Bakı. Trend:
Hər 2-7 ildən-bir dünyanın müxtəlif bölgələrində hava şəraitinə ciddi təsir göstərən El-Nino hadisəsinin bu ilin yayında baş verəcəyi proqnozlaşdırılır. Bu dəfə jurnalistlər bunu super El Nino adlandırırlar. El-Nino hadisəsi iqlim, kənd təsərrüfatı və turzim sektoru üçün müəyyən təhlükələr yarada bilər.
Coğrafiya İnstitutunun Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Trend-ə açıqlamasında bildirib ki, El-Nino hadisəsi Sakit okeanın ekvatorial hissəsində suyun temperaturunun kəskin dəyişməsi ilə xarakterizə olunur.
Onun sözlərinə görə, bu zaman ən böyük təsirlər ekoloji mühitdə müşahidə edilir:
"Həmin təsirlər balıqlara, bitkilərə və ekvatora yaxın ərazilərdə, xüsusilə Kolumbiya, Ekvador və Peruda daha qabarıq şəkildə özünü göstərir.
Bu hadisənin Azərbaycanın ərazisinə təsirindən danışsaq, qeyd etmək lazımdır ki, iqlim proseslərinin yaranması və formalaşmasında əsas rolu okean-atmosfer qarşılıqlı təsirləri oynayır. Bu təsirlər nəticəsində atmosferə külli miqdarda yağıntı daxil olur və bu proseslər cənubdan şimala doğru hərəkət edən ekvatorial axınlarda özünü göstərir. Nəticədə yağıntıların miqdarı bəzi ərazilərdə artır, bəzilərində isə azalır. Xüsusilə El-Nino hadisəsi zamanı yağıntıların artması müşahidə olunur.
Bu zaman atmosferdə formalaşan siklon və antisiklonlar
ekvatorial zonalardan bizim ərazilərə doğru hərəkət etdikdə hava
şəraitində müəyyən dəyişikliklər baş verir. Bunun hansı səviyyədə
və hansı ərazilərdə özünü göstərəcəyi böyük coğrafi miqyaslarla
bağlıdır. Azərbaycan bu geniş ərazilər fonunda kiçik bir sahə
tutduğundan təsirlərin dəqiq ölçülməsi çətindir. Bununla belə,
həmin proseslərin ölkəmizə müəyyən təsirlərinin olması qaçılmazdır.
Azərbaycanda son dövrlərdə müşahidə olunan bəzi hava dəyişiklikləri
də bununla əlaqəli ola bilər.
Lakin bizim əraziyə təsir edən əsas siklon və antisiklonlar Xəzər
dənizi hövzəsinə Şimali Atlantika üzərindən daxil olur. Elmi
araşdırmalar göstərir ki, həmin sistemlərin gətirdiyi yağıntılarla
El-Nino kimi proseslər arasında müəyyən əlaqələr mövcuddur. Başqa
sözlə, uzaq ərazilərdə baş verən proseslər Xəzər dənizinin
səviyyəsinin dəyişməsində də müəyyən rol oynaya bilər".
Əmir Əliyev qeyd edib ki, El-Nino hadisəsinin Azərbaycanın ekosistemlərinə və su ehtiyatlarına nə dərəcədə zərər vuracağını dəqiq müəyyən etmək mümkün deyil:
"Lakin 40–45-ci coğrafi enliklərdə yerləşən ərazilərə, o cümlədən Azərbaycana müəyyən təsirlərin olması qaçılmazdır. Ümumiyyətlə, təbiət hadisələrinin qarşısını qabaqlayıcı tədbirlərlə almaq mümkün deyil. Əsas məsələ onların statistikasını öyrənmək, baş verə biləcək təsirləri qiymətləndirmək və təsərrüfat sahələrini həmin dəyişikliklərə uyğunlaşdırmaqdır. El-Nino adətən 2–7 ildən bir baş verir. Buna görə də onu mütəmadi müşahidə olunan hadisə hesab etmək olmaz. Bununla belə, ümumi təsirləri hər zaman özünü göstərir".
O vurğulayıb ki, iqlim dedikdə, hava şəraitinin çoxillik, yəni təxminən 30 illik vəziyyəti nəzərdə tutulur:
"Əgər bu dövrdən kənara çıxan temperatur, yağıntı və ya külək dəyişiklikləri müşahidə olunursa, bu zaman iqlim dəyişikliklərindən danışmaq mümkündür. Bir 30 illik dövr digər 30 illik dövrlə müqayisədə fərqlənirsə, artıq iqlim dəyişikliyinin baş verdiyi qənaətinə gəlmək olar.
Gün və ya ay ərzində baş verən dəyişikliklər isə hava şəraitinin dəyişməsi hesab olunur. Diqqət yetirsəniz, hava proqnozları adətən üç günlük verilir və onların doğruluq səviyyəsi təxminən 80–85 faiz təşkil edir. Həftəlik proqnozlarda bu göstərici təxminən 50 faizə enir, on günlük proqnozlarda isə daha da aşağı olur. Yəni uzunmüddətli hava proqnozlarını yüksək dəqiqliklə vermək mümkün deyil. Nəzərə almaq lazımdır ki, bunlar təbii proseslərdir, həmişə mövcud olub və gələcəkdə də olacaq. Buna görə də təsərrüfat sahələrini, nəqliyyat sistemlərini, dəniz fəaliyyətini və digər sahələri bu proseslərə uyğunlaşdırmaq, yəni adaptasiya etmək vacibdir".
