Bakı. Trend:
İsrail və ABŞ-nin fevralın 28-dən etibarən İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri yaralanan ABŞ hərbçilərinin ümumi sayı 687 nəfərə çatıb.
Bu barədə Pentaqonun ABŞ silahlı qüvvələrinin itkilərinə dair dərc etdiyi son məlumatlarda bildirilib.
Məlumata əsasən, fevralın sonunda İrana qarşı başlanmış "Epic Fury" ("Epik Qəzəb") əməliyyatı zamanı 417 ABŞ hərbçisi yaralanıb, 14-ü isə həlak olub. ABŞ rəsmiləri bu əməliyyatın başa çatdığını mayın 5-də elan ediblər.
Bununla yanaşı, Pentaqon iyulun 7-dən indiyədək xaricdə keçirilən əməliyyatlar zamanı qeydə alınan itkiləri ayrıca hesablayır. Əməliyyatların hansı ölkədə aparıldığı açıqlanmır. Dərc olunan məlumatlara əsasən, bu dövrdə 4 ABŞ hərbçisi həlak olub, daha 270 nəfər yaralanıb.