Bakı. Trend:
Bakıda keçirilən 31-ci Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji gündəmində tutduğu yerin və artan geoiqtisadi əhəmiyyətinin növbəti dəfə nümayişinə çevrildi. Dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəhbərlərini, enerji şirkətlərinin top-menecerlərini və investorları bir araya gətirən tədbir yalnız enerji sektoruna həsr olunmuş ənənəvi forum deyil, həm də qlobal enerji siyasətinin müzakirə olunduğu mühüm platforma kimi çıxış edir.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"46 ölkədən 276 şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsində səsləndirilən fikirlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil. Ölkə enerji təhlükəsizliyi, yaşıl enerji keçidi, beynəlxalq investisiyalar və regional əməkdaşlıq sahələrində formalaşan yeni geosiyasi reallıqların mühüm iştirakçısına çevrilib.
Azərbaycanın enerji uğurlarının təməli 1994-cü ildə imzalanmış və müasir ölkə tarixinin dönüş nöqtələrindən biri hesab olunan "Əsrin müqaviləsi" ilə qoyulub. Həmin dövrdə əsas məqsəd karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması və ölkəyə xarici investisiyaların cəlb edilməsi idi. Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi və TANAP kimi nəhəng layihələr Azərbaycanın enerji xəritəsindəki rolunu köklü şəkildə dəyişdi. Bu layihələr təkcə ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirmədi, həm də Azərbaycanı Avropa ilə Asiya arasında enerji körpüsünə çevirdi", - o bildirib.
Onun sözlərinə görə, bu gün ölkə yeni mərhələyə qədəm qoyur. Əgər əvvəllər əsas prioritet enerji resurslarının ixracı idisə, indi gündəlikdə enerji təhlükəsizliyi, yaşıl enerji, texnoloji innovasiyalar və yeni enerji bazarlarının formalaşdırılması kimi məsələlər dayanır.
"Bakı Enerji Həftəsinin açılışında çıxış edən Prezident İlham Əliyev bu gün Azərbaycanın iqtisadi fəaliyyətinin çox müsbət olduğunu qeyd etdi. Dövlət başçısı vurğuladı ki, aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. "Ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir" - dövlət başçısı qeyd edib. Bu fikir əslində Azərbaycanın son üç onillikdə keçdiyi inkişaf yolunun qısa xülasəsi kimi səslənir. Enerji gəlirləri hesabına ölkədə iri infrastruktur layihələri həyata keçirilib, nəqliyyat şəbəkələri genişləndirilib, sosial proqramlar maliyyələşdirilib və strateji valyuta ehtiyatları formalaşdırılıb. Bu gün Azərbaycanın xarici borcunun ÜDM-də payının aşağı səviyyədə qalması və maliyyə ehtiyatlarının borcu dəfələrlə üstələməsi də həyata keçirilən siyasətin nəticəsi kimi qiymətləndirilir", - o bildirib.
A.Qarayev qeyd edib ki, son illərdə dünyada baş verən geosiyasi proseslər enerji təhlükəsizliyi məsələsini yenidən beynəlxalq gündəliyin əsas mövzularından birinə çevirib. Xüsusilə Avropa ölkələri enerji mənbələrinin şaxələndirilməsinə daha çox diqqət ayırmağa başlayıblar.
"Məhz bu şəraitdə Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin açıqladığı rəqəmlər bunu bir daha təsdiqləyir. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı son bir ildə 12-dən 16-ya yüksəlib. Bu ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın artıq regional deyil, qitə miqyasında enerji təhlükəsizliyinin vacib iştirakçılarından biri olduğunu göstərir. Prezident çıxışında ölkənin enerji potensialının uzunmüddətli perspektivlər üçün kifayət etdiyini də vurğulayıb: "Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir". Bu bəyanat Azərbaycan qazının Avropa bazarındakı mövqeyinin gələcəkdə də güclənəcəyinə dair mühüm siqnaldır", - o bildirib.
Politoloq vurğulayıb ki, Bakı Enerji Həftəsinin ən diqqətçəkən hadisələrindən biri “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanılması oldu.
"Uzun illər ərzində Azərbaycanın əsas neft layihəsi kimi tanınan AÇG bu gün artıq qaz hasilatı baxımından da yeni imkanlar yaradır. Bu, həm ölkənin ixrac potensialını artırır, həm də mövcud enerji infrastrukturunun daha səmərəli istifadəsinə şərait yaradır. Yeni qaz həcmləri Azərbaycanın Avropaya tədarük imkanlarını genişləndirə, eyni zamanda gələcək enerji layihələri üçün əlavə baza formalaşdıra bilər. AÇG layihəsində başlanan yeni mərhələ Azərbaycanın enerji sektorunun uzunmüddətli inkişaf strategiyasının mühüm hissəsini təşkil edir", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, Bakı Enerji Həftəsinin beynəlxalq nüfuzu tədbir münasibətilə göndərilən yüksək səviyyəli müraciətlərdə də öz əksini tapdı.
