaraq qalır
Mina təhlükəsinin yaratdığı humanitar fəsadlar yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda fundamental insan hüquqları probleminə çevrilib. Bu baxımdan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) yaydığı bəyanat mina təhlükəsinin insan həyatı və təhlükəsiz yaşayış hüququna təsirini bir daha gündəmə gətirib.
Bəyanatda Xocavənd rayonunda humanitar minatəmizləmə əməliyyatları zamanı özəl şirkətlərdən birinin əməkdaşının piyada əleyhinə minaya düşərək xəsarət alması ilə bağlı ciddi narahatlıq ifadə olunub.
Qeyd olunub ki, mina partlayışları insanların yaşamaq, sağlamlığın qorunması və təhlükəsiz mühitdə yaşamaq hüququnun həyata keçirilməsinə, həmçinin keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına ciddi maneə olaraq qalır.

Ombudsman Səbinə Əliyeva beynəlxalq ictimaiyyəti və aidiyyəti beynəlxalq təşkilatları Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə texniki, maliyyə və ekspert dəstəyini genişləndirməyə çağırıb.
Bəyanatda bir daha vurğulanıb ki, mina təhlükəsinin aradan qaldırılması insan hüquqlarının etibarlı təmin olunması, insanların həyat və sağlamlığının qorunması, eləcə də işğaldan azad edilmiş ərazilərin təhlükəsiz bərpası və məskunlaşması baxımından xüsusi əhəmiyyət daşıyır.
ATƏT üçün siyasi bəyanatlardan praktik layihələrə keçmək vaxtıdır
ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, humanitar minatəmizləmə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa siyasətinin əsas istiqamətlərindən biridir.
Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi yalnız insanların təhlükəsizliyi üçün deyil, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, keçmiş məcburi köçkünlərin qayıdışı, nəqliyyat və enerji infrastrukturunun bərpası, regional əməkdaşlığın genişlənməsi baxımından da strateji əhəmiyyət daşıyır.
O bildirib ki, məhz buna görə İqnasio Kassisin Bakıya səfəri zamanı humanitar minatəmizləmə məsələsinin əsas mövzulardan biri olması təsadüfi deyil.
Deputat bildirib ki, Ceyhun Bayramovun ATƏT-in mina təhlükəsinin aradan qaldırılması istiqamətində daha fəal və praktik iştirakına dair çağırışı mövcud reallıqdan irəli gəlir.
“Mina təhlükəsi bu gün işğaldan azad edilmiş ərazilərin bərpası qarşısında duran ən ciddi maneələrdən biridir”, - deyə deputat vurğulayıb.
Sevinc Fətəliyevanın sözlərinə görə, yaşayış məntəqələrinin yenidən qurulması, yolların, enerji və kommunikasiya xətlərinin çəkilməsi, kənd təsərrüfatının bərpası və insanların doğma torpaqlarına təhlükəsiz qayıdışı birbaşa minatəmizləmə prosesinin sürətindən asılıdır.
Deputat qeyd edib ki, ANAMA-nın məlumatına əsasən, cari ilin iyul ayının ortalarınadək 287 min hektardan artıq ərazi minalardan təmizlənib, 255 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Bununla belə, o bildirib ki, problemin miqyası hələ də böyük olaraq qalır və 2020-ci ildən bəri mina partlayışları nəticəsində 433 nəfərin həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması təhlükənin humanitar ölçülərini açıq şəkildə göstərir.

