Bakı.Trend:
Süni intellekt, avtonom sistemlər və rəqəmsal modelləşdirmə neft-qaz əməliyyatlarının səmərəliliyini artırmaqla yanaşı, işçi heyəti üçün riskləri də əhəmiyyətli dərəcədə azalda bilər.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel sessiyada SLB şirkətinin təlim-tədris direktoru Leyda Monterrosa bildirib.
Onun sözlərinə görə, müasir rəqəmsal texnologiyalar artıq Yaxın Şərq, Şimali Amerika və Asiya da daxil olmaqla dünyanın müxtəlif regionlarında yüksək effektivlik nümayiş etdirir.
Monterrosa qeyd edib ki, yeni həllərin tətbiqi insidentlərin daha sürətlə aşkarlanmasına və potensial təhlükəli hadisələrə reaksiya müddətinin qısaldılmasına imkan verir.
“Biz aşkarlanan hadisələrin sayının artdığını və eyni zamanda insidentin baş verməsi ilə xəbərdarlıq siqnalının ötürülməsi arasındakı vaxtın azaldığını müşahidə edirik. Bu, təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.
SLB nümayəndəsinin sözlərinə görə, personalın hazırlanmasında rəqəmsal təlim platformaları və müxtəlif istehsalat ssenarilərinin modelləşdirilməsi mühüm rol oynayır.