"ABŞ Prezidenti Donald Tramp müraciətində Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirərək ölkənin region üçün strateji əhəmiyyət daşıdığını vurğuladı. O, Vaşinqtonun Bakı ilə enerji əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu qeyd etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Azərbaycan və Türkiyə arasında enerji sahəsində qurulan strateji tərəfdaşlığın regionun enerji xəritəsini dəyişdiyini bildirdi. O, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələrin yalnız iki ölkə üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Böyük Britaniyanın Baş naziri Kir Starmer də müraciətində Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl enerji sahəsində artan roluna diqqət çəkdi. O, ölkənin bərpaolunan enerji layihələrinə yatırdığı investisiyaların beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaratdığını qeyd etdi. ABŞ, Türkiyə və Böyük Britaniya liderlərinin Bakı Enerji Həftəsinə xüsusi müraciətlər ünvanlaması forumun təkcə regional deyil, qlobal miqyasda diqqət mərkəzində olduğunu nümayiş etdirdi", - politoloq bildirib.
A.Qarayev qeyd edib ki, tədbir çərçivəsində ən çox müzakirə olunan mövzulardan biri də yaşıl enerjidir.
"Azərbaycan son illərdə bərpaolunan enerji sahəsində genişmiqyaslı layihələr həyata keçirməyə başlayıb. Xəzər dənizinin zəngin külək potensialı, ölkənin günəş enerjisi imkanları və xarici investorların artan marağı bu istiqamətdə yeni perspektivlər açır. Prezident İlham Əliyevin sözlərinə görə, gələn ilin sonuna qədər ölkədə günəş və külək enerjisi üzrə istehsal gücünün 2 giqavata çatdırılması nəzərdə tutulur. 2032-ci ilə qədər isə bu göstəricinin 8 giqavata yüksəlməsi planlaşdırılır. Azərbaycan eyni zamanda Qara dəniz vasitəsilə Avropaya yaşıl enerji ixracını nəzərdə tutan beynəlxalq layihələr üzərində işləyir. Mərkəzi Asiya ölkələri ilə həyata keçirilən enerji təşəbbüsləri də bu strategiyanın tərkib hissəsidir. COP29-a ev sahibliyi etmiş ölkə kimi Azərbaycanın yaşıl enerji gündəliyinə xüsusi diqqət yetirməsi təsadüfi deyil. Bakı artıq özünü yalnız karbohidrogen istehsalçısı deyil, enerji keçidinin fəal iştirakçısı kimi təqdim edir", - o bildirib.
Politoloq hesab edir ki, Bakı Enerji Həftəsinin əsas nəticələrindən biri də imzalanan çoxsaylı əməkdaşlıq sənədləridir.
"SOCAR dünyanın aparıcı enerji və maliyyə şirkətləri ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq razılaşmaları əldə etdi. “Shell”, “Chevron”, “Comstock Resources”, “J.P. Morgan” və “Apollo Capital Management” kimi şirkətlərlə imzalanan sənədlər Azərbaycanın enerji sektoruna beynəlxalq marağın davam etdiyini göstərir. Abşeron yatağından qaz satışına dair yeni razılaşmalar, Serbiyada qaz-turbinli elektrik stansiyası layihəsi üzrə əməkdaşlıq, süni intellekt texnologiyalarının enerji sektorunda tətbiqi və beynəlxalq universitetlərlə tərəfdaşlıq haqqında sənədlər forumun praktik nəticələri sırasında yer aldı. Xüsusi diqqət çəkən istiqamətlərdən biri isə kritik minerallar və nadir torpaq elementləri üzrə əməkdaşlıq oldu. Bu sahə son illərdə qlobal iqtisadiyyatın ən strateji istiqamətlərindən biri hesab edilir. Azərbaycanın bu sahədə tərəfdaşlıqları genişləndirməsi ölkənin gələcəkdə enerji sektorundan kənarda da strateji əhəmiyyət daşıyan resurs bazarlarında rol oynamaq niyyətini göstərir", - o bildirib.
Onun sözlərinə görə, 31-ci Bakı Enerji Həftəsi göstərir ki, Azərbaycan artıq yalnız enerji istehsal edən və ixrac edən ölkə kimi qəbul edilmir. Ölkə enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat marşrutları, yaşıl enerji keçidi və yeni texnologiyalar sahəsində formalaşan proseslərin mühüm iştirakçılarından birinə çevrilib.
"Bu gün Bakı müxtəlif maraqların və tərəfdaşlıqların kəsişdiyi platforma rolunu oynayır. Burada yalnız enerji müqavilələri imzalanmır, həm də gələcəyin enerji xəritəsi ilə bağlı müzakirələr aparılır. Qlobal enerji bazarlarında qeyri-müəyyənliklərin davam etdiyi, enerji təhlükəsizliyinin beynəlxalq siyasətin əsas mövzularından biri olaraq qaldığı bir dövrdə Bakıdan verilən mesaj kifayət qədər aydındır: Azərbaycan etibarlı təchizatçı, strateji tərəfdaş və yeni enerji təşəbbüslərinin fəal müəlliflərindən biri kimi mövqeyini daha da gücləndirməyə davam edir", - politoloq əlavə edib.
