Bakı. Trend:
Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani və ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı Vaşinqton və Tehran arasındakı gərginliyin azaldılması səylərini müzakirə ediblər.
Bu barədə Qətər əmirinin mətbuat xidməti xəbər verib.
Söhbət zamanı tərəflər son regional hadisələri, xüsusən də ABŞ ilə İran arasında gərginliyin azaldılması və mövqelərinin yaxınlaşması üçün atılan addımları müzakirə ediblər ki, bu da "böhranın davamlı diplomatik həllinə nail olmaq şansını artırır".
Qeyd edilib ki, D. Tramp Dohanın regionda təhlükəsizliyin gücləndirilməsi üçün diplomatik səyləri dəstəkləməkdə və tərəflər arasında dialoqun asanlaşdırılmasındakı rolunu yüksək qiymətləndirib. Öz növbəsində, Qətər əmiri dialoqun davam etdirilməsinin vacibliyini və bütün tərəflərin ABŞ-İran Anlaşma Memorandumunun həyata keçirilməsinə sadiq qalmasının vacibliyini vurğulayıb.
Qətər əmiri həmçinin gərginliyin qarşısını almağa yönəlmiş beynəlxalq təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb. Bundan əlavə, tərəflər regional və beynəlxalq məsələlərdə koordinasiyanın davam etdirilməsinin vacibliyini bir daha təsdiqlədilər.
