Bakı.Trend:
Ermənistan Rusiyanın bir sıra erməni mallarının idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda öz məhsullarının Avropa İttifaqı bazarına çıxışını daha fəal şəkildə təşviq etmək niyyətindədir.
Trend Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.
Onun sözlərinə görə, hökumət ixracatçıların dəstəklənməsi proqramı hazırlayıb. Proqram çərçivəsində kənd təsərrüfatı məhsullarının Aİ ölkələrinə tədarükü zamanı nəqliyyat xərclərinin subsidiyalaşdırılması nəzərdə tutulur. Papoyan qeyd edib ki, erməni meyvə və tərəvəzləri Global GAP sertifikatına malikdir ki, bu da onların Avropanın yüksək keyfiyyət standartlarına uyğun olmasına imkan verir.
Nazir vurğulayıb ki, ixrac demək olar ki, Yunanıstandan Almaniyayadək Avropa İttifaqının bütün ölkələrinə həyata keçirilə bilər. Bununla yanaşı, o bildirib ki, İrəvan məhdudiyyətlərin aradan qaldırılması məsələsi ilə bağlı Moskva ilə danışıqları davam etdirir və vəziyyətin yaxın zamanda tənzimlənəcəyinə ümid edir.
Xatırladaq ki, mayın 30-da Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) bildirib ki, Rusiya Ermənistandan bəzi giləmeyvə növləri və təzə tərəvəzlərin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlər siyahısına pomidor, xiyar, bibər, yaşıl göyərtilər və çiyələk daxildir.