Sevinc Fətəliyeva bildirib ki, bu şəraitdə ATƏT-in fəaliyyətinin yalnız siyasi bəyanatlarla məhdudlaşmaması vacibdir.
“Söhbət konkret layihələrin həyata keçirilməsindən, əlavə maliyyə resurslarının səfərbər edilməsindən, müasir mina aşkarlama texnologiyalarının, pilotsuz sistemlərin, robotlaşdırılmış avadanlıqların, rəqəmsal xəritələşdirmə imkanlarının tətbiqindən, həmçinin mütəxəssis hazırlığı və qabaqcıl təcrübə mübadiləsindən gedir”, - deyə deputat bildirib.
O vurğulayıb ki, hazırda minatəmizləmə işlərinin əsas yükünü Azərbaycan daşıyır və bu prosesdə ANAMA ilə yanaşı Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar fəal iştirak edirlər.
Deputatın sözlərinə görə, Azərbaycan uzun müddətdir ATƏT platformalarında humanitar minatəmizləmə məsələsini ardıcıl şəkildə gündəmə gətirərək təşkilatın praktiki dəstək mexanizmlərinin genişləndirilməsini tələb edir.
Onun fikrincə, ATƏT-in prosesə daha fəal qoşulması işğaldan azad edilmiş ərazilərin bərpasını əhəmiyyətli dərəcədə sürətləndirə bilər.
“Minalardan təmizlənən hər bir ərazi yeni yaşayış məntəqələrinin salınmasına, sosial obyektlərin tikintisinə, investisiyaların cəlb edilməsinə və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına imkan yaradır”, - deyə deputat bildirib.
Sevinc Fətəliyeva əlavə edib ki, humanitar minatəmizləmə yalnız Azərbaycanın daxili bərpası üçün deyil, həm də regional iqtisadi inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Cənubi Qafqazın Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat məkanlarından birinə çevrildiyi şəraitdə Orta Dəhliz, yeni avtomobil və dəmir yolu xətləri, enerji və kommunikasiya layihələrinin təhlükəsiz icrası birbaşa minalardan təmizləmə işlərinin nəticələrindən asılıdır.
Deputat hesab qedy edib ki, ATƏT-ə üzv dövlətlərin malik olduqları müasir texnologiyalar, süni intellekt əsaslı həllər, pilotsuz uçuş aparatları, mühəndis texnikası və innovativ metodların Azərbaycana gətirilməsi ANAMA-nın fəaliyyətinin effektivliyini daha da artıracaq.
“Bu gün humanitar minatəmizləmə yalnız texniki məsələ deyil. Bu, insanların təhlükəsiz yaşamaq, doğma yurdlarına qayıtmaq və normal həyat qurmaq hüququnun təmin olunması ilə birbaşa bağlı olan humanitar məsələdir. ATƏT-in bu istiqamətdə daha fəal və praktik iştirakı təşkilatın Cənubi Qafqazda təhlükəsizlik və etimadın möhkəmləndirilməsinə real töhfə verə bilər”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.
ATƏT üçün yeni imtahan məhz Azərbaycanda başlayır
Azərbaycanın son illərdə beynəlxalq platformalarda səsləndirdiyi əsas mesaj ondan ibarətdir ki, postmünaqişə dövründə sülhün davamlı olması yalnız siyasi razılaşmalarla mümkün deyil. Müharibənin fiziki izləri aradan qaldırılmadan, insanların təhlükəsiz yaşayışı təmin edilmədən, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı tam reallaşmadan və iqtisadi həyat bərpa olunmadan dayanıqlı sülhdən danışmaq çətindir.
Məhz bu baxımdan Ceyhun Bayramovun ATƏT-dən konkret layihələr gözlədiyini bəyan etməsi, İqnasio Kassisin isə İsveçrənin humanitar minatəmizləmə sahəsində topladığı böyük təcrübəni və bu istiqamətdə əməkdaşlığa açıq olduğunu bildirməsi yeni imkanların yarandığını göstərir. İsveçrənin təkcə Ukraynada humanitar minatəmizləmə üçün 100 milyon İsveçrə frankı ayırması, onilliklərdir müxtəlif ölkələrdə bu sahədə fəaliyyət göstərməsi belə bir potensialın mövcud olduğunu nümayiş etdirir.

Əgər ATƏT Azərbaycanın çağırışına uyğun olaraq humanitar minatəmizləmə sahəsində konkret layihələrə başlayarsa, bu, təşkilatın Cənubi Qafqazda uzun illərdən sonra ilk real və ölçülə bilən fəaliyyət nümunələrindən biri ola bilər. Belə bir addım yalnız Azərbaycanın bərpa prosesinə deyil, bütövlükdə regionda etimadın möhkəmlənməsinə, nəqliyyat-kommunikasiya layihələrinin təhlükəsiz icrasına və uzunmüddətli sülhün dayanıqlılığına da mühüm töhfə verə bilər.
Bu mənada ATƏT üçün əsas məsələ artıq mina probleminin mövcudluğunu qəbul etmək deyil, həmin problemin həllində praktik iştirakını nümayiş etdirməkdir. Azərbaycanda humanitar minatəmizləmə sahəsində atılacaq konkret addımlar təşkilatın postmünaqişə dövründə effektivliyini göstərən ən mühüm göstəricilərdən birinə çevrilə bilər.
