Bakı.Trend:
Tarixi məlumatların rəqəmsallaşdırılması və kadr hazırlığı neft-qaz şirkətlərinin uğurlu rəqəmsal transformasiyası üçün əsas şərtlər olaraq qalır.
Trend xəbər verir ki, bu barədə “Bahar Energy Operating Company”nin istehsalat və texnologiyalar departamentinin direktoru Orxan Hüseynov 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel sessiyada bildirib.
Onun sözlərinə görə, şirkət hazırda istehsal proseslərinin rəqəmsallaşdırılmasına və ehtiyatların işlənilməsi səmərəliliyinin artırılmasına yönəlmiş genişmiqyaslı təşəbbüslər həyata keçirir.
“Bizim üçün əsas çağırışlardan biri məlumatlarla iş oldu. Hər hansı layihəyə başlamaq üçün qərarların qəbul edilməsinə və sonrakı fəaliyyətin qurulmasına əsas verən keyfiyyətli ilkin məlumat bazasına malik olmaq lazımdır”, – deyə o bildirib.
O.Hüseynov vurğulayıb ki, illər ərzində toplanmış materialların əhəmiyyətli hissəsi yalnız kağız şəklində mövcud olub.
“Bir çox məlumatlar kağız sənədlərdə, qeydlərdə və arxivlərdə saxlanılırdı. Rəqəmsal təşəbbüslərin həyata keçirilməsinə başlamazdan əvvəl bu məlumatlar kütləsini rəqəmsallaşdırmaq zərurəti yaranmışdı”, – deyə o qeyd edib.
Şirkət nümayəndəsinin sözlərinə görə, keyfiyyətli və strukturlaşdırılmış məlumat bazasının mövcudluğu müasir rəqəmsal həllərdən və ixtisaslaşmış proqram təminatından səmərəli istifadə üçün vacib şərtdir.
O qeyd edib ki, yeni texnologiyaların tətbiqində daha bir ciddi çağırış təşkilati məsələlərlə bağlı olub.
“Yeni həlləri tətbiq edərkən son istifadəçilərin hazırlığını təmin etmək son dərəcə vacibdir. Əməkdaşlar hər bir alətdən hansı nəticələri gözləməli olduqlarını, proqram təminatı ilə necə işləməyi və yeni məhsullardan maksimum səmərə ilə necə istifadə etməyi bilməlidirlər”, – deyə O.Hüseynov vurğulayıb.
