Bakı. Trend:
"Yaşıl enerji" inteqrasiyası regionda aşağı karbonlu sənayelərin inkişafını sürətləndirə bilər.
Trend xəbər verir ki, bunu Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.
O, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Avropa İttifaqı arasında bərpa olunan enerji sahəsində əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.
Panel müzakirələri zamanı Rəna Hümbətova regional yaşıl enerji bazarının formalaşdırılması üçün siyasətlərin uzlaşdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Avropa İttifaqı arasında inteqrasiya olunmuş bərpa olunan enerji bazarının yaradılması yalnız enerji infrastrukturunun inkişafı ilə deyil, həm də tənzimləyici çərçivələrin uyğunlaşdırılması, ortaq standartların tətbiqi və institusional əməkdaşlığın gücləndirilməsi ilə mümkündür.
Direktor müavini qeyd edib ki, sərhədlərarası elektrik enerjisi ticarətinin inkişafı üçün elektrik enerjisi bazarlarının qaydalarının harmonizasiyası, ötürücü şəbəkələrin birgə planlaşdırılması, interkonnektor layihələrinin koordinasiyası və etibarlı bərpa olunan enerji sertifikatlaşdırma sistemlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır.
Bu istiqamətdə Azərbaycanın mühüm addımlar atdığını vurğulayan Rəna Hümbətova xatırladıb ki, 2023-cü ildə Nazirlər Kabineti tərəfindən “Bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi üzrə mənşə sertifikatları sisteminin yaradılması Qaydası” təsdiq edilib: "Bu mexanizm bərpa olunan mənbələrdən istehsal olunan elektrik enerjisinin mənşəyinin istehsalçıdan son istehlakçıya qədər izlənilməsini təmin edir və Avropa bazarlarının dayanıqlılıq və karbon hesabatlılığı tələblərinə uyğunluğun nümayiş etdirilməsinə imkan yaradır".
Çıxışı zamanı Rəna Hümbətova bərpa olunan enerji inteqrasiyasının regionda aşağı karbonlu sənayelərin inkişafına verə biləcəyi töhfələrə də toxunub. O bildirib ki, Azərbaycanın bərpa olunan enerji üzrə quruda və dənizdə kifayət qədər yüksək texniki potensiala malikdir və bu potensialın səmərəli istifadəsi məqsədilə hazırda Çin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndisliyi İnstitutu tərəfindən ölkənin elektrik ötürücü şəbəkəsinin geniş təhlili aparılır və 2028-ci ildən sonrakı dövrdə bərpa olunan enerji güclərinin sistemə inteqrasiyası imkanları qiymətləndirilir.
Direktor müavininin sözlərinə görə, Xəzər regionu və Mərkəzi Asiyanın geniş günəş və külək resursları metallurgiya, kimya, sement, mədənçıxarma və emal sənayesi kimi sahələrin təmiz enerji ilə təmin olunmasına, karbon emissiyalarının azaldılmasına və uzunmüddətli perspektivdə istehsal xərclərinin optimallaşdırılmasına şərait yarada bilər.
Xüsusilə Avropa İttifaqının iqlim siyasəti və karbon tənzimləmə mexanizmlərinin gücləndiyi şəraitdə bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinə çıxış ixrac potensialının qorunması baxımından strateji əhəmiyyət daşıyır.
Rəna Hümbətova həmçinin vurğulayıb ki, regional yaşıl enerji inteqrasiyası yaşıl hidrogen, yaşıl ammonyak və Dayanıqlı Aviasiya Yanacağı (SAF) kimi aşağı karbonlu yanacaq növlərinin istehsalını sürətləndirə bilər.
"Azərbaycanın zəngin külək və günəş potensialı, həmçinin formalaşmaqda olan enerji dəhlizləri ölkənin həm istehsal, həm də tranzit mərkəzi kimi mövqeyini gücləndirə bilər.
Bərpa olunan enerji inteqrasiyası Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın şaxələndirilməsi, yeni texnologiyalar üzrə dəyər zəncirlərinin yaradılması, xarici investisiyaların cəlb edilməsi və yüksək ixtisaslı iş yerlərinin formalaşdırılması üçün mühüm imkanlar yaradır. Bu proses eyni zamanda region ölkələri ilə Avropa arasında texnoloji əməkdaşlığın və enerji təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcək", - deyə o qeyd edib.
